“Qaçqınkom” sədri deputatlara əsəbləşdi

"Məcburi köçkünləri niyə incitməliyik?! Onsuz da onlar hər şeyini itirib”


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edib. Sherg.az-ın məlumatına görə Ə.Həsənov deputat Çingiz Qənizadə və Hikmət Babaoğlunun fikirlərinə etiraz edib: "Problemi bilmədən, araşdırmadan mövqe bildirmək düz deyil. Millət vəkili Çingiz Qənizadə və Hikmət Babaoğlu qaçqınlarla bağlı bir sıra problemləri qaldırıblar.

Mən kimin hansı ifadə işlətməsinin əleyhinə deyiləm. Heç olmasa, bir məsələ və ya problem barədə danışanda onu gərək araşdırıb, öyrənib dəqiqləşdirəsən, sonra mövqe bildirəsən. Ən pis halda soruşmalısan. Son zamanlar qaçqın və məcburi köçkünlərə qarşı "hücumlar” artıb. Bu kateqoriyaya aid olan insanlar ölkənin ən zərif və həssas təbəqəsidir. Azərbaycan əhalisinin hansı təbəqəsinə güzəşt verir, hansı hissəsinə yox, buna kimsə qarışa bilməz. Odur ki, bu açıqlamalar qaçqın və məcburi köçkünlərdə ciddi narazılıq yaradıb. Məcburi köçkünləri niyə incitməliyik?! Onsuz da onlar hər şeyini itirib”.
Ə.Həsənov Ç.Qənizadənin "Qaçqınkomda”kı yeyintilərlə bağlı açıqlamasına reaksiya verərək deyib ki, hər kəs öz adından danışsa yaxşı olar: "O, yemək, qaz, elektrik enerjisi ilə, qaçqınlara verilən vəsaitlərlə bağlı fərqin olmasını dilə gətirdi. Təbii ki, bu fərq olacaq. Çünki qaçqının bir hissəsi bulaq suyundan və kanal suyundan istifadə edir. Niyə də bu fərq olmasın? Bir qisim qaçqınlar isə qazla təmin olunmayıb. Təbii ki, fərq olacaq. Sabah da müxalifət götürüb yazacaq ki. "Qaçqınkomda” yeyinti var”.
Komitə sədri deyib ki, qaçqın və məcburi köçkünlərlə bağlı bu yaxınlarda qərar olacaq: "Amma bunun maliyyə çətinliyi ilə heç bir əlaqəsi yoxdur. Dövlət bu kateqoriya insanlar üşün lazım olan vəsaiti tapacaq”.

Anar