Prezident ilk gediş edib

Bakıda Şahmat Olimpiadasına start verilib
İlham Əliyev: “Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”


Dünən "Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
Dövlət başçısı əvvəlcə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov ilə görüşüb.

Bakı Olimpiadasında 175 ölkəni təmsil edən 181 kişi və 142 qadın komandanın 1600-dən çox üzvü, bundan əlavə, yüzlərlə komanda kapitanları və məşqçilər, digər rəsmi nümayəndələr iştirak edirlər. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Yarışları 193 hakim idarə edir. Yarışın idarə olunmasına Azərbaycandan 30 hakim cəlb edilib.

Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) edib.

Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur. Kişilərdən ibarət "Azərbaycan-1” komandası Zimbabve, "Azərbaycan-2” Mozambik, "Azərbaycan-3” isə Papua-Yeni Qvineya milliləri ilə qarşılaşacaq. Qadınların mübarizəsində isə "Azərbaycan-1” komandası Nikaraqua, "Azərbaycan-2” Yaponiya, "Azərbaycan-3” isə Lesoto yığması ilə üz-üzə gələcək.

Sonra dövlət başçısı yarışların keçirildiyi zala baxıb, şahmatçıların oyunlarını izləyib.

Prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Aleksandra Kostenyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) edib.

Azərbaycan prezidenti əlil şahmatçıların yarışına da baxıb, daha sonra arenada yaradılan şəraitlə tanış olub. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq. Olimpiada ilə yanaşı, sentyabrın 4-dən 13-dək Bakıda FIDE-nin 87-ci Konqresi və Baş Assambleyasının iclasları keçiriləcək.

Şahmat Olimpiadasını işıqlandırmaq üçün 250-dən çox yerli və xarici media nümayəndəsi qeydiyyatdan keçib.

"Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”. Bunu sentyabrın 2-də "Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilməsi ilə əlaqədar tədbirdə iştirak edən Prezident İlham Əliyev mətbuat nümayəndələrinə müsahibəsində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu tədbir Azərbaycanın tanıdılması baxımından çox əhəmiyyətlidir, bizim üçün böyük şərəfdir: "Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizi çox sevindirir. Şadam ki, bütün təşkilati məsələlər yüksək səviyyədə öz həllini tapıbdır. Dünən möhtəşəm açılış mərasimində bərabər iştirak edirdik, bu gün burada artıq yarışlar başlayıb”.

İlham Əliyev bildirib: "Əlbəttə, Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Əminəm ki, bütün qonaqlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıdacaqlar və Azərbaycan haqqında dünya şahmat ictimaiyyətinin daha da dolğun təəssüratı olacaqdır. Ona görə, bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda artıq mötəbər beynəlxalq yarışlar ənənəvi olaraq keçirilir. Avropa Oyunları, Şahmat Olimpiadası, "Formula-1” yarışı, gələn il İslam Həmrəyliyi Oyunları. Yəni, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”.