Qarabağ münaqişəsi həll olunmasa, inkişaf olmayacaq
Rusiyalı və amerikalı ekspertlər Bakıdan Ermənistana mesajlar ünvanladı
Bakıda keçirilən VI Beynəxalq Humanitar Forumun yekunlarına dair bəyannamə qəbul edilib. Bəyannamədə qeyd olunub ki, Forumun işi əməkdaşlığın genişlənməsinə və inkişafına töhfə verəcək. Vurğulanıb ki, insan potensialı və insan kapitalının inkişafına qoyulan sərmayələr elmi və informasiya-kommunikasiya texnologiyalarının təkmilləşdirilməsini təmin etməlidir: "Azərbaycanda insan kapitalının qorunub saxlanılması və artırılması istiqamətində əldə olunan və bütövlükdə dayanıqlı inklüziv inkişaf sahəsində yüksək nəticələr təmin edən böyük nailiyyətlər qazanıldığını təsdiq edirik”.
"VI Bakı Beynəxalq Humanitar Forumunda müzakirə olunan aktual problemlər perspektivdə öz həllini tapır”
Forumda çıxış edən Rusiya Dövlət Dumasının sədr müavini Sergey Neverov deyib ki, VI Bakı Beynəxalq Humanitar Forumu Rusiya və Azərbaycan prezidentlərinin himayəsi altında keçən və beynəlxalq səviyyədə tanınan çox ciddi dialoq platformasıdır. O qeyd edib ki, Foruma maraq getdikcə artır, çünki bu tədbirdə müzakirə olunan aktual problemlər perspektivdə öz həllini tapır: "Bu beynəlxalq dialoq platformasında heç bir ölkənin müstəqil şəkildə həll edə bilməyəcəyi qlobal problemlər müzakirə olunur”. Neverov eyni zamanda dinamik inkişaf edən və möhkəmlənən Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini qeyd edib.
"Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır”
Rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko bildirib ki, Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayanadək ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişaf olmayacaq. O qeyd edib ki, Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması vədlərini yerinə yetirə bilməyəcək. Ekspertin sözlərinə görə, Ermənistanın problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir: "Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır. Paşinyanın vədlərinə baxmayaraq ola bilər ki, Ermənistan getdikcə daha da çökəcək”.
"Bakı Prosesinin elmi komitəsi yaradılmalıdır”
İspaniyanın Pompeu Fabra Universitetinin professoru Riçard Sapata Barrero bildirib ki, elm adamları "Bakı Prosesi”nə elmi qiymət verməlidirlər: "Biz öz qapılarımızı alimlər və tədqiqatlar üçün açmalı və yeni təşəbbüslərin irəli sürülməsinə imkan yaratmalıyıq. Elə edilməlidir ki, Bakı Prosesində səslənən ideyalar hamıya məlum olsun. Bakı Prosesi ideyaların konsepsiyalaşdırılması üçün çox yaxşı fürsətdir”. Barrero bildirib ki, dövlətlərarası əlaqələrin inkişafında mədəniyyətlərarası dialoqun rolunu düşünmək lazımdır: "Mədəniyyətlərarası dialoq dövlətlərarası münaqişələrin həllində istifadə edilə bilər”.
"Mədəniyyətlərarası dialoqda iştirak etməyən insanları da bu prosesə cəlb etmək lazımdır”
Avropa Şurasının Şimal-Cənub Mərkəzinin icraçı direktorunun müavini Rocio Kervera deyib ki, bugünkü dünyaya birlik lazımdır. Bunun üçün səylər birləşdirilməli, beynəlxalq təşkilatlar bu işə səfərbər olmalıdır: "Mədəniyyətlərarası dialoqun inkişafı üçün biz hansı strategiyaya üstünlük verməli olduğumuzu bilməliyik. Çünki yalnız bu strategiya hesabına mədəniyyətlərarası dialoqa töhfə verilə bilər”. Kervera hesab edir ki, mədəniyyətlərarası dialoqda iştirak etməyən insanları da bu prosesə cəlb etmək lazımdır. Azərbaycanın Şimal-Cənub Mərkəzinin üzvü olduğunu söyləyən R.Kervera bu qurumun vətəndaşlar üçün mədəniyyətlərarası dialoqun aparılmasına töhfə verdiyini söyləyib: "Biz necə etməliyik ki, bir-birimizi başa düşək? Bəzi nəzəriyyələr təcrübə mübadiləsinin aparılması ilə bağlıdır. Fərdi tədbirlər keçirməklə dəyişiklik yaratmaq olar və dialoqların aparılması risklərini aradan qaldırmaq olar. Çünki hər bir fərd yalnız özü bilir ki, o, necə davranışa üstünlük verir və verəcək”.
