“Psixoloji yardım haqqında” qanunda boşluqlar və qüsurlar var

Bu sahənin mütəxəssisləri narahatçılıqlarını dilə gətirdi



Azərbaycanda psixoloji yardım göstərən şəxslər üçün yeni tələblər qoyulacaq. Bu tələblər Milli Məclisə birinci oxunuş üçün təqdim edilən "Psixoloji yardım haqqında” qanun layihəsində öz əksini tapıb.

Yeni layihəyə əsasən, psixoloji yardım göstərən şəxslər dövrü olaraq 5 ildə bir dəfə Azərbaycan Psixoloqlar Şurasının müəyyən etdiyi qaydada tədrisə cəlb ediləcəklər.

Azərbaycan Psixoloqlar Şurası psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xdmətlə təmini, psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə yaradılacaq. İctimai əsaslarla fəaliyyət göstərəcək Şura yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji yardım göstərən dövlət orqanlarının nümayəndələrindən daxil olmaqla, 7 üzvdən ibarət olacaq.

Bununla yanaşı, klinik psixoloqlar peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə dövrü olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb ediləcəklər.

Yeni tələblərin qoyulması insanlara keyfiyyətli psixoloji yardımın verilməsində müsbət rol oynayacaq. Hazırda psixoloji xidmət göstərən şəxslərin sayı durmadan artmaqdadır. Bəzən öz ixtisası olmasa belə, psixoloq kimi fəaliyyət göstərənlərə də rast gəlirik. Lakin yeni qanun layihəsi bu cür məsələlərin tənzimlənməsi üçün nəzərdə tutulub. Görəsən, psixoloqlarımız bu barədə hansı fikirdədirlər?

Psixoloq Azad İsazadənin "Şərq”ə açıqlamasına görə, psixoloji fəaliyyəti tənzimləyən hansısa sənədin olması vacibdir. Ona görə də "Psixoloji yardım haqqında” qanunun qəbul edilməsi müsbət haldır: 

"Amma problem ondadır ki, bu gün bir çox sahələrlə bağlı müvafiq qurumlar fəaliyyət göstərir. Məsələn, müəllimləri və həkimləri götürək. Məlumdur ki, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi mövcuddur. Lakin psixoloqları birləşdirən, onların fəaliyyətini nəzarət altında saxlayan belə bir qurum yoxdur. Sözsüz ki, buna görə də kim necə bacarırsa, elə də fəaliyyət göstərir”.
A.İsazadə bildirib ki, yeni qanun layihəsi qəbul olunarsa, ilk növbədə psixoloqlar üçün yardımçı sənəd olmalıdır. Yəni, qanunda yalnız qadağalar öz əksini tapmalı deyil: "Düşünürəm ki, qanunda psixoloqlar üçün hansısa məsləhətlər, göstərişlər də qeyd edilməlidir. Ümumiyyətlə, belə bir qanunun qəbuluna real olaraq tələbat var”.

Psixoloq Elnur Rüstəmov isə düşünür ki, qanunda bir çox məsələlər öz əksini tapmayıb. Onun fikrincə, layihədə müəyyən məqamlara birtərəfli yanaşma var:

 "Qanun konkret olaraq "Psixoloji yardım haqqında”dır. Amma "Psixoloji xidmət haqqında” qanun olmalı idi. Çünki şərt deyil ki, psixoloqa müraciət edənlərin hansısa kliniki problemləri olsun. Ünsiyyət problemi olanlar, özünü inkişaf etdirmək istəyən şəxslər var ki, onlar da psixoloqa müraciət edirlər. Ona görə də çox yaxşı olardı ki, ilk növbədə bu məsələlər öz həllini tapsın”.

Psixoloqun sözlərinə görə, yeni layihədə daha çox kliniki psixoloqlara üstünlüklər verilir. Yaxşı olardı ki, sosial psixoloqlara da müəyyən yer ayrılsın: 

"Çünki psixologiya yalnız klinkiki psixologiyadan ibarət deyil. Sosial psixologiya, şəxsi psixologiya da var. Qanunun 21-ci maddəsində yazılıb ki, Azərbaycan Psixoloqlar Şurası, keyfiyyətli xidmətin verilməsi üçün psixoloji mərkəzləri koordinasiya etməlidir. Məsələn, Türkiyədə də belədir. Həmçinin psixoloji mərkəzdə hansı şəxslərin işləyə biləcəyi ilə bağlı tələblər də qanunda əks olunub. O zaman burada təhsil, təcrübə, keyfiyyətli xidmət nəzərə alınır. Məsələn, bir nəfər psixoloji mərkəz açır, kimisə dəvət edir və həmin şəxsə mərkəzi koordinasiya etməyi tapşırır. Yeni qanunda isə Psixoloqlar Şurası bu işlərin görülməsinə kömək etməlidir. Çünki işçilərin sertifikasiyadan keçirilməsi, məcburi təhsilə cəlb olunması kimi məsələlər öz əksini tapmalıdır”.

Keyfiyyətli psixoloji yardımın verilməsinin əsas amil olduğunu xatırladan psixoloq bildirib ki, bu gün informasiya əsrində yaşayırıq və hazırda psixoloji narahatlıq keçirən kifayət qədər insanlar var: 

"Bu, bir növ psixoloji xidmətin daha keyfiyyətli formada göstərilməsi məcburiyyətini ortaya qoyur. Orta və ali məktəblərdə, uşaq bağçalarında, özəl müəssisələrdə psixoloji xidmət var. Bu, böyük bir sahədir. Ona görə bu məsələlər yavaş-yavaş öz həllini tapacaq. Düşünürəm ki, qanun bir daha nəzərdən keçirilməlidir. Çatışmayan amillərə yenidən baxılmalıdır. Çünki qanunun 1.03-cü maddəsində "psixoloji yardım alan şəxs” ifadəsi yazılıb. 

Psixoloji yardım göstərən şəxs psixoloji yardım alan deyil. Həmçinin insanlar psixoloqa yalnız mürəkkəb psixoloji vəziyyətlərdə müraciət etmirlər. Özünü təkmilləşdirmək, dolğun yaşamaq istəyənlər, ünsiyyət problemi olanlar da psixoloji yardım alır. Ona görə də təklif kimi deyirəm ki, qanun "Psixoloji xidmət haqqında” qanun olaraq adlandırılsa, yaxşı olar”.

Yeganə Bayramova