Putin Əsədin əlini tutmaqla nüfuzunu artırmaq istəyir

Kremlin Suriya Prezidentini siyasi cəhətdən reabilitasiya etdiyini də istisna etmək olmaz



Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Soçidə Suriya lideri Bəşər Əsədlə görüşüb. Putin və Əsəd Suriyadakı böhranı müzakirə ediblər. Kremlin məlumatına görə, Putin həmkarı Əsədi terrorçulara qarşı əldə etdiyi "zəfər” münasibətilə təbrik edib. Rejim başçısı Bəşər Əsəd isə öz növbəsində deyib ki, əgər Rusiya olmasaydı, radikal islamçıları məğlub etmək mümkün olmazdı.

İddialara görə, Bəşər Əsəd Rusiyaya Türkiyə üzərindən uçub. Dünya gündəmində müzakirə olunan məsələ ilə bağlı "Şərq”ə açıqlama verən politoloq Sədrəddin Soltan deyib ki, Bəşər Əsədin Soçi şəhərinə Türkiyə üzərindən uçaraq getməsini rəsmi Ankaranın mövqeyində dəyişikliyin olması kimi dəyərləndirmək mümkündür. Ancaq Rusiyanın Türkiyəni təyyarədəki yüklə bağlı yanlış məlumatlandırmasını da istisna etmək olmaz: 

"Bununla belə Soçi danışıqlarında terrorçu İŞİD istisna olmaqla Suriyadakı bütün tərəflərin iştirakı barədə razılıq var. Türkiyə daha çox terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD” və "YPG”nin iştirakına etiraz edirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran hökumətinin başçısı Həsən Ruhani arasında noyabrın 22-də keçirilən üçtərəfli danışıqlarda Bəşər Əsəd iştirak edə bilməzdi. Çünki rəsmi Ankara onu dövlət başçısı olaraq tanımır. Türkiyə Prezidenti Suriyada BMT-nin tanıdığı rəhbər Bəşər Əsədlə bağlı da danışıb. O bildirib ki, Əsəd hələ də yerində oturub: "Demokratik tələblərlə çıxış edən müxalifəti terrorçu adlandırılır. Çox söz söylənilib, çoxlu toplantılar keçirilib, ancaq Suriyada bir nəticə ortaya qoyulmayıb. Belədirsə, bu qədər qan niyə tökülüb? Demək ki, məsələ terrorla mübarizə, demokratiyanın bərpası, məzlumların hüquqlarının qorunması deyil. Biz qonşularımızın bu cür həmlələrinə biganə qalmayacağıq.

İŞİD terrorçularını təmizlədiyinizi deyirsiniz, amma silah yüklənmiş avtomobillər hələ də Suriyaya gedir”. 

Bu, Türkiyənin Soçi görüşü qabağı mövqeyidir. Başqa sözlə, Türkiyə Bəşər Əsədin siyasi hakimiyyətdə qalmasını istəmir. Terrorçu PKK-nın Suriyadakı qollarının fəaliyyətinə qarşıdır və onlara qarşı mübarizəsini davam etdirmək niyyətindədir”. 

Ekspertin sözlərinə görə, Rusiya əvvəllər də bəyan etmişdi ki, Əsəd əbədi hakimiyyətdə qalmayacaq: 

"Putin yenidən Bəşər Əsədin əlindən tutmaqla həm də beynəlxalq aləmdə öz nüfuzunu artırmaq istəyir. Rusiya çalışır ki, beynəlxalq məsələlərin hamısında maraqları təmin olunsun. Ona görə də Əsədlə son 2 ilə yaxın müddətdə Rusiyada iki dəfə görüşüb. Kremlin indiki yiyəsinin Əsədi siyasi cəhətdən reabilitasiya etdiyini də istisna etmək olmaz”.

İsmayıl