Qanuna dəyişiklik dəstəkləndi:"Ali məktəblərə qəbul imtahansız olacaq"

Qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısı alınacaq

Milli Məclisin Elm və təhsil komitəsində "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin sözlərinə görə, layihədə ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkili nəzərdə tutulub.

Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir. Layihəyə əsasən hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Müzakirə zamanı deputatlar rəy və təkliflərini diqqətə çatdırıblar. Yekunda "Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ali məktəblərə qəbulla bağlı müəyyən islahatların aparılacağının gözlənilən olduğunu vurğulayan təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında bu məsələnin bir neçə müddətdir ki, müzakirə olunduğunu deyib. Ekspert hesab edir ki, təklif olunan dəyişiklik cari il üçün nəzərdə tutulmur: 

"İlk növbədə ona görə ki, 2017-2018-ci tədris ili üçün Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul üçün rəsmi qəbul başlayıb.
Bundan əlavə, ali təhsil müəssisələrinin belə bir hazırlıq qruplarının yaradılması ilə bağlı hazırlığı başlamayıb. Digər tərəfdən isə bu heç də azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almağa getmələrinə maneə olmayacaq. Ona görə ki, hazırlıq qruplarında təhsil alan tələbələr 1 ildən sonra yenidən qəbul imtahanlarında iştirak edəcəklər və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali məktəblərə qəbul olacaqlar. Çünki hazırlıq qruplarında təhsil almaq hansısa hüquqi qüvvəyə malik deyil. Bu, dünya təcrübəsində mövcud olan təcrübədir”.

K.Əsədov təklif edir ki, bu hazırlıq qruplarında təhsil alan tələbələr 1 il sonra qəbul imtahanlarında iştirak edib həmin universitetlərə qəbul olsalar, yenidən birinci kursdan yox, ikinci kursdan dərsə başlamalıdırlar: 

"Bu addımın atılmasını zəruri edən amil kimi, son illər universitetlərə qəbulun aşağı düşməsi və universitetlərin gəlirlərdən məhrum olması olduğunu düşünürəm. Lakin bir məsələni təkrar qeyd edim ki, ali təhsil müəssisələrinin abituriyent səviyyəsində hazırlıq keçmələri üçün maddi-texniki bazaları və avadanlıqları yoxdur. Çünki onlar akademik səviyyədə bakalavr, magistr təhsili üçün dərslik və tədris materiallarına sahibdirlər, abituriyentlər üçün isə onlar lazımlı deyil. Bundan başqa, bütün universitetlərdə ali məktəblərə qəbul üçün ixtisas qruplarının müəllim heyəti mövcud deyil”.


Ali məktəblərdə hazırlıq kurslarının yaradılması məsələsi ilə bağlı Sherg.az-a danışan "Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı isə bu gün Azərbaycan universitetlərində hazırlıq kurslarının mövcud olmadığını deyib.

Onun sözlərinə görə, hələlik universitetlərə qəbul mərkəzi imtahanla aparılır: 

"Təhsil Nazirliyinin siyasətini liberallaşdırması cəhdi bəyəniləndir. Düzdür, Dövlət İmtahan Mərkəzi öz rolunu oynayır. Korrupsiyaya qarşı mübarizə, obyektivliyin təmin olunması baxımından DİM-in fəaliyyəti şübhəsizdir. Eyni zamanda bu, həddindən artıq ultra-mərkəzləşdirilmiş sistemdir ki, ali məktəblər özləri heç nə edə bilmirlər. Məsələn, rəhbərliyimdə olan təhsil ocağına gələn tələbələrin DİM-dən kağız gətirməsi mənim üçün kifayət etmir. Həmin tələbələrin şəxsiyyəti, maraqları mühüm rol oynayır. Eyni nəticəni göstərən iki tələbə bir-birindən çox fərqli ola bilər. Ona görə, universitetlərin rolunu artırmaq lazımdır. Digər tərəfdən müxtəlif baxış olacaq ki, istər-istəməz pul alıb, onları bir az da oxuda bilərlər və s. Ali məktəblər özləri fərqli olduğuna görə, onların yanaşması da fərqli ola bilər. Universitetlərin daxilində kurslar yaradılsa, neqativ halların qarşısını tam almaq mümkün deyil. Kimlərin necə hərəkət etməsi görünəcək.

Ali məktəblərə müəyyən imkanlar yaratmaq lazımdır ki, onlar öz siyasətlərini həyata keçirsinlər. Amma ictimai rəy, Təhsil Nazirliyi, dövlət strukturları görsün ki, kimlər necə hərəkət edir. Bütün Avropa və Amerikada mərkəzi imtahan sistemi yoxdur. Lakin onların maraqları, mədəniyyətləri, reytinqlərdə yüksək yer tutmaları onları məcbur edir ki, obyektiv işləsinlər, ən yaxşı tələbələri, professorları cəlb etsinlər. Səviyyənin yüksək olmasına çalışırlar. Hər şeyi mərkəzdən idarə etmək olmur. Ali məktəblərin özünün rolunu da dəyərləndirmək lazımdır”.

H.İsaxanlı əlavə edib ki, kursların necə yaradılması, texniki hissələrinin dəqiqləşdirilməsi Təhsil Nazirliyinin səlahiyyətində olacaq: "Mexaniki məsələlər müzakirə olunmalı, hansı risklər nəzərdə tutulur, ölçülməlidir. Buna ümumi şəkildə qəbul siyasətinin liberallaşması deyilir.
Amma hər kəsə məlumdur ki, ali təhsilli insanların sayına görə, Azərbaycan digər ölkələrdən geri qalır. Düzdür, biz keyfiyyətli ali təhsilə üstünlük veririk, amma hamı başqa ölkələrdə ali təhsil ölkəmizdəkinə nisbətən daha əlçatandır. Qəbul siyasətini yumşaltmaq lazımdır. Əgər insanlar oxumaq istəyirsə, onların bir hissəsi yüksək oxuyub, dövlət tərəfindən oxudulmalıdır. Digərləri isə oxumaq istəyirsə, ali məktəb onu götürmək istəyirsə, qoy oxusun.

Məsələn, mən "Xəzər” Universitetinə tələbələri götürdükdə çalışacağam ən yaxşı, istedadlı tələbələri götürüm. Kasıbdır, oxuya bilmirsə, elə hazırlamaq lazımdır ki, o, dövlətdən pulunu alıb, gələ bilsin”.

Şəymən