Provayderlər müştəriləri aldadır- DİQQƏT

Osman Gündüz:"Ümumiyyətlə, dünyada telefon xətləri vasitəsilə internetin istifadə edilməsi mövcud deyil"


Son günlər Azərbaycanda internetin sürəti ilə bağlı yaranan problemlərin bir neçə səbəbi var. 

Bunu Sherg.az-a ölkəmizdə internet zəifliyinin səbəblərini açıqlayarkən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. 

Onun sözlərinə görə, hava şəraiti ilə bağlı internetin keyfiyyətinin aşağı olması çətinlikləri daha da artırır :" 

"Həmçinin, günün pik saatlarında xüsusilə xətlərin yüklənməsi nəticəsində keyfiyyət daha da aşağı düşür. Bu məsələ infrastrukturun köhnəlməsi və sıradan çıxması ilə əlaqədardır. Telefon xətlərinin köhnəlməsi, təminatın zəifliyi normal təminetməni həyata keçirməyə imkan vermir. Ümumiyyətlə, dünyada telefon xətləri vasitəsilə internetin istifadə edilməsi demək olar ki, mövcud deyil. Lakin Azərbaycanda bu xidmətdən yararlanan kifayət qədər abunəçi var. Bu texnologiya artıq köhnəlib və yerini fiber optik internetə verib. Ən keyfiyyətli internet bu hesab olunduğundan istifadəçiləri də artır”.

O.Gündüz mövcud problemlə bağlı provayderlərin də günahını istisna etməyib: 

"Provayder gərək həmin xətlərlə normal internet göndərsin ki, müştəriyə də bir qədər keyfiyyətli internet çatsın. İnfrastruktur normal olduğu təqdirdə internetin sürətinin zəifliyi onu təmin edən qurumdan asılıdır. Provayderin internetin çəkisində aldatması məsələsi çox müşahidə edilir. İnternet istifadəçiləri ödədikləri məbləğə uyğun, müqavilədə göstərilən keyfiyyətdə interneti istifadə edə bilmir”.

Ekspert onu da əlavə edib ki, bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, anti-inhisarçı siyasət yürütməyə çalışan İqtisadiyyat Nazirliyinin müvafiq qurumunun da problemə ciddi yanaşmadığı aydın görünür. İnternetin qiyməti və sürət keyfiyyətinin yaxşılaşdırılması məsələsində ciddi nəzarət həyata keçirilməlidir.

Qeyd edək ki, son günlərdə ölkə ərazisində internet xidmətlərinin zəifliyi ilə əlaqədar sosial şəbəkələrdə abunəçilərin etirazları diqqət çəkir.

Aysel Aslan