Qalib olmayacaq

ABŞ-İran gərginliyi beynəlxalq qalmaqala çevrilir
“İran Qərbin sözündən çıxmayacaqdı. Amma indi vəziyyət dəyişib”



ABŞ-ın İranla nüvə müqaviləsindən çəkilməsi Yaxın Şərqdə prosesləri yenidən qızışdırıb. Vaşinqtonun müttəfiqi İsrailin raketlərlə Suriyadakı İran hədəflərini vurmasından sonra, Amerika Birləşmiş Ştatları rəsmi Tehrana yeni sanksiyalar tətbiq edib. İlk sanksiya paketi avqustun 6-da, ikincisi isə 4 noyabrda dövrəyə girəcək. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yeni sanksiyaların İran İnqilab Mühafizəçiləri ordusu ilə əlaqələri olan 6 nəfəri və 3 qurumu əhatə etdiyini söyləyib.

Vaşinqtonun iddiasına görə, siyahıya salınanlar İnqilab Qvardiyasına milyonlarla dollar ötürən şəxslərdir. Sanksiyaların hədəfində olanların hamısı İran vətəndaşıdır və şirkətlər də İranda qeydiyyatdadır. İran Mərkəzi Bankı da ittihamların mərkəzindədir. Deyilənə görə, İnqilab Keşikçiləri Ordusu bank vasitəsi ilə leqal olmayan yollardan milyonlarla dollar vəsait əldə edib. Vaşinqon sanksiya qərarını müttəfiqi Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə qəbul edib. İran isə rəsmi televiziya vasitəsilə Amerikanı və İsraili hədəf alıb. Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Kasami Qərb ölkələrinin İsrailə cəsarət verdiyini deyib.

Avropa ölkələri ABŞ-a qarşı çıxdı

Nüvə müqaviləsinin tərəflərindən olan Almaniya rəsmiləri açıqlama verərək İranla ticarət edən şirkətlərə yardım etməyə hazır olduqlarını bildiriblər. Almaniyanın iqtisadiyyat naziri Piter Altmaier deyib ki, sanksiyadan narahat olan bütün şirkətlərə mənfi nəticələri minimuma endirmək üçün kömək etməyə hazırdır. ABŞ Prezidenti Tramp anlaşma masasından qalxsa da, müqavilədə imzası olan ölkələr - İngiltərə, Fransa, Almaniya, Rusiya və Çin mövcud rəsmi Tehranı müdafiə ediblər. Sözügedən ölkələr İranla müqavilənin davam etməsini istəyiblər.

"İranla ədalətli və yaxşı sövdələşmə imzalaya bilərik”

ABŞ Prezidenti Donald Tramp "Birgə Hərtərəfli Hərəkət Planı”ndan çıxdıqdan sonra İranla "yaxşı saziş” imzalamaq istədiyini bildirib. Tramp bildirib ki, sövdələşmə İranın nüvə silahı əldə etməsi imkanının qarşısını ala bilməyib. Bunun nəticəsi olaraq Yaxın Şərqin digər pullu ölkələri nüvə silahı əldə etmək üçün imkanlar axtarmağa başlayıblar: "Bu, fəlakətə səbəb olardı. Mən ümid edirəm ki, onlarla ədalətli, yaxşı sövdələşmə bağlaya bilərik. Biz İranın nüvə silahına malik olmasına imkan verə bilmərik”. Bununla yanaşı Tramp deyib ki, ABŞ-ın İranın hərbi bazalarına girmək imkanı olmalıdır ki, Tehran onları aldatmasın: "Əlbəttə, biz əminik ki, bizi aldatmırlar, amma hər halda yoxlamaq üçün bu pis olmazdı”.

"İran və İsrail arasında artan gərginliyin həyəcan təbili...”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, Moskva bütün problemlərin dialoqla həll edilməsinin tərəfdarıdır. Lavrov aparılan danışıqlarda tərəflərə gərginlikdən uzaq durmağı tövsiyyə edib: "Prezident Vladimir Putinlə İsrail Baş naziri Benyamin Netanyahu arasında dünənki danışıqda da bu barədə fikir mübadiləsi aparıldı. Qolan yüksəkliklərində İranla İsrail arasında yaşanan gərginlik Rusiya tərəfindən də araşdırılır. Ümid edirik, problem gərginləşmədən həllini tapacaq”.

