“Qarşılıqlı əməkdaşlıq və sülhü təşviq etməliyik”

İlham Əliyev: “Qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq”
“İştirakçıların bilik səviyyəsi bu problemlərdən çıxış yolu tapmağa kömək edə bilər”

"Çox şadam ki, bu Forum bir ənənəyə çevrilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa dövrdə uğurlu beynəlxalq təchizata çevrilib”. Bunu dünən keçirilən IV Qlobal Bakı Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, hər bir beynəlxalq forumun səviyyəsi iştirakçılardan asılıdır: "Forumda 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçısı iştirak edir. Hazırda regionumuzda da münasibətlər kəskinləşir, köhnə münaqişələr həllini tapmayıb, yeni münaqişə ocaqları yaranır. Bizim əsas məqsədimiz öz rolumuzu bir hökumət, siyasətçi kimi oynamaqdan ibarətdir. Çalışmalıyıq ki, əməkdaşlıq və qarşılıqlı hörmət yaradaq. Orta Şərqdə, Avropada olan vəziyyət, qaçqınlar məsələsi son illər qarşılaşdığımız problemlərdir. Forumda bu məsələlər nəzərdən keçiriləcək. İştirakçıların bilik səviyyəsi bu problemlərdən çıxış yolu tapmağa kömək edə bilər. Qarşılıqlı əməkdaşlıq və sülhü təşviq etməliyik. Dünyanın müxtəlif yerlərində müxtəlif addımlar atılır. Qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq. Digər ölkələrin daxili işlərinə qarışmanın yaratdığı çətinliklər o problemləri yaradan ölkələr üçün də çətinliklərə yol açır. Biz hamımız biri-birimizə hörmətlə yanaşmalıyıq”. Prezident İlham Əliyev çıxışı zamanı "Cənub Qaz Dəhlizi” layihəsi haqqında danışıb. Ölkə başçısı bəyan edib ki, "Cənub Qaz Dəhlizi” XXI əsrin nəhəng layihəsidir: "Biz ölkə və şirkətlərdən komanda formalaşdırmışıq. Bu layihə Bakıdan İtaliyaya qədər uzanacaq. Fevralın 29-da 11 ölkə, o cümlədən Avropa İttifaqının imza atdığı sənəddə Azərbaycan bu strateji layihəni həyata keçirən əsas ölkə kimi qeyd edildi. Xorvatiya və Monteneqronun da bu layihəyə, komandaya qoşulacağına inanıram. Bu, enerjinin şaxələndirilməsi, azad rəqabət layihəsidir. Əsas məqsədimiz bunu kommersiya layihəsi kimi həyata keçirməkdir. Enerji siyasi vasitə kimi istifadə edilməli deyil. Siyasi alətlər biznes sahəsinə müdaxilə etməməlidir. Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Biz lazım olmayan rəqabətdən qurtulmalıyıq. Enerji və siyasətə ayrılıqda baxmalıyıq ki, uğur qazanaq”.

Prezident çıxışı zamanı bu ilin Azərbaycanda multikulturalizm ili olduğunu da vurğulayıb. Keçən ay Gəncədə İmamzadə Kompleksinin açılışının həyata keçirildiyini xatırladan dövlət başçısı qeyd edib ki, açılışda müxtəlif dini icmaların nümayəndələri çıxış ediblər: "Bu, ölkəmizdə işlərin necə aparıldığını göstərir. Bu, bizim dünyaya mesajımız idi. Azərbaycanın ən böyük məscidində ilk dəfə şiə və sünnilər birgə ibadət etdilər. Bütün bunlar bizim ən böyük zənginliyimizdir. Biz multikulturalizmi təşviq edərək, daha böyük uğurlar qazanacağıq”. Dövlət rəhbəri bildirib ki, bir aydan sonra Azərbaycanda BMT-nin Sivilizasiyalararası Forumu keçiriləcək: "Siyasətçilər və media təmsilçiləri də məsuliyyətli olmalıdır. Xəbərlərdə əsasən toqquşma, qaçqınlar böhranı barədə reportajlar verilir. Bizə bu lazım deyil. Bu, bizi təcrid olunmağa aparır. Avropa və Orta Şərq arasında məsafə çox olsa da, insanların ailəsi üçün sığınacaq tapmaq cəhdlərini dayandıra bilməzsiniz. Heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz, hamımız biri-birimizə bağlıyıq. Biz bununla fəxr etməliyik”.

İsmayıl