Putinin 200 milyard dollar sərvəti var

Böyük Britaniya Putin və onun yaxın ətrafının maliyyə sirlərini açıqlaya bilər




Ukraynaya dəhşət yaşadan Rusiyaya qarşı başladılan sanksiyaların dalğası getdikcə genişləndirilir. Belə ki, ABŞ hökuməti Ukraynada yaranmış vəziyyətlə əlaqədar daha bir neçə fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Məlumata görə, yeni sanksiya siyahısında Viktor Yanukoviçin prezidentliyi dövründə yüksək vəzifə tutmuş bəzi şəxslərin - sabiq baş nazir Nikolay Azarov, onun 1-ci müavini olmuş Sergey Arbuzov və sabiq səhiyyə naziri Raisa Boqatıryovanın adları yer alıb.

Rusiyanın Beynəlxalq Avrasiya Hərəkatının lideri, Avrasiya İttifaqının ideoloqlarından biri sayılan Aleksandr Dugin siyahıda ən diqqətçəkən simalardan biridir. Rusiya Federal Miqrasiya Xidmətinin Sevastopoldakı rəhbəri Oleq Kozyura, eləcə də Ukraynanın şərqindəki separatçı rejimlərin bir neçə nümayəndəsi də sanksiyaya məruz qalanlar sırasındadır. Bundan başqa, şimal qonşumuzun Milli Kommersiya Bankı və Avrasiya Gənclər İttifaqına qarşı da sanksiya tətbiq edilib.

Rusiyanın uzunmüddətli təcridinə qarşıyıq

"Ukraynadakı vəziyyətə görə Rusiyanın uzun müddətə təcrid edilməsinə qarşıyıq”. Bunu "Handelsblatt” nəşrinə müsahibəsində Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib. Onun sözlərinə görə, Avropa uzun müddət Moskvadan üz döndərəcək: "Hətta onilliklər ərzində problemin siyasi həllini axtarmaq məcburiyyətində qalsaq belə, bu münaqişənin həlli üçün əlimizdən gələni etməliyik”. Ştanmayer qeyd edib ki, sanksiyalar Rusiyanı danışıqlara məcbur etmək üçün lazım idi.

Rusiya hərbçiləri kütləvi şəkildə həlak olur

NATO-nun nümayəndələri Donbasda Rusiya vətəndaşlarının döyüşdüyünü iddia edirlər. "Agence-Frans Press”in məlumatına görə, bu barədə ötən günlərdə Riqada keçirilmiş mətbuat konfransında çıxışı zamanı NATO baş katibinin birinci müavini Aleksandr Verşbou bildirib. "Rusiya hərbçiləri Ukraynanın şərqində gedən döyüşlərdə kütləvi şəkildə həlak olur”, deyə Verşbou qeyd edib. Məlumat üçün bildirək ki, Rusiya Müdafiə Nazirliyi keçən ay ABŞ-ın rusiyalı hərbçilərin Donbasda döyüşlərdə iştirak etməsinə dair bəyanatını təkzib edib. Yada salaq ki, Ukrayna prezidenti Pyotr Poroşenko Münhen təhlükəsizlik konfransında çıxışı zamanı Ukraynada döyüşən rusiyalı əsgərlərdən götürülmüş pasportları nümayiş etdirib.

Ukraynanın şərqində yaşanan böhran Balkan müharibələrindən sonra regionun ən ağır hadisəsidir. Bu sözləri Avropa İttifaqının xarici məsələlər üzrə ali nümayəndəsi Federika Moqerini ifadə edib. Onun fikrincə, Avropa İttifaqı Minskdə əldə olunan razılaşmaların yerinə yetirilməsinə dəstək göstərəcək: "Hazırda biz ATƏT-in xüsusi müşahidəçi missiyasına maddi və maliyyə yardımı göstəririk. Münaqişəyə son qoyulmalı, Ukraynanın ərazi bütövlüyü isə bərpa olunmalıdır”.

Pentaqon Baltikyanı ölkələrə əsgər və hərbi texnika göndərir

ABŞ Latviya, Litva və Estoniyaya 3 min hərbi qulluqçu və çoxlu sayda hərbi texnika göndərir. Bunu Pentaqonun rəsmi nümayəndəsi Stiven Uorren bəyan edib. "Baltikyanı ölkələrə Corciya ştatındakı hərbi bazanın əsgərləri və tanklar, helikopterlər və artilleriya daxil olmaqla, 750 ədəd hərbi texnika göndəriləcək. Silah-sursatın ilk partiyası martın 9-da Latviyanın paytaxtı Riqaya çatdırılıb. ABŞ hərbçiləri Latviya, Litva və Estoniyanın iştirakı ilə mayda keçiriləcək irimiqyaslı təlimlərdə iştirak edəcəklər”.

"Moskva ən böyük təhlükəyə çevrilə bilər”

"Rusiya yenidən Böyük Britaniya üçün ən böyük təhlükəyə çevrilə bilər”. Belə bir bəyanatla Böyük Britaniya xarici işlər naziri Filip Hammond çıxış edib. O bildirib ki, hazırda ölkənin xüsusi xidmət orqanları hadisələrin bu istiqamətində cərəyan etməsinin qarşısını almaq üçün addımlar atır: "Yaxın gələcəkdə Rusiyanın niyyətləri və imkanları haqqında kəşfiyyat məlumatlarının toplanması xüsusi xidmət orqanlarımızın əsas vəzifəsi olaraq qalacaq. Təsadüfi deyil ki, hazırda biz rus dilində danışan agentləri işə qəbul edirik”.

