Erməni deputat təkbaşına Bakıya gəlmək istəyir

Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından deputat Lilit Galstyan Azərbaycanda saxlanılan ermənilərlə görüşmək üçün Bakıya gəlməyə hazır olduğunu bildirib.

Sherg.az xəbər verir ki, Galstyan bununla bağlı ATƏT Parlament Assambleyasının rəhbərliyinə və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinə məktub göndərib.

Erməni deputat ATƏT PA deputatlarından ibarət humanitar missiyanın Bakıya səfərinin təşkilinə yardım göstərilməsini istəyib.

“Bu səfərin təşkilinə kömək göstərilməsini xahiş edirəm. Mən də şəxsən və təkbaşına Bakıya getməyə hazıram”, - deyə Galstyan bildirib.

O, təşəbbüsün siyasi deyil, humanitar xarakter daşıdığını və belə bir səfərin tərəflər arasında etimadın möhkəmləndirilməsinə töhfə verə biləcəyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda saxlanılan bir sıra keçmiş separatçı rejim rəhbərləri və digər şəxslərlə bağlı məhkəmə prosesləri keçirilib və onların barəsində müxtəlif müddətli həbs cəzaları çıxarılıb.