
Qaçqınları qaytarın, pul verək!
Türkiyə ilə Avropa İttifaqı arasında razılaşma çox çəkməyəcək

Türkiyə və Avropa İttifaqı liderləri Brüsseldə fövqəladə toplantı keçiriblər. 15 saat sürən sammitdə tərəflər arasında Avropaya axın edən suriyalı qaçqınlarla bağlı ilkin razılaşma əldə olunub. Aİ miqrant axınının qarşısını almaq üçün Balkan yarımadasından şimala gedən yolun bağlanmasını təklif edib. Plana əsasən, Türkiyə iqtisadi miqrantları qəbul etməli, əvəzində Qərb ölkələrindən maddi vəsait almalıdır. Deyilənə görə, məqsəd Avropaya qaçqın axınını azaltmaq, onların Türkiyədə şəraitini yaxşılaşdırmaqdır. Lakin Aİ ölkələrinin miqrasiya böhranı ilə bağlı fikirləri haçalanır.
İlkin anlaşmanın şərtləri...
Avropa II Dünya Müharibəsindən sonra ən kəskin qaçqın böhranı ilə üzləşib. Ötən il Aİ-yə 1 milyondan artıq insan qeyri-qanuni daxil olub, onların çoxu qayıqlarla Türkiyədən gəlib. Miqrantların əksəriyyəti Suriyadakı vətəndaş müharibəsindən qaçan sakinlərdir. 2,7 milyon suriyalı qaçqın hazırda Türkiyədə müvəqqəti məskunlaşıb. Böhranın öhdəsindən gəlmək üçün "qəti addımlar” atılmasının vacibliyini vurğulayan Aİ liderləri aşağıdakı tədbirlərin görülməsini təklif edirlər:
Türkiyədən Yunanıstana qeyri-qanuni gələn miqrantların hamısı Türkiyəyə qaytarılır. Geri qaytarılan hər bir suriyalının əvəzində, Türkiyədəki qaçqınlardan biri qanuni şəkildə Aİ-də yerləşdirilir. Bundan savayı, Avropa İttifaqı Türkiyə vətəndaşları üçün gediş-gəlişin asanlaşdırılmasını sürətləndirəcək və 2016-cı ilin iyun ayına qədər Türkiyə üçün vizasız rejimin tətbiqini nəzərdən keçirəcək. Həmçinin, Aİ Türkiyəyə vəd etdiyi 3,3 milyard dollar maliyyə yardımının ödənişini sürətləndirəcək. Böhranın öhdəsindən gəlmək üçün Türkiyəyə bundan əlavə də maliyyə yardımının ayrılacağı vəd olunub. Məlumata görə, Aİ-dən maliyyə yardımını 6 milyard dollaradək artırmağı xahiş edib.
"Şengen zonası xilas edildi” - "Balkan marşrutu” bağlandı...
Fransa prezidenti Fransua Olland Brüsseldə keçirilən Avropa İttifaqı-Türkiyə sammitinin yekunlarını şərh edərkən deyib ki, əgər şengen olmasa, Avropa da olmayacaq: "Avropa İttifaqı ilə Türkiyə arasında əldə olunmuş razılaşmaya əsasən Şengen zonası bu gün xilas oldu. Miqrant axınının həlli vacibdir. Avropa İttifaqı Şurasının sədri Donald Tusk isə bəyan edib ki, müzakirələr uzun çəksə də, nəticəsi müsbət oldu: "Xeyli vaxt idi ki, ortaq məxrəcə gələ bilmirdik. Sevinirəm ki, razılaşma əldə olundu. Artıq demək olar ki, qaçqınların Balkan marşrutu bağlandı. Yəqin bundan sonra miqrantlar Avropaya üz tutmayacaq”.
Avropa Birliyinin liderləri Türkiyə ilə ilkin razılaşmanı alqışlayıb
Razılaşmaya əsasən Türkiyə Avropadakı qanunsuz miqrantları geri qəbul etməli, Avropa Birliyi isə əvəzində Ankaraya əlavə vəsait ayırmalı, onunla üzvlük danışıqları və vizasız gediş-gəliş sistemini tezləşdirməlidir. Amma liderlər bildiriblər ki, sənədin detalları üzərində hələ iş aparılmalıdır. Məlumata görə, martın 17-18-nə nəzərdə tutulan növbəti toplantıda yekun razılaşma əldə oluna bilər. Almaniya kansleri Angela Merkelllə Böyük Britaniyanın Baş naziri David Cameron Türkiyənin təkliflərini alqışlayıb və bunun problemin həllində vacib irəliləyiş olduğunu bildiriblər.
BMT plandan narahatdır - Qaçqınlara "ölüm hökmü”
Birləşmiş Millətlər Təşkilatı isə miqrant böhranının radikal yolla çözülməsinə yönəlmiş Aİ-Türkiyə planından narahatlıq bildirərək, onun beynəlxalq qanunvericiliyə zidd ola biləcəyinə diqqəti çəkib. Çünki plana əsasən, Türkiyədən Avropaya gələn bütün miqrantlar geri qaytarılmalıdır. BMT Qaçqınlar Agentliyi bildirib ki, xaricilərin ölkədən kollektiv sürətdə çıxarılması Avropa qanunvericiliyilə ziddiyyət təşkil edə bilər. "Amnesty İnternational” təşkilatı isə həmin planı sığınacaq almaq hüququna qarşı çıxarılmış "ölüm hökmü” adlandırıb.
"Avropa İttifaqı verdiyi vədləri adətən yerinə yetirmir”
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Avropa İttifaqı ilə Türkiyə arasında əldə olunan razılaşmanı şərh edib. Ekspertin sözlərinə görə, Avropa İttifaqı ilə Türkiyə arasında miqrantlarla bağlı əldə olunan ilkin razılaşma rüşvət əsasında görülən işə bənzəyir. Politoloq fikirlərini belə əsaslandırıb: "Avropa İttifaqı Türkiyə hakimiyyətindən xahiş edir ki, miqrantları Avropaya buraxmasın, öz ölkəsində saxlasın. Hətta Avropadakıların bir hissəsini yenidən qəbul etsin, bunun müqabilində isə Brüssel Ankaraya aşağıdakı şəkildə "hörmət” edəcək: - 2018-ci ilə qədər Türkiyəyə 3 milyard dollar veriləcək, vizalar ortadan qaldırılacaq və Türkiyənin Avropa İttifaqına üzvlüyü sürətləndiriləcək.
Belə çıxır ki, Suriya böhranı olmasaydı və miqrantlar Avropaya axın etməsəydi, Brüssel Türkiyə ilə əlaqələrini inkişaf etdirməyəcəkdi. Bunun üçün mütləq hardasa vətəndaş müharibəsi olmalıydı”. E.Şahinoğlu əldə olunan razılaşmanın yerinə yetiriləcəyinə şübhə etdiyini deyib: "Daxili prosedura görə, Avropa İttifaqının bütün dövlətləri və parlamentləri Brüsselin Ankara ilə əldə etdiyi razılaşmaya "yaşıl işıq” yandırmalıdır. Bunu isə həyata keçirmək həm siyasi, həm də texniki nöqteyi-nəzərdən problemlidir. İkincisi, Avropa İttifaqı verdiyi vədləri adətən ya yerinə yetirmir, ya da bürokratik əngəllər səbəbindən uzadır. Belə olan halda Türkiyə də haqlı olaraq üzərinə düşəni etməyəcək”.
İsmayıl