"Qazaxıstan bacardığı qədər Azərbaycanın tərəfindən çıxış edir"- AÇIQLAMA





"Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri yeni əməkdaşlıqların əsasını qoyacaq".

Bunu Sherg.az-a  politoloq İlqar Vəlizadə söyləyib. 

Onun sözlərinə görə, iki dövlət arasındakı münasibətlərin inkişafı tək onlar üçün deyil, ümumilikdə region üçün də əhəmiyyətlidir: 

"Son olaylar göstərir ki, hətta daha böyük coğrafiyada faydalı və dəyərli əlaqələr qurulub. Ötən il Rusiya-Türkiyə münasibətləri korlandıqda, Azərbaycan və Qazaxıstan liderləri, iki dövlət arasında vasitəçi rol oynadı. Təşəbbüsün uğurlu olması onu göstərir ki, hər iki dövlətin regionda nüfuzu və təsiri kifayət qədər əhəmiyyətli geosiyasi faktora çevrilib. Bu hal təbii olaraq, tərəfdaşlarımızın ürəyincə olsa da düşmən ölkələri narahat edir. Kollektiv təhlükəsizliklə bağlı məsələlər, aprel hadisələrindən sonrakı münasibətlər göstərir ki, Qazaxıstan bacardığı qədər Azərbaycanın tərəfindən çıxış edir, Ermənistan isə bunu qəbul etmir. Ümumiyyətlə, münasibətlər siyasi cəhətdən ən yüksək səviyyədə qorunur. Lakin iqtisadi sahədə siyasətə nisbətən daha mühüm dialoqlar aparılır, əlaqələr yüksəldilir. Bunun isə obyektiv və subyektiv olmaqla, müxtəlif səbəbləri var. Son vaxtlar Çindən Avropaya qədər uzanan nəqliyyat dəhlizinin yaranmasında əsas tərəfdaş kimi Qazaxıstan və Azərbaycan aktiv şəkildə iştirak edir. Ona görə də, N. Nazarbayevin Bakıya səfəri ilə yeni sənədlərin, razılaşmaların əsası qoyula bilər”.

Qeyd edək ki, 2017-ci ilin birinci yarısında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfəri gözlənilir.

Aysel Aslan