“Qara siyahı”dakı jurnalistlər” - Onlar “həmkar”larımızdırmı?
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Bu dəfə jurnalist həmrəyliyindən danışacağıq. Ancaq fərqli kontekstdə.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən, reportajlar hazırlayan, məqalələr yazan, sonra isə məsum görkəm alıb "bilməmişdim” deyə üzr istəyən üzdəniraq həmkarlarımızın "həmrəyliyindən”. Məlumdur ki, Qarabağımıza müxtəlif ölkələrdən tez-tez "qonaqlar” gedir. Və təəssüf ki, onların arasında jurnalistlər də olur. Azərbaycanın dövlət sərhəddini pozaraq, Dağlıq Qarabağa icazəsiz səfərlər edir, işğalçı qüvvələrlə görüşür, sonra da birtərəfli material hazırlayıb yayımlayırlar. Daha bunun harası həmrəylik oldu?!
İndiyədək xeyli sayda jurnalist məhz Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı”na düşüb. "Arqumenti i faktı” qəzetinin əməkdaşı Aleksandr Kolesniçenko, ispan Rikkardo Markina Montanyana, litvalı jurnalist Audryus Antanantis, avstriyalı Martin Ştaudinqer, yapon, meksikalı... siyahı uzundur. Bir də "məşhur” Lapşin. Amma aralarında səhvini etiraf edənlər, fransalı jurnalist Roman Myelkarek kimi Azərbaycan dövlətinə rəsmi müraciət edib Qarabağ bölgəsinə səfərinin təşkil olunmasını, necə deyərlər, ədəb-ərkanla istəyənlər də var. Təbii ki, Azərbaycan dövləti ölkə qanunlarını, ərazi bütövlüyünü, suverenliyi tanıyıb rəsmi qaydada səfər etmək istəyənlərə hər cür şərait və imkan yaratmaq gücündədir və bizim kimsədən gizlədəcəyimiz sirrimiz də yoxdur.
Amma məsələ qanun pozucularına gəlincə, dövlətimiz də sərt üzünü göstərir və bizim həmkarlığımız da aradan qalxır. Bəs belə üzdəniraq "həmkarlarımız”ın, əslində isə Ermənistanın məkrinin qarşısını almaq üçün biz jurnalistlər nə etməliyik. Necə davranmalıyıq ki, düşmən səfində yer alanlar "söz azadlığı, jurnalist sərbəstliyi, plüralizm”in pozulduğunu iddia edə bilməsinlər?
Kim olursa olsun, dövlətin qanunlarına hörmət və əməl etməlidir
"Səs” Media Holdinqin rəhbəri Bəhruz Quliyev hesab edir ki, Dağlıq Qarabağa qanunsuz səfər etmiş jurnalistləri, Azərbaycan dövlətindən üzr istəyib, ərazi bütövlüyümüzü tanıdıqlarını bildirməyənədək həmkar adlandırmaq doğru deyil:
- Qanun hər yerdə, hər zaman ucadır. Biz ilk növbədə hamıdan Azərbaycan qanunlarına hörmət etməyi və qanun çərçivəsində davranmağı tələb edirik. Nə vaxta qədər ki, bu jurnalistlər Xarici İşlər Nazirliyinin "qara siyahısı”ndadır, üzr istəyib, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını, Azərbaycanın suverenliyinə hörmətlə yanaşdıqlarını və Dağlıq Qarabağa qanunsuz səfərdən peşman olduqlarını bildirməyiblər, onlar bizim nəzərimizdə "həmkar” ola bilməzlər. Hər bir azərbaycanlı üçün ən ümdə meyar dövlətimizin suverenliyi, ərazi bütövlüyümüz və Qarabağ uğrunda aparılan haqq savaşıdır. Bir adam ki, ölkənin qanunlarını pozur, beynəlxalq hüququ çeynəyir, xalqımızın Qarabağ yarasına biganə qalır, onu necə "həmkar” adlandırmaq olar?!
Bəli, indiyədək bunun şahidi olmuşuq ki, Dağlıq Qarabağa qanunsuz səfər edənlərdən bir çoxu səhvini anlayıb, etiraf edib, Azərbaycan dövlətindən üzr istəyib, adının "qara siyahı”dan çıxarılmasını xahiş edib. Əlbəttə, belə jurnalistlərlə əməkdaşlığı davam etdirmək olar və lazımdır da. Azərbaycan dövləti, cənab Prezidentin rəhbərliyi ilə Dağlıq Qarabağ məsələsində lazımi addımları atır. Hüquqi müstəvidə gərəkən işlərin hamısı görülür. Bizim jurnalist, kütləvi informasiya vasitəsi, ictimai institutlar olaraq üzərimizə düşən vəzifə bu işləri beynəlxalq media müstəvisinə daşımaqdır. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin yürütdüyü siyasəti və aparılan fəaliyyəti beynəlxalq media quruluşlarına, dünyadakı həmkarlarımıza çatdırmalıyıq. İşimiz ondan ibarət olmalıdır ki, Azərbaycan həqiqətlərini, daim jurnalist həmkarlarımızın nəzərinə çatdıraq, məlumatlandırma və maarifləndirmə işi aparaq, çağırışlar edək və bununla da həmkarlarımızın həqiqətləri bilməsini təmin edək.
