Doğmalar, yaxınlar gözyaşları içində şəhidini son mənzilə yola salır, bəs uşaqlar?Psixoloqlor bu fikirdədir ki, körpələr dəfn və yas mərasimlərindən mümkün qədər kənar saxlanmalıdır
Lalə Mehralı: "Uşağın atasıyla bağlı son xatirəsi niyə tabutla bağlı olmalıdır?”
Elnur Rüstəmli: "Körpələr baş verənləri qavramır, onun beynində sadəcə görüntü qalır”
Xalq şəhidlərini layiqli şəkildə uğurlayır. Çox arzu etmişdik bunu. Qardaş Türkiyədə şəhidlərin təntənəli dəfn mərasimlərini örnək çəkərək "bəs bizim şəhidlər niyə belə dəfn edilmir?!” deyə xiffət edirdik. Gözlədiyimiz günləri yaşayırıq indi. Şəhidlərimizin dəfni həqiqətən də şəhidlik adına layiq keçirilir. Bütün ölkə, xalq olaraq hər kəs ayaqdadır və şəhid dəfnində iştirakı özünə nəinki borc, bir vəzifə bilir. Və hamı bu şərəfli vəzifəni yerinə yetirməyə tələsir. Günlərdir paytaxt küçələri çiyinlərdə bir daha ucalan şəhidlərin yola salınmasına şahidlik edir.
Şəhidlərin dəfn mərasimində əsgər yoldaşları, zabit heyəti, onlarla fəxarət duyan gənclər, sıravi vətəndaşlarla yanaşı, ailə üzvləri də iştirak edir. Biz artıq şəhid doğmaları və yaxınlarının göz yaşları içində qürurlu duruşlarını müşahidə edirik. Şəhidin doğmaları başlarını dik tutaraq onunla fəxr etdiklərini deyir və hər kəs bu müqəddəs kəlməyə sarılır: "Təki Vətən sağ olsun”.
Bir çox dəfn mərasimlərində şəhid övladları da iştirak edir. Aralarında körpələr, azyaşlılar da var. Şəhid pilotumuz Təbriz Musazadənin oğlu Onur dəfn mərasimində, atasının tabutu başında dayanaraq "Atamla fəxr edirəm və ona layiqli övlad olacağam. Onlar qəhrəmandılar...” dedi. Kiçik yaşında Onurun bu cür vüqarla dayanması və dilindən çıxan sözlər, təbii ki, hər kəsin ürəyini qürurla doldurdu. Məktəb yaşlı uşağın dəfndə iştirakı və atası haqqında fəxr hissi ilə danışması çox müsbət haldır. Bununla yanaşı, dəfn mərasimlərinə körpələrin də gətirilməsi və onların ətrafda baş verənləri anlamayaraq yaşlarına uyğun hərəkətlər etmələri isə bir o qədər də məqbul sayılmır. Psixoloqlor bu fikirdədir ki, körpələr dəfn və yas mərasimlərindən mümkün qədər kənar saxlanmalıdır. Mütəxəssislər belə hesab edir ki, ətrafda nə baş verdiyini anlamayan körpə üçün dəfn və yas mərasimi daha çox neqativ duyğular yaradır.
