Qaragilənin bilmədiyimiz FAYDALARI - Maraqlı araşdırma




Azərbaycan əsrlər boyu ərazisinə, təbii sərvətlərinə, flora və faunasına görə diqqət mərkəzində olub və buna görə də başı az bəlalar çəkməyib. 

Neft və qazı ilə dünyada tanınan Azərbaycan Respublikası özünəməxsus və şəfalı flora və faunaya da sahibdir. Belə ki, Azərbaycan florasına daxil olan bitki və meyvələr 1545 növdə təmsil olunurlar ki, bu da Azərbaycan florasının 34,3%-ni təşkil edir. Belə bitkilərdən biri də Mərcangilədir. 

Daha çox Qaragilə adı ilə tanınan bu bitki Azərbaycan ərazisində Böyük Qafqazın qərb, Kiçik Qafqazın mərkəz və şimal hissələrində yayılmışdır. Dağ yamaclarında sıx cəngəlliklər əmələ gətirən bu bitkinin hündürlüyü 20-40 smdir. Giləmeyvələri şar formalı qara rəngdə, göyümtül xətlidir. Tam yetişmiş meyvələri qırmızı rəngdə olur və avqust-sentyabr aylarında yığılır.

Mərcangilənin giləmeyvə və yarpaqlarından hazırlanan dəmləmələrdən, cövhər və şirələrdən elmi təbabətdə və xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Bu giləmeyvələrdən hazırlanmış dərmanlar mədə-bağırsaq pozuntuları, anemiya, gözün görmə qabiliyyətinin artırılması və s. Kimi xəstəliklərin müalicəsində mühüm rol oynayır. Yarpaqlarının tərkibində olan neomirtilin qlükozidi qanda şəkərin miqdarının azaldılması və böyrək və sidik kisəsində daşların əridilməsində istifadə olunur. Mərcangilə meyvəsinin çiyələk giləmeyvəsi ilə qarışığının cövhəri kəskin ağrıların qarşısının alınmasında effektiv rol oynayır.

Mərcangilənin meyvəsindən bəzi xəstəliklərin qarşısının alınmasında dərman hazırlanmasında da istifadə olunur. Artrit (duz yığılmalarının kəskinləşməsi) zamanı bir stəkan qaynar suya stəkanın yarısı qədər xırdalanmışvə ya isladılmış mərcangilə meyvəsi töküb 10 dəqiqə qaynatmaq lazımdır. Alınan kütləni iki yerə bölüb səhər və axşam yeməyindən sonra yemək lazımdır. Mədə və onikibarmaq bağırsaqda olan yaraların yüksək turşululuğunun qarşısının alınması və hətta dəm qazı ilə zəhərlənmə zamanı da istifadə olunur. Həmçinin mərcangilənin giləmeyvəsi yetişən dövrdə gündə 1 stəkan normal qatılıqda olan meyvə ektraktından yedikdə bütün qış boyu qrip , zökəm və digər mövsümi xəstəliklərə tutulma ehtimalı azalmış olur.

Müasir dövrümüzdə kimyəvi üsullarla hazırlanan dərmanların geniş yayılması və insanların yan təsirlərindən əziyyət çəkməsi məhz təbii dərmanlara olan tələbatı artırır. Belə ki, vətənimizin münbit torpağında bitən bitkilərdən istifadə həm yaşam müddətini uzadar, həm də ömrün ağrı-acısız keçməsinə səbəb olar.

Ramal İbrahimov