Qanun yumşaldılır

Hüquqşünas dəyişiklikləri alqışlayır



Azərbaycanda mülkiyyət əleyhinə, o cümlədən gömrük və vergidən yayınma ilə bağlı cinayətləri törədən şəxs zərəri ödədiyi halda cinayət məsuliyyətinə cəlb edilməyəcək. Bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinə (CM) yeni 73-1 (Mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə) və 73-2 (İqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məsuliyyətdən azad etmə) maddələrinin əlavə edilməsi təklif olunur.

Yeni 73-1 maddəsinə görə, məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törədən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunacaq.

Hazırda isə bu əməllərə görə, müvafiq olaraq cərimələr və müxtəlif müddətə islah işlərindən tutmuş 2 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Yeni 73-2 maddəsinə görə isə məcəllənin 209 və 213-cu maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırda buna görə müvafiq olaraq müəyyən cərimələrdən tutmuş 3 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Layihə sentyabrın 29-da ictimai dinləmədən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişiklikləri dəyərləndirən hüquqşünas Qurban Məmmədov "Şərq” qəzeti vasitəsilə ölkə başçısına öz minnətdarlığını ifadə edib: 

"2013-14-cü illərdə həbsxanada olduğum zaman da cənab prezidentə müraciət eləmişdim ki, Azərbaycan dövlətinin büdcəsində yaranan problemləri nəzərə alaraq cəza siyasətinin humanistləşdirilməsi istiqamətində real addımlar atılsın. Sosial münasibətlərin normallaşması və əlavə xərclərin aradan qaldırılması üçün bu cür dəyişikliklərin edilməsi məqsədəuyğundur. Mənim təklifim bundan ibarət idi ki, zərərçəkənlə barışıq və ona dəyən ziyanın tam ödənilməsi insanları cəzaçəkməkdən azad etməlidir. Dəfələrlə bu cür proseslə qarşılaşmışam ki, tərəflər arasında barışıq olub və təqsirləndirilən şəxs vurduğu ziyanı artıqlaması ilə ödəyib. Amma hakim öz maraqlarını üstün tutaraq həmin şəxsi məhkəmə salonundan azad etmir. Hesab edirəm ki, sözügedən təklif qanunvericilikdə öz əksini tapsa, ən azından azadlıqdan məhrumetmə ilə bağlı cəzalar verilməyəcək. Bu zaman da həbsxanalar boşalacaq, büdcəmizə qənaət olunacaq. Ən əsası isə zərərçəkənlərin haqqı-hüququ bərpa ediləcək”.

Bu məsələnin kifayət qədər ciddi olduğunu vurğulayan Q.Məmmədov deyib ki, kompleks tədbirlər həyata keçirilməli və ədalətli həll yolları müəyyən olunmalıdır. 

Aparılan islahatlar məhkəmələrə, istintaq orqanlarına yox, zərərçəkənlə müttəhimlərin xeyrinə olmalıdır: "Əgər dəyişiklik ədalət prinsipləri çərçivəsində həyata keçiriləcəksə və hamıya şamil olunacaqsa, o zaman müsbət hesab etmək mümkündür. Əks halda, kimlərisə həbsdən azad etməyə yönələcəksə, onda heç bir nəticəsi olmayacaq”.

Şəymən