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında mövzunun çox həssas olduğunu xatırlatdı:- Bu, elə bir mövzudur ki, diqqət və həssaslıq tələb edir. Biz desək ki, şəhid övladlarının dəfn mərasimində iştirakı psixoloji baxımdan uyğun deyil, valideynlər bunu anlayışla qarşılamaya da bilər. Şəhid ailələrinin, yaxınlarının hazırda keçirdiyi hisslər bəllidir. Valideynlər övlad, xanımlar həyat yoldaşı, uşaqlar ata itirib. Biz hamımız şəhidlərimizlə fəxr edirik və onların ölməzliyinə inanırıq. Amma diqqət edin, valideyn övlad itkisinin nə demək olduğunu anlayır, xanım da həyat yoldaşı itkisini anlayır, qəbul etmək, bu itkiylə barışıb-barışmamaq başqa məsələdir, amma anlayırlar. Uşaq isə bunu hələ anlamır. Təbii, müəyyən yaş dövrünə görə uşaq psixologiyası və anlama qabiliyyəti fərqlidir. 3-4 yaşlı körpə ilə, 12-13, həmçinin, 14-16 yaşlı uşağın psixologiyası da, düşüncələri də, hadisələrə yanaşma tərzləri də fərqlidir. 15-16 yaşlı uşaq artıq dünyanı müəyyən qədər dərk edir və az da olsa bilir ki, yaranan insan bir gün ölür. Çünki o yaşadək uşaq artıq kimlərinsə həyatdan köçdüyünü görüb. Kiminsə nənəsi, babası, bəzisinin ana-atası, ya da hansısa yaxın qohumu dünyadan köçüb. Amma 12-13 yaşlı uşaq üçün hansısa bir insanın həyatda olmaması ancaq yoxluq kimi anlaşılır. O insanın yoxluğu illər keçdikcə, zamanla daha aydın anlaşılır. Fikir vermisinizsə, bu yaş dövründə uşaqlar valideyn itkisi ilə barışa bilmirlər. Bu olay onların düşüncələrində dərin izlər buraxır. Çünki elə bir yaş dövründədirlər ki, ata-ana onlara hava-su kimi lazımdır. Hansısa birinin olmaması uşaqları dərindən sarsıdır. 3-4 yaşlı körpələrlə vəziyyətsə tamam fərqlidir. Dəfn mərasimini izləyən uşaq ətrafa baxır, insanları görür, amma baş verənləri anlamır. Lakin, diqqət edin, körpənin gördükləri onun beyninə həkk olunur. Bu, körpə psixologiyasına mənfi iz buraxır və gələcəkdə onun psixikasına mənfi təsir edir. Mən başa düşürəm ki, rəhmətə getmiş adamın doğmaları onun övladını dəfnə gətirməklə nəslin davam etdiyini, yurdda varisin qaldığını nümayiş etdirmək istəyirlər. Bu da bizim milli xüsusiyyətlərimizdən qaynaqlanır. Və ehtirama layiqdir. Lakin biz təkcə özümüzü deyil, körpələri, azyaşlıları da düşünməliyik. İndi müşahidə etdikləri, gördükləri onların beynində hansı izlər buraxacaq sualı ətrafında fikirləşməliyik. Alt şüur deyilən bir şey var. İnsanın kiçik yaşda gördüyü onun altşüuruna həkk olunur. Bu hiss böyüdükdə özünü büruzə verir. Biz "Şəhidlər ölməz, Vətən bölünməz” deyirik. Şəhidlər həqiqətən də ölmür. Cismən həyatdan ayrılsalar da, ruhən diridirlər. Bunu bizə dinimiz öyrədir. Amma körpəyə bunu başa salmaq mümkündürmü? Uşağın atasıyla bağlı son xatirəsi niyə tabutla bağlı olmalıdır? Niyə uşaq belə bir hissin əsarətində qalmalıdır ki, atam rəhmətə getdi?! Yaxşı olmazmı ki, bizim şəhidlərin balaları onları əsgər, zabit mundirində, əlində silah, cəbhə bölgəsində, döyüş geyimi ilə xatırlasın?! Elə insanlar görmüşəm