"Qarabağ problemi kəskin bucaq altında davam edir" - AÇIQLAMA




"Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından xarici ölkələrdə konfransların həyata keçirilməsi əhəmiyyətlidir”.

Bunu Sherg.az-a Ankara şəhərində keçirilən "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransın əhəmiyyətindən danışarkən politoloq Tofiq Abbasov deyib. 

O bildirib ki, bu mövzuda dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər nəticəsində ictimaiyyətin diqqəti Xocalı soyqırımına yönləndirilir:

"Bu konfranslar və onların materialları ermənilərin yalan məlumatlarla dolu təbliğat siyasətinə cavabdır. Xocalı haqqında konfransların xaricdə keçirilməsinin əhəmiyyəti odur ki, biz məlumat auditoriyasını genişləndiririk. Beynəlxalq ictimaiyyətə göstəririk ki, Azərbaycanda stabillik olmasına baxmayaraq vətəndaşlarımız müharibə şəraitində yaşayır. Ermənilərin millətçi qrupları terrorist təşkilatları, onun bəşəriyyətə hiddətli məfkurə ilə yanaşan qüvvələri istənilən vaxt sakitliyi pozub, gərginlik yarada bilərlər. Həmin dağıdıcı qüvvəni özbaşına buraxarsansa, onlar hər şeyi edə bilər, regionda vəziyyəti poza bilər.

Bu konfranslar həm də dünyaya xəbərdarlıqdır. Bəzən insanlar sayıqlıqlarını itirir. Amma erməni problemində ciddi yanaşma, səfərbərlik olmalıdır. Bu məsələdə bütün əməli tədbirlər görülməlidir. Türkiyə Azərbaycan münasibətləri ona görə həm region, həm ölkələrin özləri üçün problemlərin həllində məhsuldar effektə malikdir. Erməni təbliğat maşını neçə onilliklərdir işə salınıb. Onlar özlərini dünyaya haqsızlığa məruz qalmış xalq kimi təqdim edirlər. Əgər onların iddia etdikləri qondarma erməni soyqırımı 100 ildən çox tarixi varsa, Xocalı soyqırımı 25 ildir törədilib. Bu onların xislətini, iç üzünü açan məqamdır ki, onlar torpaq iddiaları uğrunda illərlə dağıdıcı əməllər törətməkdən əl çəkmirlər. ”Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” konfransının Türkiyədə keçirilməsi qondarma erməni soyqırımına pozitiv işıq salır. Cəlladların gözlərinə digərləri də cəllad görünür. Buna görə də, Qarabağ problemi kəskin bucaq altında davam edir". 

Konfransda iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəsmilərlə görüşməsini diqqətə çatdıran T. Abbasov deyib ki, görüşlərdə ikitərəfli münasibətlərin, qarşılıqlı əlaqələrin, Qarabağ probleminin müzakirəsinə yer ayrılır:

"Eyni zamanda son dərəcə gərgin problemlər var. Azərbaycan da Yaxın Şərqin qaynar bölgəsindən uzaqda deyil. Bir müddət əvvəl paytaxtda Rusiya və ABŞ hərbi qərargah rəhbərləri görüşdülər və onlar prezident İlham Əliyevlə danışıqlar apardılar. Sonra Amerika nümayəndəsi Türkiyəyə də səfər edib, rəsmilərlə danışıqları davam etdirdi. Beləliklə, yeganə kompozisiya yaranır və təhlükəsizlik problemləri önə çıxır. Digər tərəfdən Azərbaycan və Türkiyənin ümumi, hərbi əməkdaşlıqla bərabər müxtəlif sahələrdə münasibətləri mövcuddur. Bölgədə baş verən proseslərdə Moskva-Bakı-Ankara, Moskva-Tehran-Ankara, Moskva-Bakı- Tehran üçbucaqları çevik fəaliyyət göstərir. Son zamanlar xüsusilə rəsmi Ankara çox ciddi və ehtiyatlı siyasət həyata keçirir. Türkiyə rəhbərliyi çalışır ki, terror dalğasının qarşısını aldıqdan sonra əməkdaşlıqlarını daha da artırsın”.

Qeyd edək ki, Xarici işlər naziri Elmar Məmmədyarov fevralın 22-də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (Türk Şurası) və Ahmet Yasevi Universitetinin təşkilatçılığı ilə Ankara şəhərində keçirilən "Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda iştirak edib. Səfər əsnasında nazir Elmar Məmmədyarovun həmçinin ikitərəfli görüşləri də planlaşdırılıb.

Aysel Aslan