Arzu Nağıyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində buzlar əriməyə başlayıb”
Putinin Qarabağ planı hazırdır
İlqar Vəlizadə: “Ermənistana konkret addımların atılmasına dair vaxt verilib”
Arzu Nağıyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində buzlar əriməyə başlayıb”
Arzu Nağıyev: “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində buzlar əriməyə başlayıb”
Rasim Musabəyov: "Azərbaycan məsələni qismən hərbi yolla həll etməli və ilkin mərhələdə Ermənistan ordusunu Dağlıq Qarabağ ətrafı rayonlardan çıxarmalıdır”
25 ildən çoxdur davam edən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi dövlətimizin başlıca prioritetidir. Hətta ölkəmizin xarici siyasət strategiyası müəyyənləşdirilərkən, bütün taktika və metodlar münaqişənin ədalətli şəkildə tənzimlənməsinə istiqamətləndirilir. Münaqişənin tənzimlənməsi uzun zaman ölü nöqtədən tərpənməsə də, son aylar cərəyan edən proseslər problemin həlli ilə bağlı müəyyən ümidlər yaradıb.
Xüsusən, prezdentlərin Vyana və Sankt-Peterburq görüşündən sonra gündəmə gətirilən "anlaşma” mesajları, müxtəlif təkliflərin müzakirə olunması və müşahidə olunan ümumi canfəşanlıq Dağlıq Qarabağ məsələsinin tezliklə çözüləcəyinə inamı artırıb. İndi bütün Azərbaycan ictimaiyyəti Rusiyanın təşəbbüsü ilə münaqişənin həllini tapacağı günü gözləyir. Sankt-Peterburq görüşündən sonra Rusiya və Azərbaycan rəsmilərinin verdikləri bəyanatlardan da hiss olunur ki, Dağlıq Qarabağ problemi ətrafında ciddi müzakirələr getməkdədir. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdəki sədri, almaniyalı həmkarı Frank Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə bu məsələyə toxunub. Nazir bəyan edib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana, daha sonra isə Bakıya səfər edəcək. Nazir bildirib ki, prezidentlər səviyyəsində Dağlıq Qarabağ üzrə növbəti görüşün keçirilib-keçirilməyəcəyi Lavrovun səfərindən asılı olacaq.
"Ermənistanın təhlükəsizliyini təmin edən ən böyük element Rusiyadır”
Məsələni dəyərləndirən əksər ekspertlərə görə, Rusiya ən yüksək səviyyədə vasitəçilik prosesinə qatılıb. Əgər belə bir məqamda Ermənistan real danışıqlardan qaçmaq istərsə, bu həm Rusiyanın, həm də Putinin imicinə böyük zərbə olacaq. Nəzərə almaq lazımdır ki, indi vəziyyət dəyişib. Aprel döyüşlərindən sonra güc nisbəti Azərbaycanın tərəfindədir. Şübhə yoxdur ki, Ermənistanın
təhlükəsizliyini təmin edən ən böyük element Rusiyanın dəstəyidir. Əgər hazırda həmsədr dövlətlər Ermənistana "vaxt çatıb” deyirsə, deməli, düşmən ölkə bütün reallığı nəzərə alaraq danışıqlardan boyun qaçıra bilməyəcək. Rusiyanın bölgədə böyük nüfuza malik olmasını, münaqişənin həllində "açar rolunu” oynadığını Minsk Qrupunun həmsədr ölkələri də etiraf edirlər. Xüsusən, Rusiya Prezidenti Vladimir Putinin problemlə birbaşa məşğul olması və öz nüfuzunu ortaya qoyması danışıqların nəticə verəcəyindən xəbər verir.
Həmsədr dövlətlər xüsusi aktivlik nümayiş etdirir
ABŞ Dövlət Departamentinin yaydığı bəyanata görə, Vaşinqton, Moskva və Parisin Qarabağ münaqişəsinə dair diplomatik səyləri intensivləşib. Son məlumata görə, Putin Fransa rəhbəri Ollandla telefon danışığı aparıb. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər. Putin Ollandı Sankt-Peterburq görüşünün nəticələri barədə məlumatlandırıb. ABŞ-ın dövlət katibi Con Kerri isə Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı aparıb. Kerri Sankt-Peterburq görüşündən sonra danışıqlar prosesinə dinamika gəldiyini vurğulayıb və prezidentləri "gərignlikdən qaçmağa” çağırıb. Dövlət katibi liderləri Minsk Qrupu çərçivəsində dialoqu davam etdirməyə səsləyib. Ümumiyyətlə, son günlər Avropa ölkələrinin rəhbərləri tərəfindən verilən açıqlamalardan görünür ki, Qərb dövlətləri Qarabağ problemini Rusiyaya həvalə ediblər. Rusiyanın bu işin öhdəsindən necə gələcəyini, Azərbaycanın maraqlarına uyğun davranıb-davranmayacağını isə zaman göstərəcək.