"Təhlükəli çağırışlara göz yummaq olmaz”
YUNESKO baş direktorunun müavini Çu Sin deyib ki, bu gün sərhədlərin toxunulmazlığı, beynəlxalq hüquqa riayət edilməməsi çağırışları ilə üzləşirik ki, bunlar da çox təhlükəli çağırışlardır. Hazırda dünyanın sürətlə qloballaşdığını deyən Çu Sin bildirib ki, gedəcəyimiz yolda bu kimi təhlükəli çağırışların olmasına göz yumulmamalıdır: "Bu sahədə dəyişikliklərə nail olmalıyıq. Qarşılıqlı hörmət vacib götürülərək, ictimai rəy məhz bu istiqamətdə formalaşdırılmalıdır. Sülh quruculuğu, insanlara ləyaqətli yanaşma vacib bir dəyərlər kimi götürülür".
Çu Sinin sözlərinə görə, dünya tarixdə görünməyən böhranlarla üzləşir ki, bu baxımdan hər bir səviyyədə mədəniyyətlərarası dialoqun aparılmasına, innovasiya proseslərinin sürətləndirilməsinə nail olmaq çox vacibdir.
"Azərbaycan mədəniyyətlərarası əlaqələr sahəsində regionda xüsusi rol oynayır”
Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının Baş katibinin müavini Əbdüləziz Əbu Hamad bəyan edib ki, dünyadakı bir çox münaqişələr, o cümlədən ərəb dünyasındakı münaqişələr insanlar arasındakı səhv təsəvvürlər əsasında yaranır: "Mərkəzi Asiyada və Qafqazda mədəniyyətlərarası dialoqla bağlı layihələrin gələcəkdə də həyata keçiriləcəyinə ümid edirik. Dialoqun qurulmasına özəl sektor da öz töhfəsini verə bilər. Azərbaycan ticarət və mədəniyyətlərarası əlaqələr sahəsində regionda xüsusi rol oynayır”.
"Bakı Prosesinin 10-cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir”
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri bildirib ki, Bakı Prosesinin 10-cu ildönümü yeni dünya nizamının qurulmasına öz töhfəsini verməlidir: "Hazırda müxtəlif ölkələrin xalqları arasında və dünyada etimad böhranı var. Müxtəlifliyin qəbul edilməsi üçün insanlar arasında mədəni dəyərlərin qorunub saxlanılmasına böyük ehtiyac duyuruq. Biz sülhün, qardaşlığın carçıları olmalı, bəşəriyyət üçün təhlükəsiz həyatı təmin etməli və qardaşlıq, sülh, rifah naminə çalışmalıyıq. Odur ki, mədəniyyətlərarası dialoqların güclənməsini istəyirik”.
"Qondarma rejimin fəaliyyəti Dağlıq Qarabağın təbiətinə ciddi təhlükə törədir”
Amerikalı ekspert Piter Teys də deyib ki, Qərb mətbuatı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı məsələsini və bölgənin təbiətinə vurduğu ziyanı kifayət qədər işıqlandırmır. O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fəaliyyəti flora və faunaya zərər vurur, Dağlıq Qarabağın təbiətinə ciddi təhlükə törədir: "Qondarma rejim regionun təbii ehtiyatlarının istismarı siyasətini həyata keçirir. Dağlıq Qarabağda ətraf mühitə işğal olunmuş ərazilərdə keçirilən hərbi təlimlər də ziyan vurur”.
"Azərbaycanda bütün etnik qruplar çox rahat və təhlükəsiz yaşayır”
Ərəb Dövlətləri Liqasının Mədəniyyətlərarası Dialoq Departamentinin direktoru Samiya Bibars deyib ki, Azərbaycan etnik qrupların birlikdə yaşaya bildiyi çox uğurlu modeldir. Onun sözlərinə görə, Azərbaycanda bütün etnik qruplar çox rahat şəkildə və təhlükəsiz yaşayırlar: "Bakı Prosesi qlobal platforma kimi mədəniyyətlərarası dialoqun davam etdirilməsinə imkan verir. Bakı Prosesi adlanan platforma zorakılıq, terrorizm kimi çağırışlara qarşı çıxır. Bakı Prosesi dayanıqlı sülhün təminində rol oynayır". Liqa rəsmisi əlavə edib ki, Azərbaycan mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verir: "Bakı Prosesi sülhə xidmət edir, mədəniyyətlərarası dialoqun aparılmasına rəhbərlik edən qurum kimi özünü göstərir".
İsmayıl