Qaydasız döyüş və uşaq hüquqları...
Milli Məclisin komitələrində “KİV haqqında” qanuna dəyişiklik müzakirə olunub
Dünən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Toplantıda iki məsələyə baxılıb. "Uşaq hüquqları haqqında” və "Telekommunikasiya haqqında” qanunlara təklif edilən dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb. Layihələr barədə məlumat verən komitə sədri Aqiyə Naxçıvanlı bildirib ki, hər iki layihə Prezidentin təqdimatı ilə parlamentə daxil olub.
"Uşaq hüquqları haqqında” qanunun 15-ci maddəsinə təklif olunan əlavəyə əsasən, uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Qanuna ediləcək dəyişiklik uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini nəzərdə tutur. "Telekommunikasiya haqqında” qanuna isə 3 yeni maddənin əlavə edilməsi təklifi irəli sürülür. Təklif edilən 33.1.3-1-ci maddəyə görə abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək, eləcə də 34.1.2-1-ci maddədə sağlamlığına və inkişafına ziyan vuran informasiyadan onların qorunması üçün tədbirlər görülməsini tələb etmək və sonda bu qanunun 33.1.3-1-ci maddəsində göstərilən vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı lazımdır”. Komitə sədri deyib ki, bundan başqa, dəyişiklik layihəsi telekommunikasiya operatorlarının uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək vəzifəsini, eləcə də telekommunikasiya istifadəçilərinin isə bu cür informasiyadan qorunması məqsədi ilə müvafiq tədbirlər görülməsini telekommunikasiya operatorlarından tələb etmək hüququnu nəzərdə tutur.
"Bir neçə azyaşlı qız uşağı internetdə tanış olublar və
sonra hamısı evlərindən qaçıb gediblər”
Müzakirəyə qoşulan deputat Tahir Rzayev sosial şəbəkələrdən narazılıq edib. Millət vəkili deyib ki, sosial şəbəkələr, bəzi saytlar və portallar, telekanallar insanlara qəddarlıq, vəhşilik hissləri təbliğ, təlqin edirlər: "Qəddarlığı, vəhşiliyi təbliğ, təlqin etmək insanların şüuruna, tərbiyəsinə, sağlamlığına ciddi və mənfi təsirlərlə müşayiət olunur. Vaxtilə, ata-babalarımızın zamanında belə bir adət-ənənə vardı ki, hansısa bir evə, bəd, qara xəbər gələndə həmin evin uşağını başqa kəndə, başqa yerə, qonşuya göndərərdilər. Çünki istəmirdilər ki, bu qara, bəd xəbər həmin uşağın psixikasına pis təsir göstərsin. Və yaxud, ailədaxili məsələləri belə valideynlər, yaşlı adamlar öz aralarında həll edirdilər. Uşaqları bu məsələlərdən uzaq tutardılar. Hətta, ailənin ehtiyacını belə uşağa, övlada deməzdilər ki, ona pis təsir edər. Amma bu gün belə deyil, tam əksinədir. İnternet, sosial şəbəkələr həyatımıza ciddi surətdə müdaxilə edir, daxil olur və bir çox hallarda da öz mənfi nəticəsini göstərir. Bu yaxınlarda özüm şahidi olmuşam. Bir neçə azyaşlı qız uşağı internetdə tanış olublar və sonra hamısı evlərindən qaçıb gediblər. Onlardan yalnız 10 gün sonra xəbər tutmaq mümkün olub. Onlar niyə qaçıblar, nə işlə məşğul olublar, bəlli deyil. Bu səbəbdən insanlarımızın, xüsusilə uşaqlarımızın düşüncəsinə, psixikasına mənfi təsir edən, zərər vuran halların qarşısının alınması, bunun qanunvericiliklə tənzimlənməsi çox vacibdir”.
"İdmanda rəqibə qarşı kişilik, hörmət olur. Burada isə kişilik, hörmət yoxdur”
Millət vəkili Ağacan Abiyev isə telekanallarda qaydasız döyüş idman növü üzrə kadrların yayımının dayandırılmasını təklif edib. Deputat deyib ki, qaydasız döyüşlər insanlarda, televiziya tamaşaçılarında, xüsusilə uşaq və yeniyetmələrdə qəddarlıq hisslərinin aşılanmasına səbəb olur: "Mən özüm idmançıyam və daha çox da idman verilişlərini izləyirəm. Televiziyalarımızda qaydasız döyüşlər yayımlanır ki, mən bunun tam əleyhinəyəm. Çünki bu, qəddarlıqdır, vəhşilikdir. Kimsə yerə yıxılır, uzanır, başqası da onun üzünə-gözünə döyəcləyir, onu qana boyayır. Belə də idman olar? Sovetlər dövründə eşidərdik ki, Amerikada belə bir yarış var və hamı onu pisləyərdi. İndi nə oldu, pislədiyimiz şeyləri özümüz təbliğ edirik? İdmanda rəqibə qarşı kişilik, hörmət olur. Burada isə kişilik, hörmət yoxdur. Ona görə də hesab edirəm ki, bu cür yarışların yayımı dayandırılmalıdır. Mən hətta, özüm AzTV-də bu sahəyə baxan müvafiq şəxslə danışmışam, öz etirazımı da ona bildirmişəm. Bir daha belə hesab edirəm ki, insanlarda humanizm deyil, qəddarlığı aşılayan verilişlərin, yarışların yayımı dayandırılmalıdır”.
Qanun layihələrinə nəzərdə tutulan dəyişikliklər müzakirədən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bəzi məlumatların mətbuatda yayılması qadağan edilir
Ötən gün həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin iclası da keçirilib, "Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə və dəyişiklik müzakirə olunub. Komitə sədri, deputat Rəfael Hüseynov layihəni təqdim edib.
Qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və "İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına yol verilməyəcək. Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: "Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir”. Bəndin hazırda qüvvədə olan variantı isə belədir: "Cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir”. R.Hüseynov bildirib ki, belə bir əlavə və dəyişikliklərdə məqsəd bəzən mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır: "Bu, bütün hallarda KİV-in işini məhdudlaşdırmaq demək deyil”. Layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Anar