Qarabağda böyük savaş gözlənilmir

“Yaxın Şərqdəki böhran başa çatdıqdan sonra Qafqaz problemləri, xüsusən Dağlıq Qarabağ münaqişəsinə ciddi diqqət yetiriləcək”





Ötən gün Ermənistan tərəfi cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə iriçaplı ağır silahlardan istifadə edib. Müdafiə Nazirliyindən verilən xəbərə görə, erməni silahlı bölmələri 120 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Milli ordumuzun adekvat cavab tədbirləri nəticəsində ermənilər susdurulub, düşmən itki verib. Nazirlik bəyan edib ki, cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: "Hazırda cəbhəboyu zonada əməliyyat şəraitinə bölmələrimiz tam nəzarət edir və atəş xəttində üstünlük qoşunlarımızın tərəfindədir”. Məlumat üçün bildirək ki, düşmən təxribatının qarşısını alarkən hərbi qulluqçumuz Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub. Müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra şəhidə "Hərbi xidmətdə fərqlənməyə görə” medalı verilib. İlin birinci ayından etibarən cəbhə xəttində müşahidə olunan gərginliyi şərh edən bəzi ekspertlər hərbi əməliyyatların geniş müstəviyə keçmə ehtimalını istisna etməyiblər. Amma bunun əksini düşünən politoloqların fikrincə, ermənilərin təmas xəttində mütəmadi olaraq atəşkəsi pozması başqa məqsədlərə xidmət edir. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Arzu Nağıyevin sözlərinə görə, son günlər sərhəddə və Qarabağ cəbhəsində baş verən təxribatların əsas məqsədi Silahlı Qüvvələrimizin düşmənə adekvat cavab verməsini önə çıxardaraq KTMT-dən kömək dilənməkdir: 

"Düşmən istəyinə nail olmaq üçün dekabr ayında şəhid olan əsgərimizin nəşini qaytarmaqdan imtina edir. Buna baxmayaraq, Azərbaycan tərəfi beynəlxalq təşkilatlara müraciət edərək məsələyə müdaxilə edilməsini istədi. Həmin qurumlar düşmənin hərəkətini tənqid etdilər. Düşmən tərəf təxribatların effektiv olmadığını gördükdə Dağlıq Qarabağ cəbhəsində atəşkəsi pozmağa başladı. Ermənistan ona çağırış edən beynəlxalq təşkilatlara məhəl qoymur. Sarkisyan hökuməti də bu cür təxribatlarla indiki status-kvonu saxlamağa, danışıqlar prosesini və öz hakimiyyətini uzatmağa çalışır. Eyni zamanda düşmən ölkə daxildə baş verən siyasi və iqtisadi proseslərdən xalqı yayındırmaq üçün münaqişənin həllini ön plana çəkir və cəbhə xəttində təxribat törədir. Sarkisyan qondarma rejimə vəd etdiyi "müstəqilliyi” də onlara verə bilmir. Ona görə də vəziyyəti gərgin saxlamaqla nəticə əldə olunmamasına səy göstərir”.

Ekspert bildirib ki, bəzi xarici politoloqlar ABŞ-ın yeni hökumətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmayacağını iddia edirlər: 

"Onların bu cür çıxışları Ermənistanda "ruh yüksəkliyi” yaradır. Lakin, bunun reallığı əks etdirmədiyi hamıya məlumdur. Dünya ölkələrini narahat edən qaynar ocaqlar arasında Qarabağ münaqişəsi xüsusi yer tutur. Sadəcə ərəb dünyasında baş verən proseslərin həllinə öncəlik verilir. Yaxın Şərqdəki böhran başa çatdıqdan sonra Qafqaz problemləri, xüsusən Dağlıq Qarabağ münaqişəsinə ciddi diqqət yetiriləcək. Məncə, 2017-ci ildə cəbhədə müharibənin qızışması nə regiona, nə də dünyaya xeyir verən bir prosesdir. Müəyyən təxribatlar, atışmalar ola bilər. Ancaq qlobal savaşın başlaması gözlənilən deyil”.

İsmayıl