Ehud Barak: “Netanyahu seçkiləri təxirə sala biləcək müharibəyə zəmin hazırlayır”

Keçmiş İsrail Baş naziri Ehud Barak hazırkı Baş nazir Binyamin Netanyahunun oktyabrın 27-də keçirilməsi planlaşdırılan seçkiləri təxirə sala biləcək müharibəyə “zəmin hazırladığını” bildirib.

Sherg.az xəbər verir ki, Barak İsrailin “Kanal 12” televiziyasına açıqlamasında Netanyahunun “rahatlıqla yalan danışdığını” iddia edib və onun daha əvvəl söylədiyi “Bir xalqın həyatı baş nazirin şəxsi siyasi salamatlıq yolu deyil” sözlərini xatırladıb.

Barak Netanyahunu nəzərdə tutaraq, “Oktyabrın 27-də onun bir daha geri qayıtmamaq şərtilə hakimiyyətdən getməsini təmin etmək üçün əlimizdən gələni etməliyik”, – deyə bildirib.

Keçmiş İsrail Baş nazirinin bu açıqlaması ölkədə seçkilərə bir aydan az vaxt qaldığı və təhlükəsizlik məsələlərinin seçki kampaniyalarında ön plana çıxması ilə bağlı daxili siyasi müzakirələrin qızışdığı bir vaxta təsadüf edib.

Netanyahu xarici hücum barədə xəbərdarlıq edib

Rəy sorğularında mövqeləri zəifləyən Netanyahu oktyabrın 27-də keçirilməsi planlaşdırılan parlament seçkiləri ərəfəsində İsrailə qarşı xarici hücum hazırlığının aparıldığını və bununla bağlı müəyyən əlamətlərin olduğunu iddia edib.

İsrail Baş naziri mümkün hücumun kim tərəfindən həyata keçirilə biləcəyi barədə ətraflı məlumat verməyib.

Müxalifət isə Netanyahunun bu açıqlamasını “siyasi manevr” kimi qiymətləndirib.