Qafqaz təhlükədədir

“Metsamor” AES regionun altına qoyulmuş bombadır


Erməni ekspertin "Metsamor” AES haqqında məqaləsini şərh edən 1992-ci ilədək Şimal Donanması Sualtı Atom Gəmisində, 1992-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Kimya xidməti rəisi vəzifəsində çalışmış, radioloji və kimyəvi təhlükəsizlik üzrə mütəxəssis, ehtiyatda olan 1-ci dərəcəli kapitan Hicran Rüstəmzadənin sözlərinə görə, "Metsamor” AES-a edilən kənar təsir yüz minlərlə erməni əhalisinin məhv olması ilə nəticələnə bilər.

Ermənistanın hazırkı rəhbərliyi Azərbaycan ərazisindəki strateji obyektlərə, o cümlədən Mingəçevir su anbarına zərbələr endiriləcəyi barədə fikirlərin səsləndirildiyini vurğulayan mütəxəssis hesab edir ki, bu cür əsassız iddialar yalnız sadəlövh auditoriyaya hesablanıb. AES-in sıradan çıxması nəticəsində yaranan radioaktiv toz ətraf şəhər və qəsəbələrin birbaşa radioaktiv çirklənməyə məruz qalmasına səbəb olacaq. Ərazinin relyefini də nəzərə alsaq, radioaktiv zonanın yalnız Ermənistanı əhatə edəcəyini, ümumilikdə təqribən 50 min nəfər insanın zəhərlənəcəyini və tələf olacağını, eləcə də yaxın 150 ildə bu məkanda yaşayışın məhdud olacağını ehtimal etmək mümkündür.

Qəza nəticəsində ilk 1 saat ərzində əhalinin sıx məskunlaşdığı Yerevan, Eçmiədzin və Armavir şəhərlərində 25-30 min nəfər insanın zərər çəkməsi və məhv olması istisna deyil. Növbəti 2-4 saat ərzində Ararat, Razdan, Vanadzor, Spitak, 4-6 saat ərzində isə Stepanavan, Alaverdi, İcevan, Vardenis kimi şəhərlər də çirklənmə zonası əhatəsində olaraq güclü şüalanma təsirinə məruz qalacaq. Sonrakı bir neçə gün ərzində isə radioaktiv şüalanma zonasının genişlənməsi nəticəsində radiasiya və digər şüalanma səbəbindən zərər çəkən və ölənlərin sayı təqribən 40-50 min nəfər olacaq.

"Metsamor” regionun altına qoyulmuş bir bomba olduğunu vurğulayan Milli Məclisin Müdafiə və Təhlükəsiz Komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib ki, sovetlər birliyi dağılandan sonra Ermənistan bu stansiyanı silah kimi əlində saxlamağa çalışır:

"İlk dövrlər Avropa Birliyi "Metsamor” stansiyasının bağlanması müqabilində Ermənistana öz enerji sistemini qurmaq üçün 100 milyon avroya yaxın vəsait vəd edib. Real olaraq digər alternativ mənbələr hesabına həm elektrik, həm də istilik təchizatı ilə bağlı Ermənistana yardımlar vəd olunub. Bu vəsait "Metsamor” Atom Elektrik Stansiyası üçün çox yüksək məbləğ idi. Ermənistan bu stansiyanı satışa çıxarmaq istəmədiyini desə də, Köçəryan vasitəsilə sonradan həmin rəqəm 1 milyard avroya qədər qaldırılıb. Bu cari sövdələşmə predmeti kimi Ermənistan çalışırdı ki, Qərbin xüsusi zəmanətini qazansın ki, bu ölkə heç vaxt qaranlıqda qalmasın və hansısa kənar kommunikasiyalar hesabına özünün enerji ehtiyatlarını ödəsin”.

Z.Oruc bildirib ki, Ermənistan sovet dövründən qalmış mirasa sahib durub və "Metsamor”un çirkli tullantılarının axıdılması hesabına su ehtiyatları zəhərlənib: 

"Bugünkü reallıqda isə xüsusi radiaktiv maddələri özündə saxlayan reaktorların köhnə materiallardan olması ilə bağlı dəfələrlə Rusiyanın mütəxəssisləri həyəcan təbili çalıblar ki, hər an regionda bu cür radiaktiv şüalanmalar yayıla və ikinci Çernobıl faciəsi təkrarlana bilər”.

Millət vəkili bildirib ki, hazırda Ermənistan "Metsamor” AES-i özünün bir nüvə silahına çevirib, nəinki bir enerji mənbəyi:

"Aprelin əvvəllərində təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələri qarşısında uğursuzluğa düçar olan Ermənistan siyasətçiləri etiraf etdilər ki, "Metsamor”un tullantılarından və radiaktiv maddələrdən zəhərli bombalar hazırlanıb. Bu baxımdan da "Metsamor” region üçün real təhlükədir”.

Şəymən