“Problemli kreditlərlə bağlı hökumət müəyyən addımlar atacaq”

Vüqar Bayramov: “Artıq baş nazirin müavini Əli Əhmədov da məsələyə toxunub”
“Nəzərə almaq lazımdır ki, bankların əsas istəyi müştərilərdən borcu geri almaqdır”


Ölkədə problemli kreditlərlə bağlı vəziyyət gərgin olaraq qalmaqdadır. Rəsmi rəqəmlərə görə, vaxtı keçmiş kreditlərin məbləği 1 milyard yarımı keçib. Əgər bank sektoruna dəstək olmazsa, problemli kreditlərin daha da artacağı proqnozlaşdırılır.

Problemli kreditlərin çoxalmasın son aylar yaranmış işsizliyə də öz təsirini göstərir. Əgər birinci devalvasiya əsasən banklara zərər vururdusa, ikinci devalvasiyanın yükü bütün əhalinin üzərinə düşür. Ekspertlərə görə, hazırda Azərbaycanda problemli kreditlərin idarə olunması ilə bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Problemi həll etmək üçün qanunlar təkmilləşdirilməlidir. Xatırladaq ki, Mərkəzi Bankın növbəti hərracında 24 banka 50 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Problemli kreditlərlə bağlı "Şərq”in suallarını İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov cavablandırıb.

- Vüqar bəy, problemli kreditləri azaltmaq üçün ən optimal variant nədir?

- Ötən müddət ərzində problemli kreditlərin həcmi azalmadı, əksinə, yüksəldi. Bunun da ən böyük səbəblərindən biri manatın devalvasiyası idi. Çünki dollarla kredit götürənlərin sonradan onu qaytarması ciddi çətinliklər yaradırdı. Mərkəzi Bank tərəfindən dollarla olan kreditlərin kompensasiya edilməsi məsələsi gündəmdə idi. Təəssüf ki, indiyə kimi bununla bağlı lazımi addım atılmadı. Proseslər göstərir ki, müvafiq addımların atılmasına böyük ehtiyac var. Fikrimcə, dollarla kredit götürən vətəndaşlarımız üçün kompensasiyanın verilməsi olduqca vacibdir. Bu həll variantı gündəmdən çıxmamalıdır. Artıq baş nazirin müavini Əli Əhmədov da məsələyə toxunub. Görünür, yaxın zamanda dövlət tərəfindən problemli kreditlərin həlli istiqamətində müəyyən addımlar atılacaq. Əsas məqsəd ondan ibarətdir ki, banklar verdiyi kreditləri geri ala bilsin. Mövcud problem ilk növbədə bank sektorunun özü üçün mənfi nəticə yaradır. Hər halda rəsmi mövqeni gözləmək lazımdır.

- Bir sıra banklar müştərilərinə möhlət verdilər və ödənişin vaxtını uzatdılar. Sizcə, bu cür müvəqqəti addımlarla problemi həll etmək mümkün olacaqmı?

- Təbii ki, bu cür addımların atılması vacibdir. Bank tərəfindən vaxtın uzadılması müştərilərin ödəniş qabiliyyətinə müəyyən mənada təsir göstərir. Nəzərə almaq lazımdır ki, bankların əsas istəyi müştərilərdən borcu geri almaqdır. Həll prosesində dövlətlə yanaşı, ən böyük missiya məhz bankların üzərinə düşür.

- Bəzi banklar problemli kreditlə bağlı məhkəmələrə üz tutur. Müştərilərin əmlakına həbs qoydurmaqla borclarını kompensasiya etməyə çalışırlar. Bankların bu yolu seçməsinə münasibətiniz necədir?

- Biz ümumiyyətlə, inzibati yollarla problemli kreditlərin həllinin tərəfdarı deyilik. Bu, arzuolunan deyil və istənilən nəticəni verə bilməz. Daha yaxşı olar ki, məsələ qeyri-inzibati üsullarla həllini tapsın. Bu zaman həm banklar, həm də borclu insanlar qazanar. Ona görə də çalışmaq lazımdır ki, banklar məhkəmə qərarlarına deyil, həvəsləndirici addımlara daha çox üstünlük versinlər. Banklara və müştərilərə stimulverici məsləhətlər verilməlidir.

- Problemli kreditlərin həll olunmadan qalması banklardan pul götürmək istəyən vətəndaşlar üçün də çətinlik yaradır. Banklarla əhali arasında etimadsızlıq mühitinin formalaşdığını demək olarmı?

- Əlbəttə, artıq vəziyyət o yerə gəlib çatıb. Ehtiyacı olan insanların kreditlə bağlı banklara müraciətini asanlaşdırmaq üçün problemli kreditlərin tezliklə həll olunması zəruridir. Əgər problem aradan qaldırılarsa, bank-vətəndaş münasibətləri yenidən normala dönər və banklar onlara üz tutan vətəndaşları geri çevirməz. Lakin problemli kreditlər artmaqda davam edərsə, banklar yenidən kredit verməkdə maraqlı olmayacaq.

- Qaytarılmayan kredit problemi ilə bir çox xarici ölkələr də üzləşib. Azərbaycan hansı ölkənin təcrübəsindən istifadə edərək problemi daha tez həll edə bilər?

- Bununla bağlı fərqli ölkələrin təcrübəsi var. Məsələn, Rusiyada problemli kreditləri olan bütün vətəndaşlar üçün ödəmə müddəti uzadıldı və vətəndaşlara 5 il müddətinə ödəmə imkanları verildi. Bu, çox diqqət çəkən metoddur və Azərbaycanda tətbiq edilməsinə ehtiyac var. O cümlədən Mərkəzi və Şərqi Avropa ölkələrində həyata keçirilən islahatları da ölkəmizdə reallaşdırmaq mümkündür. Həmin ölkələrdə problemli kreditlər dövlətlə banklar və ya banklarla vətəndaşlar arasında bölüşdürüldü və məsələ həllini tapdı.

İsmayıl