Məlumatlandırma prosesi genişləndirilməlidir
B.Quliyev qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, həmçinin Mətbuat Şurası işğaldan azad olunmuş kəndlərə də, cəbhə bölgələrinə də tez-tez jurnalistlərin səfərlərini təşkil edir. Bunlar dövlət səviyyəsində aparılan işlərdir. Məqsəd də xəbər daşıyıcısı və xəbər yayıcısı olan jurnalistlərin daha artıq məlumatlanmasıdır. Amma:
- Biz də, bilavasitə media sahəsində fəaliyyət göstərənlər, ictimai təşkilatlar, ictimai institutlar da çalışmalıyıq ki, məlumatlandırma arealını genişləndirək və bu proses daha geniş müstəviləri - daha çox ölkələrin jurnalistini əhatə etsin. Bu iş nə qədər geniş aparılarsa, xarici ölkə jurnalistləri ermənilərin toruna az düşər. Məlumatlı insan hara və niyə getdiyini bilir və səhvlərə yol verməməyə çalışır. Bunu da biz jurnalistlər təmin etməliyik. Hazırkı dövrdə internet, sosial şəbəkələr ən optimal ünsiyyət və məlumatlandırma vasitəsidir. Bizim xarici ölkələrdə əlaqə qurduğumuz, ünsiyyət yaratdığımız həmkarlarımızın sayı çox olmalıdır.
"Jurnalist əlahiddə hüquqa sahib deyil”
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də bu fikirdədir ki, qanunu pozanlar "söz azadlığı, plüralizm” pərdəsi altında gizlənə bilməz:
- Bütün dünyada jurnalistlər qanunlar və jurnalist etikası çərçivəsində fəaliyyət göstərmək məcburiyyətindədir. Jurnalistlər heç bir əlahiddə hüquqa sahib deyillər. Jurnalist vətəndaşı olduğu ölkənin qanunlarına tabe olduğu kimi, səfər etdiyi ölkənin də qanunlarına hörmətlə yanaşmalı və qanunları pozmamalıdır. Azərbaycan sərhəddini keçən istənilən jurnalist də bunun üçün müvafiq qurumlardan icazə almalıdır. Jurnalist səfər etdiyi ölkənin sərhədlərini icazəsiz keçə bilməz. İstər ABŞ-dan gələn olsun, istərsə də Avropa ölkəsindən, yaxud hansısa "üçüncü”, "dördüncü” dünya ölkəsindən. Qanunlar hamı üçün eynidir, hər kəs də ona tabe olmalıdır. Amma təəssüf ki, biz həmkar adlandırdığımız, başqa ölkələrin jurnalistlərinin zaman-zaman Azərbaycan ərazilərinə qanunsuz daxil olmalarının, Dağlıq Qarabağa icazəsiz səfərlərinin şahidi oluruq. Halbuki Dağlıq Qarabağ bu gün Ermənistanın işğalı altında olsa da, BMT səviyyəsində Azərbaycan torpağı olaraq tanınır. Yəni, həmin "həmkarlarımız” Dağlıq Qarabağa icazəsiz səfər etməklə həm ölkəmizin qanunlarını, həm də beynəlxalq hüququ pozmuş olurlar. Bunun mətbuat, fikir və söz azadlığı, plüralizm, jurnalist sərbəstliyi kimi dəyərlərə artıq heç bir aidiyyəti yoxdur. Əksinə, bu, fikir və söz azadlığını da, plüralizmi də təhdid etməkdir.
Həmkarlarımız axı niyə Dağlıq Qarabağa qanunsuz, icazəsiz səfər etməlidir, bir halda ki, Azərbaycan dövləti bunu heç bir halda yasaqlamır. Hətta Ermənistandan keçməklə də səfər etmələrinə qarşı deyil. Azərbaycan dövləti sadəcə, deyir ki, jurnalist rəsmi qaydada Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət etsin, rəsmi qurumları məlumatlandırsın, sonra səfər etsin.
