Qaşıqçı işi çox qarışıqdır

Analitik olaylarda Türkiyənin mövqeyinin həlledici olacağını düşünür
Bu hadisələr bitəndən sonra Türkiyə Cümhuriyyəti və Səudiyyə Ərəbistanı daha yaxın əlaqələr içərisində olacaq


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanın İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı Ər-Riyadın ünvanına sərt ifadələr işlədib. Ərdoğan Səudiyyə Ərəbistan rəhbərliyinin jurnalist Qaşıqçının kimlər tərəfindən öldürüldüyünü bildiyini deyib: "Cinayətkar müəyyən olunub. Deyirlər ki, əlimizdə başqa məlumat və sənəd yoxdur. Ancaq bu, inandırcı deyil. Qaşıqçını öldürənləri Səudiyyə rəsmiləri açıqlamalıdır”. Ərdoğan deyib ki, bazar günü Səudiyyə Ərəbistanı Baş prokuroru Türkiyəyə gələcək: "Son açıqlanan yerli tərəfdaş kimdir? Bu 15 nəfəri Türkiyəyə kim göndərib? 

Onların həbs olunduğunu deyirlər. Mən onlara bildirdim ki, siz adamları danışdıra bilmirsinizsə, o zaman hadisə İstanbulda baş verdiyindən, onları bizə təslim edin”. Səudiyyə Ərəbistanı rəsmilərinin açıqlamaları ilə bağlı mövqeyini açıqlayan Ərdoğan deyib ki, bu cür uşaq açıqlamaları ciddi dövlətə yaraşmaz. Rusiya Prezidenti Putinin mətbuat katibi Dmitri Peskov da jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı danışıb. Peskov deyib ki, kralın və vəliəhdin rəsmi açıqlaması var: "Onların dediyinə inanmamaq üçün əlimizdə elə bir dəlil yoxdur. Kral ailəsi baş verən cinayəti qınayaraq, ailənin bu hadisədə əli olmadığını deyib. Yerdə qalan hamısı kral ailəsinin də istədiyi kimi istintaqa aid olacaq suallardır. Biz də istintaqın aparılmasının tərəfdarıyıq”.

Qaşıqçı olayını "Şərq”ə dəyərləndirən politoloq Tural Abbaslı hadisənin təqdim olunduğu kimi olmadığını düşünür. Onun fikrincə, burada məsələlər göründüyündən daha qəliz və qarışıqdır:

 "Əsas versiyalardan biri kimi Qaşıqçının qətlinin hazırkı vəliəhd Məhəmməd bin Salmanın sifarişi ilə həyata keçirildiyi deyilir. Ancaq, burada şübhəli məqam odur ki, şahzadə Qaşıqçı kimi ən azı 3 ölkənin Türkiyə, Amerika və Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanları ilə birbaşa bağlı olan birini öz dövlətinin konsulluğunun rəsmi binasında niyə qətlə yetirsin? Bunu başqa məkanda və başqa üsulla etmək və ya qəza görüntüsü verib qətlə yetirmək daha rahat olardı. Buradan da o qənatə gəlmək olar ki, əslində Qaşıqçının bu məkanda və belə bir vəhşi şəkildə qətlə yetirilməsi kimlərinsə elə vəliəhd şahzadəyə qarşı əməliyyatıdır. Çünki bu qətldən sonra ən böyük zərbə elə məhz Məhəmməd bin Salmana dəydi. Son zamanlar şahzadənin ABŞ-ın nəzarətindən çıxmağa çalışdığı və daha çox müstəqil siyasət yürütməyə cəhd etdiyi zatən açıq görünürdü. Hətta onun bir çox məsələlərlə bağlı ABŞ-ın maraqlarının əksinə olaraq Böyük Britaniya ilə gizli razılaşmalarının da olduğu mətbuata sızdırılmışdı. Bəlkə də Qaşıqçı sui-qəsdi vəliəhdi əvvəlki xəttə qaytarmaq, bu da mümkün olmazsa, saraydaxili çevirilişlə onu taxtdan uzaqlaşdırmaq cəhdi idi”.

Analitik olaylarda Türkiyənin mövqeyinin həlledici olacağını düşünür: 

"Nəzərə alsaq ki, qətl Türkiyə ərazisində baş verib və araşdırma türk hüquq-mühafizə orqanları tərəfindən aparılır, hadisə ilə bağlı əsas məlumatlar Türkiyənin əlində olmalıdır. Elə bunu nəzərə alaraq son günlər vəliəhd şahzadə Türkiyəyə yönəlik səmimi və isti mesajlar verir. Ümid edirəm ki, bu hadisələr bitəndən sonra Türkiyə Cümhuriyyəti və Səudiyyə Ərəbistanı daha yaxın əlaqələr içərisində olacaq. Bu da öz növbəsində həm bu iki dövlətin, həm də bütün müsəlman dünyasının inkişafına töhfələr verəcək. Sadəcə olaraq hər iki dövlətin hazırda üzərinə düşən iş hadisələrə daha soyuqqanlı yanaşmaqdır”.

İsmayıl