Professionallıq öndə olmalıdır

Ciddi KİV-lər sosial şəbəkələrin informasiyalarına arxalanmamalıdır
“Jurnalist xəbəri ilk mənbədən almamış və başqa mənbədən təsdiqlənməmiş verməməlidir”

Kütləvi informasiya vasitələri cəmiyyətin maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir. Ancaq bugünkü mərhələdə jurnalistikamızı qismən də olsa müasir texnologiyalar əvəz edir. Hətta feysbuk, tvitter, instaqram kimi şəbəkələrin jurnalistləri tənbəlləşdirdiyi də iddia olunur. Belə ki, dünyada sosial şəbəkə istifadəçilərinin sayı hər ötən gün çoxalır. Araşdırmalar göstərir ki, əksər istifadəçilər sosial şəbəkələrə məhz informasiya almaq məqsədilə daxil olur. Bu gün internetdəki sosial şəbəkələr xəbər yayımı baxımından artıq elektren media qurumları ilə rəqabət aparmağa iddialıdır.

Sosial şəbəkələr bütün dünyada müasir jurnalistikaya ciddi təsir göstərir. Özü də onlar təkcə nyusmeykerlərdən ("xəbər yaradanlardan”) və hadisə şahidlərindən alınmış eksklüziv informasiyanın operativ mənbəyi olaraq qalmır, həm də öz auditoriyasını formalaşdırma vasitəsi kimi böyük təsir gücünə malikdir.

Təkcə dünyada deyil, elə Azərbaycanda da. Müşahidələr də göstərir ki, sosial şəbəkələrdə yayılan informasiyalar həmin andaca artıq xəbər portalların lentlərində özünə yer tapır. Təbii ki, sosial şəbəkələrdə xəbər yüklü statuslar onu yazan istifadəçinin ictimai nüfuzundan asılıdır. Hətta bir çox hallarda qələm adamları da sosial şəbəkə fenomenlərinin zövqü ilə hesablaşmalı olur. Hər hansı bir istifadəçi ilə polemikaya girir və həmin mövzuya yazı həsr edərək çalışdığı media orqanında dərc edir. Xüsusən də şou yazarları gün ərzində müğənnilərin səhifələrini izləyib, onların paylaşdıqları şəkillər və ya fikirlərindən xəbər hazırlayırlar. Bəs, sosial şəbəkələrdə müzakirə olunan mövzuları saytlara daşımaq nə dərəcədə doğrudur? 

Peşəkar media orqanı bu yolla xəbər hazırlaya bilərmi? Qeyd edək ki, tvitter sosial şəbəkəsinin xəbər agentlikləri arasında məsul əlaqələndiricisi Coanna Gerinin sözügedən mövzu ilə bağlı maraqlı yanaşması var: Təmsil etdiyi qurumun xəbərçilik sahəsindəki operativliyindən bəhs edən Geri açıqlamalarının birində vurğulayıb ki, hadisə baş verən anda istənilən şəxsin onu çəkib sosial şəbəkəyə yerləşdirməsi xəbərin operativliyini müqayisəedilməz dərəcədə yüksəldir. Məhz bu mənada ənənəvi və onlayn media sosial şəbəkələrdən xeyli geri qalır. Elə buna görədir ki, artıq bütün xəbər agentlikləri nəinki öz xəbərlərini sosial mediada da yaymağa çalışır, həmçinin onu əhəmiyyətli xəbər qaynağı hesab edirlər. Təbii ki, bu da bəzi hallarda qeyri-səhih xəbərlərin də yayılmasına səbəb olur, lakin təəssüf ki, bu qaçılmazdır.

"Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev isə hesab edir ki, iki aspektdən sosial şəbəkələrdə yayılan informasiyanın etibarlılığı sual doğurur:

"Əvvəla, sosial şəbəkələrdəki paylaşımlarda şəxsi mövqe həddindən artıq çoxdur. Jurnalist faktında isə şəxsi mövqe yolverilməzdir. İkincisi isə söhbət faktlardan gedirsə, jurnalistikanın bir prinsipi var ki, informasiya ən azı 3 mənbədən dəqiqləşdirilməlidir. Sosial şəbəkələrdə isə bu imkanlar məhduddur”.
Ekspertin sözlərinə görə, mətbuatda sosial şəbəkələrdən əldə olunan məlumatların sayı artdığı yerdə əsl jurnalistika "ölür”: "Başa düşürəm ki, hazırkı situasiyada jurnalistlər sosial şəbəkələrsiz keçinə bilməz. Bir sıra hallarda rəylərin toplanması üçün çox ciddi mənbədir. Amma faktların toplanması üçün sosial şəbəkələrin ciddiliyinə ehtiyatla yanaşmağın tərəfdarıyam. Bunun üçün də başlıca şərt professional vicdan və professional qaydalardır. Bu elə bir problemdir ki, tənzimlənməsi üçün ayrıca qanun da qəbul oluna bilməz. Yeganə həll yolu professional prinsiplərdir”.

Sosial şəbəkələrin həyatımızın bir parçasına çevrildiyini vurğulayan Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadənin sözlərinə görə, ölkə əhalisinin böyük əksəriyyəti, xüsusilə, potensial oxucu hesab etdiyimiz təbəqə aktiv sosial şəbəkə iştirakçısıdır:

"Tanınmış şəxslərin sosial şəbəkələrə "ayaq açması” mətbuatın bu sferaya marağını artırıb. Sosial şəbəkələr vasitəsilə ünsiyyət daha əlçatandır. Bu baxımdan, jurnalistlərin sosial şəbəkə iştirakçıları ilə ünsiyyətə can atması, sosial şəbəkələrdə yer alan məlumatlara həvəs göstərməsi başadüşüləndir. Amma hər hansı bir ciddi KİV-in sosial şəbəkələrin bazasına arxalanıb, ayaqda qalması qeyri-mümkündür.
Sosial şəbəkələrdən götürülən məlumatlar süzgəcdən keçirilməli, saf-çürük edilməli, jurnalist əlinin zəhməti ilə səliqəyə salınmalıdır. Peşəkar jurnalist kimi bizim çalışdığımız redaksiyaların qarşısında müəyyən öhdəliklərimiz var, ancaq sosial şəbəkə iştirakçılarının bu cür öhdəliyi yoxdur. Yəni, jurnalistdən fərqli olaraq, sosial şəbəkə iştirakçısı heç kimin qarşısında məsuliyyət daşımır.
Buna görə də onun paylaşımlarına fakt kimi yanaşmaq olmaz. Jurnalistin vəzifəsi faktı dəqiqləşdirməkdir. Sosial şəbəkə iştirakçısının verdiyi məlumat bir neçə mənbədən dəqiqləşdiriləndən sonra ondan istifadə etmək olar.
Bəzən operativlik naminə faktın dəqiqləşdirilməsi arxa plana keçir. Peşəkarlığın ikinci plana keçməsi isə istənilən halda yolverilməzdir”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də sosial şəbəkələrin 21-ci əsrdə həyatımızın bir parçasına çevrildiyini qeyd edib: 

"Sosial şəbəkələrdə insanlar həm də öz problemlərini, eyni zamanda əldə etdikləri məlumatları paylaşırlar. Bəzən bu xəbərlərdən hansılarsa ictimai yük daşıyır. Əgər məlumatı yayan şəxs ciddi adamdırsa, saxta profil deyilsə və xəbərin doğruluğu təsdiqini tapırsa, bunu mediada dərc etmək, əlbəttə ki, yolveriləndir və həm də günümüzün tələbidir. Tutaq ki, əvvəllər bir partiya lideri, yaxud politoloq hansısa siyasi yüklü bəyanatı, açıqlamanı mətbuat konfransı keçirərək, yaxud da jurnalistin sorğusuna, sualına cavab olaraq ictimailəşdirirdisə, indi onun sosial şəbəkədə jurnalistlərin izlədiyi hesabı var və bütün məlumatları orada açıqlayır. Bu tamamilə normaldır. Yaxud da bir ucqar kənddə bir ictimai yüklü hadisə baş verib və həmin xəbəri o kənddə yaşayan bir sosial şəbəkə istifadəçisi yayıb. Medianın bundan istifadə etməsi tamamilə normaldır. Amma təbii ki, media təxribat xarakterli məlumatlarla da ehtiyatlı davranmalıdır”.

