
Qardaş bacının qatilinə necə çevrilir?
Son illər yalançı namus təəssübkeşləri peyda olub

Azərbaycanda da "Özgəcan cinayəti” yaşandı. Şübhəsiz, Özgəcanın amansızlıqla qətli unudulmayıb. Mikroavtobus sürücüsü gənc qızı zorladıqdan sonra meyitinin üzərinə benzin töküb yandırmışdı. Köməkçiləri də vardı. Həm də onlardan biri - qatilin atası idi. Bu amansız qətl Türkiyəni ayağa qaldırmışdı. Cinayətkar isə özünə "haqq” qazandırmaq üçün, qızın geyiminin çox qısa olduğunu "əsas” gətirmişdi. Bir neçə gün öncə bizdə də buna bənzər müdhiş qətl törədilib.
18 yaşlı Hadıyev Namaz öz bacısını - 17 yaşlı Gövhər Hadıyevanı xüsusi amansızlıqla qətlə yetirib. Sonra da meyitin üzərinə benzin tökərək yandırıb. Qardaş əməlinə "namus” donu geyindirib. Deyib ki, bacısı pis yola düşübmüş, o da ailənin namusunu təmizləmək üçün bu qətli törədib. Bir neçə gün əvvəl itkin düşmüş qadının meyiti də bu günlərdə aşkarlanıb, özü də, yanmış vəziyyətdə. Demək ki, kimsə yenə benzinə əl atıb, insanı yandırıb. Bunca qəddarlıq insanın qanını dondurur. Necə olur ki, bir insan nəinki öz həmcinsinə, hətta qapıdakı itinə də mərhəmət göstərir, digəri isə bir insanı vəhşicəsinə qətlə yetirir. Qətlə yetirilənin öz qanından, öz canından olması isə lap dəhşətlidir. Təsəvvür etmək çətindir; qardaş-bacı bir ailədə, bir dam altında böyüyüblər. Uşaqlıqları bir yerdə keçib. Birgə oynayıblar, qaçıblar, atlanıb-düşüblər. Amma bir gün qardaş öz bacısının qatilinə çevrilir. Gözlənilməz hadisə deyil. Nə qədər belə tükürpədici hadisələr baş verir. İstər bizim ölkədə, istərsə də yaxın qonşularımızda. Övlad ata-ananı, yaşlı nənə-babanı, ər arvadını, qardaş bacısını, hətta ana öz övladlarını qətlə yetirir. Dünyamız manyaklaşıb. İnsanlar qəddarlaşıb və hətta, quduzlaşıb. Niyə bu hala gəldik? Uca Allahın mərhəmətindən yaranan insan niyə özünə qənim kəsildi?
Sosial aqressiya çoxalıb
Baş verən bu müdhiş hadisələrin səbəblərini psixoloq Azad İsazadə ilə çözməyə çalışdıq.
Psixoloq qeyd etdi ki, cəmiyyətdə aqressiyanın artması tək Azərbaycanın problemi deyil. Hazırda bütün dünya bu məngənədədir:
- Məşhur bir sitat var, bilmirəm kimə məxsusdur: deyirlər, dünyadakı bütün canlılar arasında məhz insan özünə qənim kəsilən yeganə varlıqdır. Bu, bir az da insanın içindəki iblis xislətindən irəli gəlir. Bilirsiz ki, məhz İblis insanları yoldan çıxarmağa çalışır və bunun üçün ona möhlət verilib. Bu da insan üçün bir imtahandır. İblisə boyun əyəcəkmi, yoxsa, Allahın yolunu tutacaq. Qaldı ki, cəmiyyətdə aqressiyanın çoxalmasına, bu, təkcə Azərbaycan cəmiyyətinin problemi deyil. Bu saat bütün dünya təcavüzlə üz-üzədir. Cəmiyyətdə zorakılıq, aqressiv meyillərin artması birdən-birə baş vermir. Aqressiya cəmiyyətdə yavaş-yavaş böyüyür, özünə yer eləyir. Vaxtilə biz bunu deyirdik və təhlükə olduğunu bildirirdik. Baxın, bu saat uşaqlar nəyə baxır, nəylə oynayır. Televiziyada "boyevik” filmləri, kompüterdə mühabirə, savaş oyunları. Uşaqların əlindəki telefonlara baxın, əksəriyyəti "boyevik” oyunlarını yazdırıb, təpədən-dırnağa qədər silahlanmış bir adam qarşısına kim çıxırsa, öldürür. Hətta böyüklər də bu oyunlara maraq göstərir. Bir dəfə metroda gənc bir oğlanın mobil telefonunda döyüş oyunu oynadığını gördüm. Bəlkə də evli adam idi, uşaqları var. Təəccüb edirsən ki, bu yaşda insanın maraq dairəsinə bax. Bir kitab oxumur, savadını artırmır, elmlə-biliklə məşğul olmur, telefonunda oyun oynayır. Televizoru açırsan, ya İŞİD-dən danışırlar, ya Donetskdən. Hər tərəfdə müharibə, savaş, məzlum insanların faciəsi. Belə vəziyyətdə insanlardan istənilən hərəkəti gözləmək olar. Gənc insanlar terror qruplaşmalarına qoşulur, adam öldürməyi "şərəf” sayırlar. Bunlar sosial aqressiyanın göstəriciləridir. Sosial aqressiyanı doğuran səbəblərsə biri-birimizi dinləməməyimizdir. Dialoq mədəniyyətinin olmamasıdır. Evdə uşaq valideynləri dinləmir, arvad ərini, ər arvadını dinləmir. Məktəbdə şagirdlər müəllimləri dinləmir, məmurlar vətəndaşları. Biri-birimizi eşitmək istəmirik. Yığılıb qalan problemlər də bəzən aqressiyanın üzə çıxmasına səbəb olur. İnsan var ki, ətrafdakılara qarşı aqressivdir. İnsan da var ki, əksinə, öz yaxınlarına, doğmalarına qarşı zor göstərir. İllərlə yığılıb qalmış aqressiyanın birdən püskürməsi halı da var. Yaxşı ki, qanunlarla bunun qarşısı alınır. Yoxsa, aqressiya lap çoxalar. İnsanlar qanundan hələ çəkinir, qanun, qadağalar qorxusu var. Bunlar olmasa, qətl hadisələrinin sayı artar.