ki, cənazədə meyitin üzünü açdırıb uşağa öpdürür. Belədə uşağın psixikasında ölüm və meyit, hələ tam anlamadığı, lakin qorxulu bir hal kimi qalacaq. Uşaq psixologiyası ilə oynamaq olmaz. Onsuz da böyüdükcə, anası, nənə-babası ona atası haqqında danışacaq, evdə uşaq atasının zabit geyimində şəklini daim görəcək, getdikcə onu tanıyacaq və sevəcək. Atasının kimliyini bildikcə onunla fəxr edəcək. Azyaşlı uşaq bunların heç birini bilmir və nə baş verdiyindən də xəbərsizdi. Kiçik yaşında onun beynini "ölüm”lə doldurmaq uşağın gələcəyi üçün yaxşı deyil. Hesab edirəm ki, azyaşlıları dəfn mərasimlərindən, məzarlıqdan uzaq tutmaq lazımdır. Əlbəttə, rəhmətə getmiş insanın doğmaları həmin günlərdə ağır vəziyyətdə olur, gərginlik keçirirlər. Uşaqlarla yaxın qohumlar maraqlanmalıdır və yaşlarına görə onlarla davranmalıdırlar. Hər şeyin bir vaxtı var. Hətta ibtidai sinif müəllimləri kiçik yaşlı uşaqların Şəhidlər Xiyabanını ziyarət etmələrini də məqsədəuyğun saymırlar. İbtidai sinif şagirdi şəhidliyin nə demək olduğunu hələ anlamırsa, onun Şəhidlər Xiyabanına getməsi məntiqə uyğundurmu? Bu uşaqların yaddaşında şəhidlər yalnız qəbir daşları ilə ehtiva olunur. Uşaqda belə yanlış təsəvvür yarana bilər ki, bəs deyirlər, şəhidlər ölmür, onda biz niyə qəbiristanlığa gəlmişik. Sizcə, müəllimlər bunun fərqini, izahını uşağa başa salır? Və hətta başa salmağa çalışsa da, uşaq onu qavramaq gücündədirmi? Uşağı o zaman Şəhidlər Xiyabanına aparmaq lazımdır, nə zaman ki o, şəhidliyin nə olduğunu anlayacaq.
Psixoloq Elnur Rüstəmov da belə hesab edir ki, azyaşlıların dəfn mərasimlərinə aparılması doğru deyil:- Yaş fərqi mütləq diqqətə alınmalıdır. Xüsusilə azyaşlıların dəfn mərasimlərində iştirakı doğru deyil.
E.Rüstəmov qeyd etdi ki, dəfn mərasimləri ilə bağlı izahat böyük önəm daşıyır:
- Əvvəlcə, bu müəyyənləşməlidir ki, dəfn mərasiminə aparılan uşağa hansı izahat verilir? Bəzən bizim valideynlər uşaqla bağlı ötəri düşünürlər. Adi həyatı götürək. Uşağı tutalım, lap yaxın qohumun evinə aparanda da gərək ona bununla bağlı bir izahat verəsən. Ümumiyyətlə, uşağın əlindən tutub, kortəbii şəkildə harasa aparmaq olmaz. Uşağın beynində suallar yaranır; mən hara gəlmişəm, bu adamlar kimdir... Körpədirsə, baş verənləri ümumiyyətlə qavramır. Onun beynində sadəcə görüntü qalır. Valideyn bu görüntünü sonradan əziz bir xatirəyə də çevirə bilər, həmçinin o görüntü, sadəcə, altşüurda korşalıb qala da bilər. Yəni, burada valideynin yanaşmasının, onun izahının əhəmiyyəti olduqca böyükdür. Azyaşlılar çox sual verir, hər şeyi anlamağa çalışır.
Söhbət şəhidlərdən gedirsə, valideyn uşağa izahat verməlidir, onlar nəyin uğrunda döyüşüblər, niyə şəhid olublar. Bu izahatın düzgün verilməsi uşağın özgüvən hissinin formalaşmasında əhəmiyyətli rol oynayır. Əgər izahat doğru verilərsə, uşağın yaxşı vətəndaş olmasına xidmət edəcək.
Normal uşaqlar "evcik-evcik", "maşın-maşın" oynayanda FƏLƏSTİNLİ körpələr şəhid-şəhid oynayır...
Məlahət Rzayeva