Qaranlıq tarix, qaranlıq simalar

Bakıda “Andranik-Montin” pivəxanası yeni deyil. Bəlkə də neçə ildir fəaliyyətdədirFəzail İbrahimli: "Andranikin şəklidirsə, bu, biabırçılıqdır. Montinin şəklidirsə, o da aradan qaldırılmalıdır"
Fazil Mustafa: "Bakıda bir neçə barın önündə "Mafiya” yazılır. Bunun izahı nədir? Yəni, Bakıda mafiya rəsmiləşib?! Belə hallar daha təhlükəlidir"

Bakının Nərimanov rayonu "Montin” qəsəbəsində "Stara Praqa” adlı kafe-pubun önündəki lampaların üzərində daşnakbaşı Andranikin şəklinin olması üzə çıxdı. İki gündür bu olay ictimaiyyətin diqqət mərkəzindədir və sosial şəbəkələrdə qızğın müzakirə olunur. Qeyd edək ki, Nərimanov rayon polisi dünən məsələyə müdaxilə edib. Andranikin şəkli olduğu iddia edilən lampalar götürülüb, kafe-pubun sahibi də polis şöbəsinə aparılaraq izahat alınıb. Kafe-pubu işlədən şəxs bundan öncə bildirmişdi ki, o, bu məkanı 2 il əvvəl işlətməyə başlayarkən həmin şəkil orada olub, altında isə "Pyotr Montin” yazılıbmış.
Yəni, bu şəkil Andranikin deyil, Montinindir. Paytaxt sakinlərini qəzəbləndirən də Bakıda bolşevik fəalının, "alovlu mübariz”in şərəfinə pivəxana olmasıdır. Amma diqqət ediləndə, daha dərin mətləblər aşkara çıxır. Şübhəsiz, "Andranik-Montin” pivəxanası yeni deyil. Bəlkə də neçə ildir fəaliyyətdədir. Kimsə, indi bunu görüb və dərinə varıb. Bəs, aidiyyəti orqanlar 2 ildir bu rəzaləti niyə aşkarlamayıblar? Hara baxırmış gözləri?
Təkcə bu olay deyil, ümumiyyətlə, Bakıda nəinki bolşeviklərin, bu xalqa, bu millətə aidiyyəti olmayan adamların adlarını daşıyan qəsəbələr, küçələr, parklar hələ də qalmaqdadır. Götürək elə "Montin” qəsəbəsini. Bu qəsəbənin adı hələ də dəyişməyib. "Montin” bazarı da qalır, yeni "Montin hotel” də tikilib. Avtobusların marşrutunda hələ də "Montin” qəsəbəsi, "Montin bazarı” göstərilir. Montin kimdir ki, ona bu qədər "dərin hörmət” bəslənir?
Axtarış sistemində Montinlə bağlı çox ilginc məlumatlara rast gəldik. Montinlərdən biri - Pyotr Vasilyeviç Montin barədə qeyd olunur ki, o, Vasili Nikolayeviç Montinin oğludur. V.N.Montin isə Çar Rusiyası dövründə Bakıda Keşlə qəsəbəsində şərab zavodunun sahibi imiş. Hətta şərabın isti havada xarab olmaması, satış məntəqələrinə tez çatdırılması üçün o zamankı qubernatordan Keşlədə, zavodun yaxınlığında dəmiryol stansiyası tikilməsini xahiş edib. Spirtli içkilərə xüsusi rəğbəti olan rus qubernator da bu xahişi can-başla yerinə yetirib. Dəmiryolunun "Montin” stansiyası belə yaranıb. Pytor Montin isə marksizm ideallarının təbliğatçısı kimi tanıdılır. Və onun bolşevik Qəzənfər Musabəyov tərəfindən öldürüldüyü yazılır.
