"Problemlər böyükdür" - Müsahibə
Rasim Musabəyov: "Amerikanın mövqeyi bizə bir az yaxındır"
Millət vəkili, politoloq Rasim Musabəyov "Sherg.az" müsahibə verib. Onunla son günlər Azərbaycana göstərilən xarici təzyiqlər, Dağlıq Qarabağ münaqişəsi, münaqişənin həllində Rusiya, ABŞ və İranın rolu, dünya birliyinin Ermənistanın işğalçı siyasətinə göz yumması, "ÜAK- ın ləğvinin təsdiqlənməsi və s. məsələlər ətrafında aparılan söhbəti oxuculara təqdim edirik.
-Son günlər Azərbaycana qarşı qərəzli xarakter daşıyan xarici təzyiqlər güclənib. Bunlar nədən irəli gəlir ?
- Çünki Azərbaycan daxili və xarici siyasətini müstəqil şəkildə aparır. Böyük dövlətlər də balaca dövlətlərin müstəqil qərar verməsini istəmir. Biz gedib hansısa ölkənin qabağında əl açıb dilənmirik. Yəni bəzən aparıcı dövlətlər kiçik ölkələri maliyyə və humanitar yardımlarla idarə edirlər. Onların diktəsi ilə oturub- durmayan müstəqil siyasət yürüdən ölkələrə qarşı isə media vasitəsilə təzyqilər həyata keçirirlər.
- Amma nədənsə bu təzyiqlər dünyanın bəlkə də, ən diktatorial rejimi olan Sarkisyan rejiminə və insan hüquq və azadlıqlarının ən kobud şəkildə pozulduğu ölkə olan Ermənistana tətbiq edilmir...
- Ermənilərin Avropa və Amerikada himayədarları var. Amerikada milyon yarım, Fransada 100 min, Rusiyada isə 2 milyon erməni yaşayır. Onların arasında hakimiyyətə yaxın insanlar mövcuddur. Onlar eyni zamanda seçicidirlər, seçkilər zamanı müəyyən yardımlar göstərirlər. Bu vasitə ilə də olduqları ölkələrdə hakimiyyət nümayəndələri ilə münasibət qururlar.
- 2017-ci ilin də sonuna yaxınlaşırıq. Amma bu il də Dağlıq Qatarabağ münaqişəsinin həllinə dair real addımların şahidi olmadıq. Növbəti il üçün gözləntiləriniz nədir ?
- Baxın, Gürcüstan, Ukrayna münaqişəni həll edə bildilərmi ? Bəlkə, Moldova həll etdi ? Heç biri... Deməli, problemlər böyükdür. O cümlədən şimal qonşumuz konfliktdən öz hakimiyyətini möhkəmləndirmək məqsədilə istifadə edir.
- 20 ildən artıqdır ki, gözləyirik və münaqişə ədalətli həllini tapmır. Daha nə qədər səbr etməliyik ?
- Sualımız deputatı qıcıqlandırdı və əsəbi halda sual verdi:
- Sən jurnalist və vətəndaş olaraq Dağlıq Qarabağı Ermənistana verməyə razısan ?
- Xeyr, qətiyyən !
-Heç kəs də verməz. İndi bizə imkan vermirlər ki, hərbi gücümüzdən istifadə edib, separatçıları öz torpaqlarımızdan çıxaraq. Əlac bir ona qalır ki, görək, sona kimi kimin əsəbi, iradəsi tab gətirəcək. Biz demişik ki, öz torpaqlarımızda ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bir qarış torpağımızı belə düşmənə güzəşt edəsi deyilik. Hər halda biz hərbi hazırlığımızı möhkəmləndiririk. Hərbi təlimlər keçiririk. Ermənistana olan təzyiqlərimizi bütün sferalarda gücləndiririk. Gözləyək, görək nə vaxta kimi, qabağımızda durmaq imkanları olacaq ? !
- Münaqişəyə dair ABŞ-ın mövqeyində hansısa dəyişikliklər varmı ?
-Amerikanın mövqeyi bizə bir az yaxındır. Vaşinqton bu vəziyyətin necə və kimlər tərəfindən yarandığını bilir. Eyni zamanda orada da güclü erməni lobbisi var. O lobbi ilə də ABŞ prezidenti və dövlət katibi hesablaşmalı olur.
- Özlərini Azərbaycanın din qardaşı adlandıran İran da həlledici məqamlarda Azərbaycanın haqq səsini dəstəkləmir. Əksinə düşmən dəyirmanına su tökür. Tarixən də bunun şahidi olmuşuq...
- İran Azərbaycanı güclü dövlət kimi görmək istəmir.
- Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apellyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb . Bu qərarı necə dəyərləndirirsiniz və bunun mənfi fəsadları olacaqmı ?
- Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi Rusiya-Azərbaycan münasibətlərinin ruhuna zidd qərardır və bu qərarın münasibətlərə mənfi təsiri olacaq. Rusiyanın öz oyuncaq təşkilatı - "AzərRos var. Nüfuzlu ziyalıların, insanların isə hamısı ÜAK-a üz tutub, əsas maliyyə imkanları da məhz ÜAK-da cəmlənir. "AzərRos” havada qalıb. Rusiyada diaspor təşkilatlarını daha çox Azərbaycana təsir etmək üçün düşünürlər, diasporun maraqlarının təmsil olunması o dərəcədə də maraqlandırmır. ÜAK-dan istədikləri kimi manipulyasiya edə, Azərbaycanın daxili işlərinə qarışmaq üçün istifadə edə bilmirdilər. İndi istəyirlər ÜAK-ı aradan götürsünlər ki, nüfuzlu insanlar da, maliyyə də öz oyuncaq təşkilatlarına yönəlsin. Onlar da lazım gələndə həmin təşkilatın nümayəndələrini televiziyaya çıxarıb, Azərbaycanın daxili işlərinə qarışmağa, istəyəndə Türkiyəni hədəf seçməyə nail olsunlar. ÜAK-ın qeydiyyatının ləğvində məqsəd budur”.
Bu təşkilatın bağlanmasının Rusiyada yaşayan azərbaycanlılara mənfi təsirləri olacaqmı ?
- Rusiyada 2 milyona qədər azərbaycanlı yaşayır. Ən azı 200 min azərbaycanlı Kremlə, Rusiya Ali Məhkəməsinə, Ədliyyə Nazirliyinə məktubla müraciət etməli, etirazlarını, şikayətlərini bildirməlidir. Rusiyada məmurlar hiss etməlidirlər ki, insanların hissləri ilə bu cür kobud formada oynamaq olmaz. Rusiyada yaşayan azərbaycanlılar sakit oturaraq Azərbaycan dövlətinin bütün məsələləri həll edəcəyini gözləyəcəklərsə, bu, düzgün deyil. Digər tərəfdən, Azərbaycanın müvafiq qurumları - parlament, Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası və Diasporla İş üzrə Dövlət Komitəsi öz xətti ilə bütün imkanları səfərbər etməli, Rusiyadakı tərəfdaşlara çatdırmalıdır ki, ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar Azərbaycanda çox mənfi qəbul edilib, məsələ belə qaldığı halda ikitərəfli münasibətlərə xələl gətirəcək”.
Söhbətləşdi: Ayyət ƏHMƏD