““Qanuni oğru”ların cəmiyyəti daha ədalətlidir" - Sabiq rəis

Məmməd Zeynalov: "Cəmiyyətimizdə məmurlar arasında ədalətlisini az hallarda tapmaq olar. Amma orada ədalətli olmayan insanı cəmiyyətə buraxmırlar"


""Qanuni oğru”lar əsasən postsovet ölkələrində fəaliyyət göstərir”.

Bunu "Sherg.az”a dünyada 17 azərbaycanlı "qanuni oğru”nun fəaliyyət göstərməsinə münasibət bildirərkən penitensiar xidmətin sabiq rəisi Məmməd Zeynalov deyib. 

O bildirib ki, "qanuni oğru” titulu postsovet ölkələrindən başqa heç yerdə yoxdur:

""Qanuni oğru”ların cəmiyyəti bizim yaşadığımız cəmiyyətdən daha ədalətlidir. Cəmiyyətimizdə məmurlar arasında ədalətlisini az hallarda tapmaq olar. Amma orada ədalətli olmayan insanı cəmiyyətə buraxmırlar. Bizim cəmiyyətdə məsələn, yaxşı bir professor var, lakin ədalət məsələlərinə baş qoşmur. Ona görə, "qanuni oğru”lar nisbətən çox diqqət cəlb edir və tanınır”.

Kriminal aləmdə "qanuni oğru”ların adının tez-tez hallanmasına diqqət çəkən M.Zeynalov deyib ki, Azərbaycana bu baxımdan təhlükə yoxdur:

""Qanuni oğru”ların etdikləri pisdir, ya yaxşıdır onu deyə bilmərik. Lakin hazırda Azərbaycanda "qanuni oğru” yoxdur. Onlar hamısının fəaliyyətinə xitam verilib. Əvvəllər cəzaçəkmə müəssisələrində və adi yerlərdə onların qeyri-formal təşkilatları olurdu. İndi isə elə təşkilatlar yoxdur”.

Qeyd edək ki, bu barədə Rusiyanın kriminal mətbuatı məlumat yayıb. Məlumata görə, onların bəziləri həbsxanada, bir neçəsi axtarışda, qalanları azadlıqdadır.

Xatırladaq ki, "qanuni oğru”lardan "Zaur Naxçivanski”, "Tolik Noqinski”, "Albert Piterski”, "Rüfət Gəncinski”, "Emin Hacıqabulski”, "İlqar Bakinski” Rusiyada həbsxanadadırlar. "Lotu Quli” isə Azərbaycanda cəza çəkir.

Aysel Aslan