"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı isə sosial şəbəkələrlə medianın tamam başqa anlayış olduğunu deyib. Onun sözlərinə görə, orada yazılan hər hansı məlumatın KİV-də dərc olunması düzgün deyil, istisna yalnız rəsmi şəxslər və orqanlar ola bilər: 

"Bəzi ekspertlərin, ictimaiyyət üzvlərinin, siyasətçilərin yazdıqlarını xəbər kimi dərhal vermək olmaz. Ən azından özləri ilə dəqiqləşdirmək lazımdır. Səhifə ələ keçirilmiş ola bilər və dezinformasiya qoyulmuş ola bilər. Üstəlik, jurnalist xəbəri ilk mənbədən almamış və başqa mənbədən təsdiqlənməmiş verməməlidir”.

Sosial şəbəkələrin medianı qabaqlaması kimi iddiaları qəbul etməyən E.Bayramlı deyib ki, qeybət və müzakirə məkanı ilə peşəkar media arasında çox böyük var: 

"Cəbhədə baş verən son hadisələr zamanı bunu əyani gördük. Sosial şəbəkələrdə dezinformasiyalar baş alıb gedirdi, hansı ki 90 faizi də yalan çıxdı. Aprel döyüşləri zamanı feysbukçular Ermənistanın yarısını almışdılar, hətta bir neçə ölkə də köməyə gəlmişdi. Dediyim odur ki, informasiya məkanının əsas problemi sosial şəbəkə və messencer proqramlarıdır. Həmin vaxtlarda vatsapla elə məlumatlar yayılırdı adam məəttəl qalırdı. Məncə, qanun bir az daha sərtləşdirilməli və sosial şəbəkələrdə yalan, böhtan, şantaj və təxribat xarakterli dezinformasiyalar yayan şəxslər ciddi cəzalandırılmalıdır. Həmçinin də hərbi və dövlət sirrini yayanlar.
İnternet media orqanları qeydiyyatdan keçirilməli və onlar xüsusi nəzarət altında olmalıdır. Qeydiyyatdan keçməyənlərin fəaliyyəti bütün mümkün vasitələrlə dayandırılmalıdır. Əks halda, daha ciddi problemlərlə qarşılaşacağıq. Söz və mətbuat azadlığı anarxiya demək deyil”.

"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov isə hesab edir ki, artıq bütün dünyada olduğu kimi Azərbaycanda da sosial şəbəkələr media rolunu oynayır. Məhz bu səbəbdən də "sosial network” yox, "sosial media” adlanmağa başlayıb:

"Sosial şəbəkələrdə paylaşılan məlumatların dəqiqliyi yoxlanılmadan KİV-lərdə tirajlanması yolverilməzdir. Ancaq xəbərin düzgünlüyü təyin edilərsə, bundan istifadədə hər hansı bir qəbahət görmürəm. İctimai nüfuzlu şəxslərin paylaşdıqları hər hansı bir məlumatın dərhal KİV tərəfindən tirajlanması isə sadəcə bizdə yox, dünyanın hər yerində mövcuddur. Hətta bir çox siyasətçilər vacib açıqlamalarını bəzən mətbuat konfransı etmədən sosial şəbəkədəki hesablarından paylaşırlar. Xüsusən qərb ölkələrində bu hal getdikcə ənənəyə çevrilir.
Məsələnin müsbət tərəfi ondan ibarətdir ki, məlumatın operativ və sürətli yayılması baxımından bu, yaxşı haldır. Lakin bəzən dezinformasiyaların, yaxud təhlükəli olan məlumatların sosial şəbəkələrə sızdırılması, sürətli tirajlanma çox böyük problemlərə yol aça bilir. Məhz buna görə də, sosial şəbəkələrdəki məlumatlar bir çox hallarda sadəcə şayiə kimi qəbul edilməlidir. Yəni sosial şəbəkələr məlumat alınan, rəy formalaşdıran yer olmamalıdır. Yeganə etibarlı mənbələr KİV-lər hesab edilməli, bu, bütün sosial şəbəkə istifadəçilərinə aşılanmalıdır”.

Davamı olacaq...

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb