Qalan çörəklər təkrar emal olunsa...





Çörək israfçılığına qarşı qanunun qəbulu yenidən gündəmə gəlib. Sirr deyil ki, biz azərbaycanlıların çörəyə tələbatı olduqca böyükdür. Nə dərəcədə çörək verənik, bu ayrı məsələ, amma çörək yeyən xalq olduğumuz şəksizdir. Bəla burasındadı ki, nə qədər çox çörək yeyiriksə, bir o qədər də çox israf edirik. Azərbaycan ailələrinin bəlkə də 99 faizi isti, təzə çörək aşiqidir. Dünənki, boyat çörəyə yaxın durmazlar. Axşam alınan çörəyi, yaxşı halda ertəsi gün qaz borularından asılan, ən pis halda isə zibil qutusunda görməyə alışmışıq. İndi isə söhbət gəzir ki, çörək israfçılığına qarşı qanun qəbul olunacaq, boyat çörəklər təkrar emala göndəriləcək. Belə nəzərdə tutulur ki, təkrar emal üçün əlavə vəsaitin ödənilməsi istehsalçıların müəyyən problemlərinin həllinə kömək edə bilər.

Onsuz da əhalidə bu fikir formalaşıb ki, mağazalarda artıq qalan çörəkləri təkrar emala göndərirlər, isladıb təzə xəmirin içinə vururlar, yəni təzə çörəyin «gözünə qatırlar». Bəzən çörəklərin içindən yumru xəmirlər çıxanda, adətən camaat, «köhnə çörəyi təzənin içinə qatıblar» deyir. Bəs indi, köhnə çörəklərin qanuni şəkildə təkrar emala göndərilməsi reallaşarsa, əhali o çörəkləri qəbul edəcəkmi?

"Bu gün dünyada çox böyük ərzaq qıtlığı olsa da, bəzi ölkələrdə çörəyin israfı problemi var. Azərbaycan da belə ölkələrdəndir”. Bunu Sputnik Azərbaycan-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

"Elə çörək var ki, onları bir gündən artıq saxlamaq olmur. Belə olan halda, ya onu heyvanlara atmaq, ya da tullamaq məcburiyyətində qalırlar. Problemin qarşısının alınması üçün Azərbaycanda da qanun layihəsinin qəbul edilməsi mümkündür. Belə bir qanun layihəsi qəbul edilərsə, çörəyi təkrar emala göndərməklə israfçılığın qarşısını almaq olar. Bu qanun layihəsinin qəbulu, təkrar emal üçün əlavə vəsaitin ödənilməsi istehsalçıların müəyyən problemlərinin həllinə kömək edər. Belə bir qanun layihəsinin işlənib hazırlanması Azərbaycanda çörəyin daha da ucuzlaşmasına səbəb ola bilər” – deyə V.Əhmədov əlavə edib.

Qeyd edək ki, Türkiyədə israfın qarşısının alınması üçün boyat çörək və un məhsullarının istehsalçıya qaytarılmasını nəzərdə tutan qanun layihəsi artıq hazırlanıb. Bu üsulla, həmçinin çörəyin ucuzlaşacağı da proqnozlaşdırılır.

Eyni problemin ölkəmizdə yaşandığı da nəzərə alınarsa, bizdə də oxşar qanunun qəbulu israfçılığın qarşısını ala bildi, bəlkə.

Belə bir qanun layihəsinin işlənib hazırlanması Azərbaycanda çörəyin daha da ucuzlaşmasına səbəb ola bilər.

Ekspertlər hesab edir ki, təklif arzuolunan sayılsa da, vətəndaşlar təkrar emal çörəyini almaqdan boyun qaçıracaq. Bundan əlavə həmin istehsala nəzarət daha sərt və ciddi şəkildə aparılmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu fikirdədir ki, vətəndaşların əksəriyyəti təzə çörək almaq və yemək istəyir:

- Bizim əhali təzə çörəyə meyillidir. Həmişə təzə, isti çörək almağa can atırlar. Əgər atılan çörək təkrar emala gedərsə, çətin ki, əhali onu almağa meyilli olsun. Boyat çörəyin təkrar emalı texnikanı da zay edəcək, istehsalçı mənfəət əvəzinə, ziyan çəkəcək».
Millət vəkili Fazil Mustafa isə fikrini belə bildirib: "İsrafçılığın da qabağını almaq üçün ciddi təbliğat aparmaq lazımdır. İnsanlar nümunə olmalıdır. Bunun üçün qanunda dəyişikliyə ehtiyac yoxdur. İstənilən şəxs bunu edə bilər”.

Məlahət