Qarabağ danışıqlarının görüş məkanı dəyişir

“Lavrov planı işə düşübsə, o zaman Moskvanın tezliklə Bakı və İrəvana təzyiqlərinin şahidi olacağıq”



Fransa Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüş yeri olaraq Parisi təklif edib. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşən fransalı həmkarı Jan-Mark Eyro məlumat verib: "Biz Dağlıq Qarabağdakı situasiyanı müzakirə etdik. Cənab Lavrov məni Vladimir Putinlə azərbaycanlı və erməni həmkarları arasında baş tutan danışıqlar barədə xəbərdar etdi.

Mən xatırlatdım ki, yeni danışıqlar üçün Parisin namizədliyini təklif etmişik”. Xatırladaq ki, prezidentlərin sonuncu görüşü Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda baş tutub. Ekspertlərə görə, növbəti görüşü Avropa paytaxtlarına çəkməyə çalışan Qərb dövlətləri Dağlıq Qarabağ problemi ilə bağlı təşəbbüsü öz əllərinə almaq istəyirlər. Bu barədə "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, Qarabağla bağlı təşəbbüs hələ ki, bütünlüklə Rusiyanın əlindədir. Bununla belə, ekspert Rusiya ilə Avropa arasında müəyyən bir razılaşmanın olduğunu və buna uyğun olaraq Putindən sonra danışıqlar estafetinin Qərbə keçdiyini istisna etməyib: "Növbəti görüşün Paris və ya başqa şəhərdə baş tutması mümkün ehtimaldır. Ancaq Qarabağla bağlı təşəbbüs Moskvadadır. Çünki müzakirələrdə ortaya çıxarılan sənəd "Lavrov planı”dır və danışıqlar bu fonda gedir. Qarabağın azad olunması ilə bağlı yol xəritəsi də məhz bu plana uyğun hazırlanıb. Ola bilsin, həmin plan Sankt-Peterburqda masada olub”. Q.Hüseynli bildirib ki, Lavrov planı Kazan razılaşmasının müəyyən qədər redaktə edilmiş variantıdır: "Danışıqlar üçün əsas rol oynayacaq sənəd məhz Rusiyanın təklif etdiyidir. Hazırkı danışıqlar mərhələsi kompromislər prosesidir. Azərbaycan onun üçün məqbul olmayan müddəalara etirazını bildirəcək. Görünür, Dağlıq Qarabağın statusu ilə bağlı fikir ayrılıqları var. Azərbaycan Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır, o şərtlə ki, bu ölkənin unitar quruluşunu pozmasın. Bundan sonra danışıqlar çox gərgin keçəcək.

Unutmayaq ki, Lavrov sənədi ilk növbədə Rusiyanın bölgədə öz hərbi və geosiyasi maraqlarını təsbit eləməyə yönəlib. Söhbət bölgəyə sülhməramlılar adı ilə Rusiya hərbi qüvvələrinin yeridilməsi və Azərbaycanın Avrasiya layihələrinə cəlb edilməsindən gedir. Ancaq Qərbin bununla razılaşıb-razılaşmayacağı bəlli deyil. Əgər doğrudan da Lavrov planı işə düşübsə, o zaman Moskvanın tezliklə Bakı və İrəvana təzyiqlərinin şahidi olacağıq”.

İsmayıl