Qətllərin "namus” pərdəsi
A.İsazadə 18 yaşlı gəncin böyüyüb tərbiyə aldığı mühiti də nəzərə almağı lazım bilir:
- Bu qətli törədən 18 yaşlı gəncdir. Məktəbi yeni bitirib. Biz bilmirik, o məktəbdə necə oxuyub, yoldaşları ilə münasibətləri necə olub, bu ailənin daxilində vəziyyət necədir. İnsanın formalaşmasında ailənin böyük təsiri olduğu kimi, ətraf mühitin, onu əhatə edənlərin kimliyi, hansı mühitdə böyüməsi də böyük rol oynayır. Burada təbii ki, mentalitet məsələsi də var. Biz qafqazlıyıq. Və bilirik ki, qafqazlı üçün namus, qeyrət hər şeydən öndədir. Amma son illər yalançı namus təəssübkeşləri peyda olub. Öz əməllərinə "ədalət” donu geyindirmək üçün qətli namus üstə törətdiklərini deyirlər. Bir növ, "namus pərdəsi”nə bürünürlər. Bəlkə, reallıqda heç belə deyil. Qətlə yetirilmiş gənc qız heç əxlaqsızlığa qurşanmayıbmış. Bəlkə yolda gələndə bacısı ilə başqa bir məsələ üstündə mübahisəsi düşüb, qardaşına cavab qaytarıb, qardaş da qəbul edə bilməyib, bacısını qətlə yetirib. Hər şey mümkündür. Bunu istintaq orqanları araşdıracaq. Mən sadəcə, bunu demək istəyirəm ki, hər namus davası, heç də həmişə düzgün olmur. Amma bizim cəmiyyətin naqisliyi bundadır ki, biz namus üstə qətlləri qəbul edirik. Cəmiyyətdə belə mövqe üstündür; namus, qeyrət üstdə adamı öldürmək olar! Cəmiyyətin bu cür soyuq mövqeyə malik olması cinayətlərin törədilməsinə mane olmur. Biz hələ də belə səhv bir psixologiyaya malikik. Bir qadının, qızın öldürüldüyünü və ya işgəncə verildiyini eşidəndə, ilk ağlımıza gələn bu olur ki, yəqin, namus məsələsidir. Amma düşünmürük ki, qətli tərədən bəlkə işsizdir, pul tələb edib, bəlkə narkomandır, narkotik asılılığı var. Bəlkə o elə uşaq vaxtından aqressivdir, ata-anasına qarşı da zorakı davranıb, məsləhətlərinə heç vaxt qulaq asmayıb. İnsan öz həmcinsini, həm də öz bacısını bu cür amansızlıqla qətlə yetirirsə, həmin insanın psixikasında mütləq problem var. İnsanlar var ki, bir toyuq başı kəsə bilmirlər. Əllərinə bıçaq ala bilmirlər. Amma burada insan həyatından, insanın canına qəsddən söhbət gedir. Bu, sadə məsələ deyil.
İtirilmiş mərhəmət, şəfqət...
Psixoloq qeyd etdi ki, insanlarda aqressiyanı azaltmaq üçün uşaq bağçalarında, orta məktəblərdə tərbiyəvi, maarifləndirici işlərin aparılmasına ehtiyac var:
- İnsanın mayası mərhəmətlə yoğrulub. Amma o, qəddarlaşırsa, deməli, işlər düzgün aparılmayıb. Hazırda bütün dünyada güc nümayişidir. Qolu zorlular qalib gəlir. Ədalət yox. Hamımız bunu izləyirik, görürük. Uşaqlar da həmçinin. Artıq şüuraltında belə təfəkkür formalaşır ki, kim güclüdür, o qalib gəlir, ədalətli olan yox. Belədə ədalət-güc nisbəti pozulur və gücün xeyrinə dəyişir. İnsanlar da zora meyl etməyə başlayır. Bu, xüsusilə kiçik yaşlıların formalaşmasına mənfi təsir edir. Biz dəfələrlə bu mövzuya toxunmuşuq ki, uşaqların tərbiyə işi düzgün qurulmalıdır. Mənəvi dəyərlər onlara aşılanmalıdır. 10-15 il əvvəl dünyaya gəlmiş uşaq bu gün artıq yeniyetmədir. Əgər o, bütün günü qan-qada, ölüm səhnələri izləyirsə, qətl onun üçün adiləşir. Sabah o da qətl törədə bilər. Çünki bunun necə edildiyini artıq görüb. Biz öz əlimizlə özümüzü ölümə, fəlakətə sürükləyirik. Uşaqlarda mərhəmət, şəfqət, ata-anaya, doğmalara qarşı ülvi hisslər tərbiyə etmirik.
Məlahət Rzayeva