Avropa Məhkəməsi ermənilərin həyasız iddialarına nöqtə qoydu
Xəbər verdiyimiz kimi, ötən gün Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə qərarını elan edib. Qərarda Ermənistanın ərizəçilərin mülkiyyət hüququnu, ailə həyatına hörmət hüququnu, səmərəli müdafiə hüququnu pozması faktı təsdiqlənib. Həmçinin, qərarda işğal altındakı ərazilərdə Konvensiyanın pozulması hallarına görə Ermənistanın cavabdeh olması öz təsdiqini tapıb. Bundan başqa, Məhkəmə Dağlıq Qarabağda baş verən insan hüquqlarının pozulmasına görə, beynəlxalq hüquqi məsuliyyətin Ermənistan dövlətinin üzərinə düşdüyünü bildirib.
Beynəlxalq məhkəmənin Ermənistanı təqsirkar bilməsi və Laçından olan qaçqın ailələri haqlı çıxarması ölkə ictimaiyyətində böyük məmnunluq yaradıb. Qərarın son dərəcə önəmli olduğunu düşünənlər Ermənistanın ilk dəfə olaraq nüfuzlu bir hüquq instansiyası tərəfindən işğalçı kimi təsdiqlənməsini yüksək qiymətləndiriblər. Çıraqovun və digərlərinin iddiası əmlak hüququnun pozulması ilə bağlı olub. Xatırlatmaq lazımdır ki, erməni silahlılarının torpaqlarımıza təcavüzü nəticəsində təkcə Çıraqov ailəsi deyil, minlərlə şəxs əmlak itkisinə məruz qalıb, onların haqq və hüquqları kobud şəkildə pozulub. Bu səbəbdən əksər hüquqşünaslar hesab edir ki, Çıraqovların öz hüquqlarından istifadə edərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmələri və sonda ədalətli qərar almaları digər məcburi köçkünlərimiz üçün də nümunə olmalıdır. Yəni, nəticəsindən asılı olmayaraq, əlində sənədi, faktı olan hər bir qaçqın və ya məcburi köçkün ailəsi vaxt itirmədən beynəlxalq məhkəmələr qarşısında iddia qaldırmalıdır.
Hüquq Müdafiəsi və Maarifləndirmə Cəmiyyətinin rəhbəri, vəkil Elçin Sadıqov deyib ki, o, beynəlxalq məhkəməyə şikayət vermək istəyən hər bir vətəndaşa kömək etməyə hazırdır: "Əgər kiminsə əlində sənədi varsa, hüquqşünas vasitəsi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Biz də vəkil kimi lazımi sənədlərin hazırlanmasında onlara hüquqi yardım göstərməyə hazırıq. Çıraqovun ailəsi ilə bağlı qəbul olunmuş qərar digər məcburi köçkünlərimizin də belə hüquqlarının olduğunu göstərdi. Yəqin ki, bu qərardan sonra AİHM-nə müraciət edənlərin sayı çoxalacaq”.
İnsan Hüquqları və Qanunçuluğunun Müdafiəsi Bürosunun direktoru Səidə Qocamanlı da bəyan edib ki, hər bir Azərbaycan vətəndaşı beynəlxalq məhkəmələr qarşısında iddia qaldıra bilər: "Erməni təcavüzü nəticəsində evləri, mülkləri, həyatları əllərindən alınan qaçqınlarımızın itirdiklərini geri almaq uğrunda mübarizə aparması onların ən təbii haqqıdır. Çıraqovun işi ilə bağlı verilən qərar digərləri üçün bir stimuldur. Düşünürəm ki, evini-eşiyini itirmiş hər bir qaçqın
və məcburi köçkün ailəsi Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər. Ancaq, təbii ki, həmin adamın əlində lazımi sənəd və sübut olmalıdır. Çünki mövcud sənədlər Məhkəməni təmin etməlidir”.
İnsan Hüquqları üzrə Maarifçilik İctimai Birliyinin rəhbəri, tanınmış vəkil İradə Cavadova da istənilən qaçqın və məcburi köçkün ailəsinin onlara dəyən maddi və mənəvi ziyana görə, beynəlxalq məhkəmələrə şikayət etmək hüququ var: "Məhkəmə öz qərarı ilə Ermənistanın Azərbaycan ərazilərini qeyri-qanuni işğal etdiyini təsdiqlədi. Bu, artıq inkaredilməz faktdır. Ermənistan daim iddia edirdi ki, guya, Azərbaycan torpaqları qondarma rejimin silahlıları tərəfindən zəbt edilib, rəsmi İrəvanın bu işdə müdaxiləsi olmayıb. Amma Avropa Məhkəməsi bu həyasız iddiaya birdəfəlik son qoydu. Düzdür, bütün beynəlxalq aləm onsuz da bu həqiqəti əvvəlcədən bilirdi, lakin bunun nüfuzlu məhkəmənin qərarı ilə təsdiqini tapması böyük uğurdur. Bu baxımdan Vəkillər Kollegiyasının üzvü Anar Bağırovu təbrik edirəm. Hamıya məlumdur ki, işğalçı ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində zərər görməyən qaçqın və məcburi köçkün ailəsi yoxdur. Bu baxımdan onların hər birinin beynəlxalq məhkəmələr qarşısında iddia qaldırması təbiidir. Fikrimcə, nəticədən asılı olmayaraq, bu addım atılmalıdır”.
İsmayıl