Hansı tərəfdən baxsan, qaranlıq bir tarix və onun qaranlıq simalarıdır. Biz Bakıda hələ də adına qəsəbə olan Montinin kimliyini də doğru-dürüst bilmirik. Lap tutulım, o şəkil heç Andranikin deyil. Montinindir. Onun adına niyə qəsəbə olmalıdır? Üstəlik, kafe-pub - pivəxana da?
Məsələyə münasibət bildirən millət vəkili, tarixçi-alim Fəzail İbrahimli "Şərq”ə açıqlamasında əvvəlcə şəklin kimə məxsusluğunun aydınlaşdırılmalı olduğunu dedi:
- Qəti fikir bildirmək üçün həmin şəklin kimə məxsusluğunu bilməliyik. Andranikin şəklidirsə, bu, biabırçılıqdır. Montinin şəklidirsə, o da aradan qaldırılmalıdır. Çünki bu adam bəlli bir ideologiyanın daşıyıcısı olub, bolşevik təbliğatı aparıb, Bakının işğalında da rolu olub. Montin Bakının işğalında iştirak etmiş bir adamdır. Bilirsiz, 70 il sovet ideologiyası hökm sürdü, dərinlərə nüfuz etdi. Amma artıq bitdi. Biz bu cür ideoloji əsaslara söykənən şəkillərdən, adlardan təmizlənməliyik.
Millət vəkili Fazil Mustafa isə "Şərq”ə açıqlamasında Andranik, Montin və ya onlar kimi digərlərinin şəkillərinin haralarasa vurulması, yaxud adlarının hələ də əbədiləşmiş olmasına təəccüb etmədiyini dedi:
- Biz öz milli qəhrəmanlarımıza dəyər vermiriksə, öz qəhrəmanlarımıza sahib çıxmırıqsa, əlbəttə, Andranikin də şəkli vurulacaq, Montinin də. Bakını bolşeviklərdən, erməni-daşnaklarından xilas edənlərin adına küçə yoxdursa, demək ki, Montinin adına olmalıdır. Bakıda Nuru Paşanın adı əbədiləşməyibsə, Montinin adı əbədiləşmiş qalacaq. Hər yerə Nuru Paşanın adı yazılmalıdır, amma yazılmırsa, başqasının adı yazılacaq. Bəlkə də kafe-pubun sahibi heç bilmir o kimin şəklidir. Bəlkə də bu hal bilməməzlikdən yaranıb. Bunu şişirdib, vətənpərvərlik müzakirəsinə çıxarmaqdansa, qeyri-hüquqi hallara diqqət edilməlidir. Məsələn, Bakıda bir neçə barın önündə "Mafiya” yazılır. Bunun izahı nədir? Yəni, Bakıda mafiya rəsmiləşib?! Belə hallar daha təhlükəlidir. Yoxsa, kimsə bilməzə hansısa şəkli pivəxananın önünə vurur, bundan böyük hay-küy yaratmaq, vətənsevərlik müzakirələri açmağı yersiz sayıram.
AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi Dilavər Əzimli də türklərin qatili Andranikin şəklinin Bakının mərkəzində asılmasını ciddi hadisə adlandırıb. Tarixçi bildirib ki, şəklin oradan çıxarılması ilə iş bitmiş hesab edilməli deyil, bu məsələ dərindən araşdırılmalıdır: "Bu işə Milli Təhlükəsizlik Nazirliyi qarışmalıdır. O şəkli ora vuranlar aşkarlanmalı və məsuliyyətə cəlb edilməlidirlər. Şəkli ora vuranların arxasında hansısa güclü şəxs və ya şəxslər dayana bilər. Bir neçə il bundan qabaq dostum deyirdi ki, ermənilər sosial şəbəkələrdə yazır ki, "biz sizin içərinizdə yerləşirik”. Bu da nəticəsi. Baxın, kimin şəklini Bakıda asıblar! Şərəfsiz bir dığanın, bəbək qatilinin, banditin, türk millətinin cəlladının!”
Məlahət Rzayeva