Təzyiqlə üzləşən düşmən ölkə təşviş içindədir
Ermənistanda parlament üzvləri ilə XİN rəhbərliyi arasında Qarabağ məsələsinə dair qapalı görüş keçirilib. Gizli toplantı Azərbaycanın işğal edilmiş 5 rayonunun qaytarılmasını, Dağlıq Qarabağa aralıq statusun verilməsini nəzərdə tutan "Putin planının” müzakirəsindən sonra baş verib. Xatırladaq ki, "Putin plan”ına əsasən torpaqlar mərhələli şəkildə, 5+1 formatında Azərbaycana qaytarılır. Amma Dağlıq Qarabağda yekun statusa dair referendumun keçirilməsi qeyri-müəyyən vaxta təxirə salınır. Eyni zamanda Laçın və Kəlbəcərin qaytarılması haqda heç nə deyilmir. "Putin planı”nın açıqlanması Ermənistan siyasi dairələrində ciddi təşvişə səbəb olub və ərazilərin qaytarılması kimi yozulub. Parlament üzvlərini toplayan nazir Nalbandyan isə deputatları əmin edib ki, Sankt-Peterburqda münaqişənin həlli yollarına dair heç bir sənəd müzakirə predmeti olmayıb. Görüşdə yeganə mövzu təmas xəttində stabil atəşkəs rejiminin yaradılması barədə olub.
"Ermənistanla Rusiyanın ümumi marağı yoxdur”
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri David Şahnazaryan isə bildirib ki, Ermənistan Rusiya üçün Azərbaycana təzyiq vasitəsidir. Onun sözlərinə görə, rəsmi İrəvan apreldə baş vermiş müharibədən nə hərbi, nə də siyasi nəticələr çıxara bilib: "Bu gün Ermənistanın Rusiya üçün ancaq bir rolu var: - Azərbaycana təzyiq göstərməklə öz məqsədinə çatmaq. Başqa sözlə, Moskva rus əsgərlərini Qarabağ zonasında yerləşdirmək üçün ermənilərdən istifadə edir”. Şahnazaryanın sözlərinə görə, son vaxtlar Rusiyada dövlət səviyyəsində Ermənistana təzyiq edilir və ermənilərin millət kimi ləyaqəti təhqir olunur: "Ermənistan və Rusiyanın heç bir ümumi marağı mövcud deyil”.
"Kreml Ermənistana vaxt verib”
Politoloq İlqar Vəlizadə deyib ki, Rusiyada Qarabağ planı hazırlanıb. Sözügedən plan həm Minsk Qrupunun təkliflərində, həm də Madrid prinsiplərində öz əksini tapıb: "Bu, birmənalı olaraq mərhələli həll planıdır. Çox güman ki, ətraf rayonların boşaldılması təklifləri də planda
yer alır. Amma Azərbaycan heç vaxt paket həll variantı ilə razılaşmayacaq. Sankt-Peterburq görüşündə konkret razılıq olmadığına görə, tərəflər hazırda prosesin ilkin mərhələsindədir. Qarabağ məsələsi ilə bağlı müzakirələr də sırf bu istiqamətdə olub”. Ekspertin sözlərinə görə, əgər ermənilər mərhələli həll planını açıq şəkildə dilə gətirsələr, ölkədə iğtişaşlar baş qaldıracaq və Sarkisyan devriləcək: "Ermənistana konkret addımların atılmasına dair vaxt verilib. Əgər İrəvan Qarabağla bağlı təklifləri qəbul etsə, prezidentlərin növbəti görüşü baş tutacaq və bu görüşün gündəliyini torpaqların azad olunması, qaçqınların geri qayıtması və digər məsələlər təşkil edəcək”.
"Artıq konkretliyin vaxtıdır”
Politoloq Arzu Nağıyev də bildirib ki, Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı intensivləşmə müşahidə olunur: "Həmsədrlər bu istiqamətdə müvafiq addımlar atır. Rusiya da özünün nüfuzu ilə bağlı regionda təşəbbüsü ələ almağa çalışır. Məhz buna görə, müxtəlif tribunalardan Rusiyanın "açar” rolunu oynadığı fikirləri səsləndirilir. Məncə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində buzlar əriməyə başlayıb. Artıq konkretliyin zamanıdır, istər Madrid prinsiplərinin, istər Kazan görüşləri ilə bağlı müvafiq addımlar atmağın vaxtı çatıb. Ancaq bütün görüşlərin məğzi sadəcə bir nöqtəyə yönəlməlidir: - Azərbaycanın ərazi bütövlüyü. Əks halda, Azərbaycan danışıqlar masasına oturmayacaq”.
"Aralıq statusdan söhbət gedə bilməz”
Millət vəkili, politoloq Rasim Musabəyov isə deyib ki, Dağlıq Qarabağ üçün hər hansı sabit aralıq statusdan söhbət gedə bilməz. Onun sözlərinə görə, konkret status müəyyən edilənə kimi Qarabağda vəziyyət əvvəlki kimi qalacaq: "Hər hansı aralıq statusun sabitləşməsi qəbuledilməzdir. Status müəyyən edilən kimi aralıq status ləğv ediləcək. Ancaq bütün bunlar Ermənistanın məsələyə məntiqlə yanaşaraq, Qarabağ ətrafındakı rayonları boşaltmasından sonra baş verə bilər. Ermənistan isə hələlik bu cür yanaşmadan çox uzaqdır. Buna görə də Azərbaycan məsələni qismən hərbi yolla həll etməli və ilkin mərhələdə Ermənistan ordusunu Dağlıq Qarabağ ətrafı rayonlardan çıxarmalıdır. Daha sonra Ermənistanla Dağlıq Qarabağın statusu barədə danışıqlara başlamaq olar. ATƏT-in həmsədrlərinin bu varianta etirazı ola bilməz. Hər halda, mərhələli həll planına uyğundur. Əks halda, Ermənistanın arzuladığı "status-kvo” on illər boyunca dəyişməyəcək”.
İsmayıl