Prezidentin Amerika səfərindən gözləntilər...

Fikrət Sadıqov: “Əsas odur ki, biz bu meydançanı tam səmərəli və maraqlarımıza cavab verən nəticələrlə tərk edək”
Musa Qasımlı: “Prezidentin Nyu-Yorkda keçirdiyi və keçirəcəyi görüşlər böyük əhəmiyyət kəsb edir”

Elçin Mirzəbəyli: "Prezidentin bu səfəri ölkəmizin beynəlxalq nüfuzunun daha da
yüksəlməsinə xidmət edəcək” 



Sentyabrın 12-də start götürən BMT Baş Assambleyasının 72-ci sessiyası öz işini davam etdirir. Ayın 25-dək davam edəcək sessiyada ümumi dinləmələr keçiriləcək. Sessiya zamanı 160-a yaxın məsələnin müzakirəsi planlaşdırılır. Dövlət başçıları sessiyanın ümumi dinləmələr hissəsində çıxışlar edəcəklər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva da sessiyada iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarında səfərdədirlər. Dövlət başçısı Nyu-Yorka səfəri çərçivəsində ilk olaraq Amerika Yəhudi Təşkilatının, Dünya Yəhudi Konqresinin və Avrasiya Yəhudilərini dəstəkləyən Milli Koalisiyanın nümayəndələri ilə görüşüb. Görüşdə Amerika Yəhudi Təşkilatının baş icraçı direktoru Malkolm Honlayn Azərbaycan ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. 

O, Bakıda Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, Azərbaycanın müasir və sürətlə inkişaf edən bir ölkə kimi onlarda böyük təəssürat doğurduğunu bildirib. Honlayn Azərbaycan ilə ABŞ, eləcə də Azərbaycan ilə İsrail arasında yaxşı əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd edib. Prezident İlham Əliyev görüşdə iştirak edən yəhudi təşkilatları rəhbərlərinin bir çoxunun Azərbaycanda olduğunu vurğulayaraq, ölkəmizin əldə etdiyi nailiyyətlərdən onların məlumatlı olduğunu bildirib. 

Dövlət başçısı Azərbaycanda gedən inkişaf prosesləri barədə məlumatların yayılmasının önəmini vurğulayıb. Prezident Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini söyləyib və Azərbaycan-İsrail əlaqələrinin inkişafından məmnunluğunu dilə gətirib. Söhbət zamanı Amerika yəhudi təşkilatlarının rəhbərləri Azərbaycanda digər icmalar kimi, yəhudi icmasının da qarşılıqlı anlaşma və əmin-amanlıq şəraitində yaşaması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar Azərbaycanda sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə olduğunu deyiblər. Ölkəmizin multikulturalizm və tolerantlıq siyasətinə sadiqliyini yüksək qiymətləndiriblər.

Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, BMT Baş Assambleyasının sessiyaları hər il keçirilir və tədbirdə çox mühüm görüşlər keçirilir: 

"Dövlət başçıları əhəmiyyətli problemləri müzakirə edirlər. Bəzi dövlət başçıları iki ölkə arasında münasibətlərin genişlənməsi və bir sıra problemlərin müzakirəsi baxımından sessiyaya önəm verir. Azərbaycan Prezidenti də bir sıra aparıcı dövlətlərin rəhbərləri, baş nazirləri, digər ictimai-siyasi xadimlərlə görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq və digər məsələlər müzakirə olunacaq. Əminəm ki, maraqlarımıza cavab verən hansısa qərarlar qəbul olunacaq və razılaşmalar əldə ediləcək. Məlumdur ki, dövlət başçısı sessiyanın ümumi dinləmələr hissəsində çıxış edəcək və Azərbaycanın mövqeyini bildirəcək. Bunlar öz-özlüyündə, əlbəttə, Azərbaycanın maraqlarına cavab verən addımlardır. Ən əsası isə odur ki, biz bu meydançanı tam səmərəli və maraqlarımıza cavab verən nəticələrlə tərk edək”. 

Politoloq güman edir ki, Prezident İlham Əliyevin nitqində əsasən regionda baş verən hadisələr, regional təhlükəsizlik, Ermənistanın uzun müddətdir Azərbaycan torpaqlarını işğal altında saxlaması, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməməsi kimi məsələlərə diqqət yetiriləcək. 


Milli Məclisin deputatı Musa Qasımlı da bildirib ki,Prezidentin Nyu-Yorkda keçirdiyi və keçirəcəyi görüşlər böyük əhəmiyyət kəsb edir: 

"İlk növbədə Nyu-Yorkda yəhudi təşkilatlarının rəhbərləri ilə keçirilən görüş faydalıdır. BMT-də islahatların aparılmasına dair müzakirələrin də xeyirli olduğu qənaətindəyəm. Prezident hələ baş nazir vəzifəsində çalışarkən BMT-də etdiyi nitqində islahatların zəruriliyini vurğulamışdı”. 

Siyasi-şərhçi Elçin Mirzəbəyli də bəyan edib ki, Prezidentin səfəri bir neçə aspektdən önəm daşıyır. Onun sözlərinə görə, Azərbaycanla BMT əməkdaşlığı daha aktiv fazaya qədəm qoyub: 

"Azərbaycan Prezidenti BMT-nin bütün yüksək səviyyəli tədbirlərində çıxış edərkən təkcə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələləri deyil, dünyada baş verən bir çox problemləri dilə gətirir. Dövlət başçısı çıxışlarında eyni zamanda humanitar fəlakətlərin qarşısının alınması istiqamətində hansı mühüm addımlar atılmasının vacibliyini də xüsusi olaraq qeyd edir. Bu aspektdən hər belə tədbir Azərbaycan üçün həm ölkəmiz haqqında real mənzərəni dünyaya çatdırmaq imkanı verir, həm də Azərbaycan liderinin beynəlxalq müstəvidə baş verən problemlərin aradan qaldırılması istiqamətində proqram xarakterli tezislərinin dünya ictimaiyyətinə çatdırılmasına imkan yaradır. Prezidentin bu səfəri çox uğurlu olacaq, ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edəcək”. E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanla BMT arasında çox uğurlu əməkdaşlıq var: "Ölkəmiz faktiki olaraq BMT-nin bütün proqramlarında aktiv şəkildə iştirak edir. Azərbaycanda BMT-nin müxtəlif səpkili tədbirləri keçirilir. Ölkəmiz eyni zamanda bu təşkilatın fəaliyyətində ən aktiv olan üzvlərdən biridir. Təsadüfi deyil ki, məhz bu amil Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olmasına gətirib çıxarıb. Təşkilatla Azərbaycan arasında 2016-cı ildə mühüm əməkdaşlıq sazişi imzalanıb”.
İsmayıl