"Prezidentimizin hər zaman sosial qayğıya ehtiyacı olan ailələrə qayğısının şahidi olmuşuq" - Sosioloq



Dövlət siyasətinin əsas istiqamətlərindən birini Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi təşkil edir. Ölkə başçısı İlham Əliyevin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” imzaladığı Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin təzahürüdür.

Sərəncama əsasən, ünvanlı dövlət sosial yardım alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılacaq.

Əhalinin aztəminatlı hissəsi dövlətin sosial siyasətində həmişə diqqət mərkəzində olub. Prezidentin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncamı yürüdülən məqsədyönlü siyasətin tərkib hissəsidir və aztəminatlı ailələrin rifah halının yüksəldilməsinə xidmət edir.

Sosioloq Əhməd Qəşəmoğlu "Sherg.az”a açıqlamasında bildirib ki, ölkə başçısının imzaladığı sərəncam onun xalqımıza göstərdiyi dəstəyin və qayğının nümunəsidir: 

"Bayram qabağı belə bir yardımın ayrılması çox ailələri sevindirəcək. İstər yeni il, istərsə də digər bayramlar ərəfəsində, xüsusilə, uşaqlar olan evlərdə müəyyən ərzaqların alınmasına ehtiyac var. Bu zaman aztəminatlı ailələrdə daha çox problemlər yarana bilir.

Təəssüf ki, əvvəllər ölkədə aztəminatlı ailələrə ayrılan vəsaitin tamamilə çatdırılması zamanı neqativ hallar yaşanırdı. Çox arzulayıram ki, vəsaitlərin aztəminatlı ailələrə tam şəkildə verilməsi üçün bir mexanizm yaradılsın. Prezidentimizin hər zaman sosial qayğıya ehtiyacı olan ailələrə qayğısının şahidi olmuşuq. İmzalanan yeni sərəncam da bu qayğının sübutudur”.

Yeganə Bayramova