Azərbaycan və İran arasında tranzit, energetika və sərhəd infrastrukturu müzakirə olundu

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiq arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb.

Müzakirələr zamanı tərəflər ikitərəfli münasibətlərin inkişaf dinamikasını yüksək qiymətləndirərək iqtisadi əlaqələrin, xüsusilə tranzit, energetika və sərhəd infrastrukturu sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçiriblər.

F.Sadiq qaz, elektrik enerjisi və nəqliyyat sahələri üzrə keçirilən ixtisaslaşdırılmış görüşlərə toxunaraq əldə olunmuş razılaşmaların icrası üçün birgə komitələrin yaradılması prosesinin sürətləndirilməsini istəyib.

İranlı nazir regional gərginliklərin nəqliyyat infrastrukturuna vurduğu zərərə diqqət çəkərək zədələnmiş marşrutların bərpasının və infrastruktur layihələrinin fasiləsiz davam etdirildiyini vurğulayıb. O, iki ölkə arasındakı münasibətlərin inkişafını dövlət başçılarının siyasi iradəsi ilə əlaqələndirib.

Öz növbəsində Ş.Mustafayev dəmir yolu layihələrinin gedişatından məmnunluğunu ifadə edib:

"Azərbaycan ərazisində Ağbənd məntəqəsinə qədər olan dəmir yolu xətti tamamlanıb. İran tərəfə düşən hissənin də yekunlaşması ilə bölgənin tranzit və logistika imkanlarında əhəmiyyətli artım müşahid olunacaq".

Azərbaycan Baş nazirinin müavini, həmçinin İranın tranzit dəhlizlərinin bərpası və fəallaşdırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. Danışıqların sonunda tərəflər regional sabitlik və inkişafın əsas amili kimi strateji-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini təsdiqləyiblər.