Xarici jurnalistlər çox zaman məlumatsız olur
A.Həsrət əcnəbi jurnalistlərin Dağlıq Qarabağa qanunsuz səfər etmələrinə əsasən də Azərbaycanın xarici ölkələrdəki səfirliklərini suçlu sayır:
- Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətini qənaətbəxş saymıram. Əgər səfirliklər vaxtaşırı tədbirlər keçirib, ictimaiyyəti, jurnalistləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yetərincə məlumatlandırmış olsalar, jurnalistlər belə yanlışlıqlara yol verməz. Mümkündür ki, bu insanlar, həqiqətən də məlumatsız olsun. Hətta tutalım, lap yalan danışırlarsa da, o zaman XİN xarici ölkələrdəki səfirliklərin vasitəsilə bu yalanı ortaya çıxara bilər. Məsələn, iddia irəli sürərlər ki, filan vaxtı səfirliyin təşkilatçılığı ilə filan tədbir keçirilib, orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Ermənistanın işğalçılıq siyasətindən, Azərbaycanın 20 faiz torpağını, o cümlədən də Dağlıq Qarabağı işğal altında saxlamasından danışılıb. Fotolar, video-görüntülər izlənilib, bu jurnalistlər də orada iştirak ediblər. İidi necə deyirlər ki, xəbərləri olmayıb?! Ancaq biz bu kimi bəyanatların da şahidi olmuruq. Bu məsələlərdə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin, diplomatik nümayəndəliklərin, konsulluqların üzərinə böyük məsuliyyət düşür. Məhz onlar tez-tez toplantılar keçirməli, o ölkənin aparıcı media quruluşlarının təmsilçilərini dəvət etməli, onları məlumatlandırmalı, bəyanatlarla çıxış etməlidirlər ki, həm media mənsubları, həm də o ölkənin ictimaiyyəti məlumatlandırılmış olsun. XİN bu məsələni beynəlxalq tribunalardan dünyaya çatdırmalıdır. Çünki o jurnalistlər arasında Ermənistan tərəfindən aldadılaraq Dağlıq Qarabağa aparılanların olması da şübhəsizdir.
Qanunsuz səfərləri necə dayandırmalı?
A.Həsrət əcnəbi jurnalistlərin Dağlıq Qarabağa qanunsuz səfərlərinin qarşısını almağın optimal yollarını belə göstərdi:
1) XİN və xarici ölkələrdəki səfirliklərimizin fəaliyyətlərini korrektə etməsi. Həmin ölkə jurnalistlərin, media qurulaşlarının daha çox məlumatlandırılmasının təşkil edilməsi, Qarabağ mövzusunda geniş tədbirlərin keçirilməsi.
2) Həmin ölkə jurnalistlərin məhz Azərbaycan dövlətinin xətti ilə səfərə dəvət edilməsi, səfərlərin təşkil edilməsi.
A.Həsrət hesab edir ki, Dağlıq Qarabağ həqiqətlərinin dünyada bilinməsi üçün xarici ölkə jurnalistlərinin reportajlar hazırlaması ziyanlı deyil. Lakin onlar məhz Azərbaycan dövlətinin xətti ilə, qanuni şəkildə səfər etdikdə biz balanslaşdırılmış materialların hazırlanacağına və həqiqətin də üzə çıxacağına əmin ola bilərik.
"Vəsaitimiz olsa...”
A.Həsrət Beynəlxalq Avrasiya Mətbuat Fondunun bu istiqamətdə gördüyü işləri xatırlatdı:
- Beynəlxalq Avrasiya Mətbuat Fondu gücü, imkanı çatdığı qədər xarici ölkə jurnalistlərinin Azərbaycana və Qarabağa səfərlərini təşkil edir. Məsələn, Cəbrayılın işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfərlər təşkil edildi, Füzulidə 5 yaşlı Zəhra və nənəsi şəhid olanda, xarici jurnalistlər həmin əraziyə aparıldı və həqiqətləri gözləri ilə gördülər. Bunlar dünyanın müxtəlif ölkələrində yaşayıb çalışan həmkarlarımızın Azərbaycan həqiqətlərini bilməsi üçün çox vacib addımlardır. Amma gəlin, içi mən qarışıq, digər qeyri-hökumət təşkilatlarının fəaliyyətinə baxaq. Sözün düzü budur ki, mən indiyə qədərki təcrübəmə, müxtəlif ölkələrdə qurduğumuz əlaqələrə arxalanıb jurnalist dostlarımı Azərbaycana dəvət edə bilərəm. Amma hansı vəsaitlə? Problem bundadır. QHT-lərə, layihələrə ayrılan vəsait bu işləri layiqincə həyata keçirmək üçün qətiyyən yetərli deyil. Bu işlər üçün əlimizdə vəsait yoxdur. Vəsaitimiz olsa, istənilən işi icra etməyə həm bacarığımız, həm də peşəkarlığımız çatar.
Məlahət Rzayeva
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.