“Ölkəmizdə dinlə bağlı ciddi islahatlara ehtiyac duyulur”
Ötən günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə qurumun sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb.
Sədr bildirib ki, maliyyə vəsaitinin icmalara verilməsi ilə bağlı Qiymətləndirmə Komissiyası icmalar tərəfindən təqdim edilən layihələri müzakirə etdikdən sonra həmin layihələrə uyğun olaraq icmalara vəsaitin ayrılması barədə qərar qəbul edib. M.Qurbanlı onu da diqqətə çatdırıb ki, ayrılan maliyyə yardımının müvafiq icmalar tərəfindən yerlərdə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsinə, eləcə də dini radikalizmlə mübarizə istiqamətində sərf edilməlidir: "Hesab edirəm ki, icmalar tərəfindən layihələrin reallaşması radikalizmlə mübarizədə öz müsbət təsirini göstərəcək”.
Qərarı dəyərləndirən ilahiyyatçı-alim Elşad Miri deyib ki, dini icmalara pul ayırmaqla bu sahədə müsbət irəliləyişlərə nail olmaq mümkün görünmür: "İndiyə qədər Qafqaz Müsəlmanları İdarəsi
(QMİ) maarifləndirmə apardığını iddia edirdi. Amma ortada olan nəticə odur ki, onlar bu prosesi apara bilmədilər. Ona görə də dini icmalara yardımlar ayırmaqla bu məsələnin həllinə çalışırlar. Bununla belə mollalardan ibarət icmadan heç nə gözləmirəm. Çünki bu istiqamətdə köklü iş getməlidir. Baxın, hazırda respublikamızda regionların inkişafına dair plan hazırlanıb. Dini məsələlərə dair də plan tərtib olunmalıdır. Yəni sənə pulu verdim, get maarifləndirmə apar deməklə, iş bitmir. Sözün əsl mənasında 5-10 ilə hesablanmış planlar hazırlanmalıdır. Orada hansı işlərin görüləcəyi müəyyənləşməlidir. Yoxsa, mollalardan ibarət icmalarla heç nə edə bilməyəcəyik. Molla maarifləndirmə işi apara bilməz. Ümumiyyətlə, ölkəmizdə dinlə bağlı ciddi islahatlara ehtiyac duyulur. Bir daha qeyd edirəm ki, pul verməklə iş bitmir. Həmin pullar kimlərinsə cibinə gedəcək və kimlərsə onunla öz güzəranını yaxşılaşdıracaq. Düşünürəm ki, ölkəmizdə bu sahədə ciddi iş aparılmalıdır”.
Ayyət Əhməd