Psixoloq:"Uşağın damağına siqaret, qəlyan qoyub fotosessiya edirlər" - Şüuraltı təsir

Fərqanə Mehmanqızı:"Valideynlər uşaqlıq dövründə övladlarını belə tərbiyə edir, yeniyetməlik dövründə isə bunun əziyyətini çəkir"
Son zamanlar sosial şəbəkələrdə azyaşlı uşaqlarının fotosessiyalarını paylaşan valideynlərə çox rast gəlinir. Təəssüf ki, bu fotolar arasında uşaqların psixologiyasına, yaşına uyğun olmayan, xoşagəlməz şəkillər də yer alır. Məsələn, bəzən azyaşlı uşağın damağına siqaret və ya qəlyan qoyub onun fotosessiyasını edirlər. Şübhəsiz ki, yalnız fotostudiyalar deyil, valideynlər də mobil telefon və fotoaparatlarla çəkdikləri şəkillərdə belə xoşagəlməz hallara yol verirlər.
Məsələ ilə bağlı "Sherg.az"a danışan psixoloq Fərqanə Mehmanqızı qeyd edib ki, valideynlər özlərində çatışmayan məsələləri övladlarında tətbiq etməyə çalışırlar. 
O diqqətə çatdırıb ki, bu situasiyanın həm müsbət, həm də mənfi təsirləri var:
"Bu gün uşaqları böyüklər kimi, qəlyana, siqaretə, hətta danışığında söyüş söyməyə qədər yönləndirən valideynlər mövcuddur. Bununla sanki onlar özlərində olmadığı şüuraltı azadlığı övladlarına verməyə çalışırlar. Amma hər yaşın öz azadlıq, qavrama dərəcəsi olur. Əgər bir uşağa öz yaşında olmayan məlumatı, dərketməsinə uyğun olmayan şəkildə çatdıranda mənfi nəticələrə gətirib çıxaracaq.
Valideynlər uşaqlara deyirlər, "nə istəyirsən elə, arxanda mən dayanmışam”. Bu şəkildə uşağa dayaq durmaq yaxşıdır. Amma bunu yerində işlətmək lazımdır. Uşağa o şəraiti yaratmaq olmaz ki, kimə istəyirsən, nə istəyirsən edə bilərsən. Valideynlər uşaqlıq dövründə övladlarını belə tərbiyə edir, yeniyetməlik dövründə isə bunun əziyyətini çəkir. 
Uşaqlarının yeniyetməlik dövründə valideynlər belə ifadə işlədirlər: "çox sakit idi, mən heç bilmirdim ki, bu uşaq böyüyüb, mənfi istiqamətə yönlənəcək”. Əslində isə valideynlər də günahı az deyil. Uşaqları körpəliyindən böyüklər kimi geyindirirlər, qəribə görünən paltarların "içinə salırlar”. Bəzi uşaq şəkillərinə baxırsan, sanki böyük qadındır, kişidir kiçiltmisən. 3-4 yaşında uşağa dar ətək, qısa cins şort, böyüklərə xas formada geyimlər geyindirirlər. Uşaqlara bu cür münasibət doğru deyil".
Ötənlərdə maraqlı bir video izlədiyini söyləyən psixoloq həmin görüntüdəki diqqətçəkən məqamları ərz edib:
"Uşağın əlinə siqareti verib, bunu yumor obyekti kimi kameraya çəkmişdilər. Həqiqətən də, bu insanlar həmin addımı atdıqda nə düşünür, anlamıram”.
Uşaqların kitab oxuduğu yerdə hazırlanmış fotoların olmadığını qeyd edən F.Mehmanqızı sosial şəbəkələrdə və internetdə bu cür fotosessiyalar axtardığını vurğulayıb:
"Axtarıram ki, bayramlarda, Yeni ildə şaxta baba uşağa kitab hədiyyə edən yerdə çəkilmiş foto olsun. Novruz bayramında ana və balanın birlikdə şəkərbura, paxlava, qoğal hazırlamasını əks etdirən fotosessiyalar paylaşılsın. İnternetdə, sosial şəbəkələrdə bu cür şəkilləri tapa bilsəm, həqiqətən, mən də yayacağam. Amma belə şəkillər yoxdur. Xonça olacaq, milli geyimlər geyiniləcək, uşağın əlinə qəlyan veriləcək. Ya da ki, qızları, oğlanları "farmazon” geyindirib, şəkil çəkəcəklər.
Cəmiyyət belə addımlarla məhv olur və təəssüf ki, bunun adını azadlıq qoyurlar. Mentalitet ifadəsini səsləndirdikdə, çox adamda qıcıq yaranır. Əslində isə mentalitetimizin müsbət tərəflərinə sadiq olsaq, mənəviyyatımızı zənginləşdirsək, min avropalıdan daha müasir olarıq”.
Aysel Aslan