NATO məyusdur

"Rusiyanın Avropada adi silahlar haqqında Müqavilə üzrə birgə məşvərət qrupundan çıxmaq qərarından məyusuq”. Bunu NATO baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinqdə diqqətə çatdırıb. O vurğulayıb ki, silahların azaldılması üzrə məsləhətləşmələrin aparılması vacibdir: "Moskvada isə növbəti dəfə Avropada adi silahlara nəzarət üzrə yeni sazişin hazırlanması ilə bağlı danışıqlara hazır olduqlarını bəyan ediblər. Rusiya Xarici İşlər Nazirliyinin silahların yayılmaması və nəzarət departamentinin direktoru Mixail Ulyanov bildirib ki, Moskvanın Avropada adi silahlar haqqında Müqavilədən çıxması Avropadakı hərbi-siyasi landşafta təsir etməyəcək.

Almaniya kansleri Angela Merkel Rusiya paytaxtında qələbənin 70 illiyinə həsr olunacaq hərbi paradda iştirakdan imtina edib. Bu barədə Almaniyanın "Die Zeit” qəzeti kanslerə yaxın mənbəyə istinadən yazıb. Mənbə diqqətə çatdırıb ki, A.Merkel bu qərarı bir neçə gün əvvəl qəbul edib: "İmtina qərarı Ukraynadakı münaqişə və Rusiyanın bu münaqişədə iştirakı ilə əlaqədardır. Merkel 9 mayda Moskvaya getsəydi, bu, Ukrayna hökumətinə həqarət olardı”. Bununla yanaşı, kansler qalmaqala yol verməmək üçün mayın 10-da Moskvaya gedəcək və Vladimir Putinlə birlikdə naməlum əsgərin məzarına əklil qoyacaq.

Rusiya Krımda nüvə silahı yerləşdirir

Krım Rusiyanın bir hissəsidir və orada nüvə silahının yerləşdirilməsi prinspicə mümkündür. Bu barədə Rusiya XİN-in silahların yayılmaması və onlara nəzarət üzrə departamentinin rəhbəri Mixail Ulyanov bildirib. "Orada nüvə silahların olması və ya belə bir planın hazırlanması barədə məlumatım yoxdur, lakin prinsipcə, Rusiya bunu edə bilər”, - deyə Ulyanov bildirib.

Rusiya xalqına əslində baş verənləri necə çatdıra bilərik?

Böyük Britaniyanın xarici işlər naziri Filip Hemmond ölkəsinin Rusiya prezidenti Vladimir Putin və onun yaxın ətrafının maliyyə sirlərini açıqlaya biləcəyini deyib. Hemmond bunun Rusiya sakinlərinin öz rəhbərləri barədə daha aydın təsəvvürlərinin yaranması üçün edə biləcəklərini istisna etmir: "Rusiyaya qarşı atacağımız növbəti addımlar deyərkən ilk növbədə strateji kommunikasiyalar barədə düşünürük. Rusiya xalqına əslində baş verənləri necə çatdıra bilərik?” - Hemmond Putin və ətrafının zəngin olmasına işarə vurub. "Bu, maraqlı fikirdir, əminəm ki, Rusiyadakı insanlar bu barədə düşünəcəklər”. "Hermitage Capital” fondunun rəhbəri Bill Brauder prezident Putinin şəxsi sərvətinin 200 milyard dollar dəyərində olduğunu iddia edir.

Ukrayna böhranının indiki durumunu şərh edən "Xəzər” Araşdırmalar Fondunun rəhbəri, sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə "Şərq”ə bildirib ki, Ukrayna ABŞ silahının öz əleyhinə işlədilməsinə görə Putinin əlinə əsas verməkdə heç də maraqlı deyil. Ukrayna böyük dövlətdir. Ukraynada lazımi qədər silah var. Ekspertin qənaətincə, Ukrayna məsələsində ABŞ kimi nəhəng dövlətin Rusiyaya münasibətdə məqsədi var: "Bundan başqa, ABŞ öz silahlarını Baltikyanı respublikalarda, Polşada, Rusiya ilə həmsərhəd ölkələrdə açıq-aşkar yerləşdirir. Təbii ki, Amerikanın qarşısında duran əsas məqsəd strateji xarakterlidir. Bu o deməkdir ki, ABŞ Rusiya ilə qarşıdurmada qalib gəlməyi gözə alıb. Bunun üçün hər bir vasitədən istifadə edir. Üstəgəl, Ukrayna dövlətinin özü uzun sürən müharibəyə hazırlaşır. Buna görə də Ukrayna öz ordusunu həm kəmiyyətcə, həm də keyfiyyətcə gücləndirir. Ukrayna dövləti, ehtiyac yaranarsa, Amerika silahlarını Amerikanın adı olmadan başqa NATO ölkələrindən də ala bilər”.

Ayyət Əhməd