Türkiyənin TDT ölkələri arasında ən çox məhsul ixrac etdiyi ölkə Azərbaycan olub

Türkiyənin son beş ildə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ən çox məhsul ixrac etdiyi tərəfdaşı 13,7 milyard dollarla Azərbaycan olub.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesababatında bildirilib.

Məlumata əsasən, 2021–2025-ci illəri əhatə edən dövrdə Türkiyənin TDT-yə üzv ölkələrlə (Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan) ümumi ticarət dövriyyəsi 72,2 milyard dollara çatıb. Bu müddətdə Türkiyə həmin ölkələrə 41,6 milyard dollarlıq ixracat, oradan isə 30,6 milyard dollarlıq idxal reallaşdıraraq 10,9 milyard dollar xarici ticarət profisiti (müsbət saldo) əldə edib.

TDT çərçivəsində Türkiyənin ən çox məhsul ixrac etdiyi ölkələrin siyahısına 13,7 milyard dollarla Azərbaycan başçılıq edir. Sözügedən dövrdə Qazaxıstana 12,4 milyard dollar, Özbəkistana 9,9 milyard dollar, Qırğızıstana isə 5,6 milyard dollar dəyərində məhsul satılıb.

Eyni dövrdə Türkiyənin TDT ölkələrindən reallaşdırdığı idxala görə ilk sırada 16,7 milyard dollarla Qazaxıstan qərarlaşıb. Özbəkistandan 6,9 milyard dollar, Azərbaycandandan 6,2 milyard dollar, Qırğızıstandan isə 951,9 milyon dollar dəyərində idxal qeydə alınıb.

Qeyd olunub ki, TDT-nin "Türk Dünyası 2040 Vizyon Sənədi"nə uyğun olaraq, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Orta Dəhliz layihəsi tərəflər arasında komunikasiya, energetika, rəqəmsal ticarət və investisiya sahələrindəki strateji iqtisadi əməkdaşlığı daha da gücləndirir. Türkiyə İxracatçılar Məclisinin (TİM) hesabatına əsasən, bu ilin ilk 9 ayında TDT ölkələrinə edilən ixracat artıq 4,8 milyard dollara çatıb.