"Bu, Trampın buraxdığı ən ağır səhvdir”

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter deyib ki, Trampın İranla nüvə sazişindən çıxmaq qərarı ciddi səhvdir: "Trampın belə bir xətaya düşməsi anlaşılan deyil. Prezidentin imzaladığı müqavilə vəziyyət kəskin şəkildə dəyişmədiyi halda, onun bütün varisləri üçün məcburi olmalı idi. Amma Tramp buna əməl etmədi”.

Putin və Ərdoğan ABŞ-İran gərginliyini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Tərəflər telefon danışığı zamanı ABŞ-ın İranla nüvə razılaşmasından çıxması məsələsini müzakirə ediblər. Liderlər tərəfləri masa arxasına gətirmək üçün çalışacaqlarını deyiblər. Bundan əlavə, prezidentlər Birgə Hərtərəfli Fəaliyyət Planının beynəlxalq təhlükəsizlik üçün vacib əhəmiyyəti olduğunu vurğulayıblar və bu kontekstdə gələcək addımların əlaqələndirilməsi barədə razılığa gəliblər. Putin və Ərdoğan Suriya və əsas ikitərəfli layihələrin həyata keçirilməsi məsələlərinə də toxunublar.

"Tramp İrana yox, Avropaya savaş açdı”

İsveçin keçmiş xarici işlər naziri Karl Bildt deyib ki, Tramp nüvə sazişindən çıxmaqla İrana deyil, Avropaya savaş elan edib. Bildt ABŞ Prezidentinin İranla sazişdən çıxmaq qərarını sərt qiymətləndirir. O, hesab edir ki, qərar Trampın bu yaxınlarda Vaşinqtonda görüşdüyü Fransa Prezidenti Makron tərəfindən sillə kimi qəbul edilməlidir: "Saziş İran nüvə proqramı üzərində beynəlxalq nəzarəti təmin edirdi. Atom sazişi də adlanan müqavilə bağlandığı andan bəri İran beynəlxalq yoxlamanı ölkənin müxtəlif atom obyektlərinə buraxmağın əvəzində sanksiyaların zəiflədilməsinə nail olmuşdu. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın irəli sürdüyü bu müqavilə qüvvəyə minəndən sonra bir çox ölkələrin İrana ixracatı da güclü artmışdı. Bunların fərqində olan İran Qərbin sözündən çıxmayacaqdı. Amma indi vəziyyət dəyişib”.

"İranın hərbi gücləri İsrail üçün ciddi təhlükə törədir”

Tərəflər arasındakı gərginliyi "Şərq”ə şərh edən siyasi elmlər doktoru, politoloq Zaur Məmmədov deyib ki, Avropa ölkələri son ana qədər düşünürdülər ki, Tramp 6+1 formatında bağlanmış müqavilədən heç vaxt çıxmayacaq. 

Lakin Tramp gözləntiləri dağıtdı: "ABŞ rəhbəri və İsrailin Baş naziri arasında çox güclü bağ var. Ümumiyyətlə, iki dövlət arasında əlaqələr həmişə yüksək olub. Məlumdur ki, prezident seçkisində Respublikaçıların namizədi olan Tramp yəhudi lobbisi tərəfindən güclü şəkildə dəstək görüb. Məsələ ondadır ki, İranın hərbi gücləri İsrail üçün ciddi təhlükəyə çevrilib. Xüsusən, bu təhdidin İsrailin sərhədinə qədər gedib çatması yəhudi hökumətinin ciddi önləm almasına gətirib çıxarıb. Məhz bu səbəbdən Netanyahu Trampın nüvə sazişindən çıxması üçün əlindən gələni edib. Yəhudi lobbisi də üzərinə düşən təzyiqi edib”.

İsmayıl