“Çünki onların Yaxın Şərqdəki ən güclü portnyoru Türkiyədir”
ABŞ Suriyada Türkiyəyə alternativ müttəfiq axtarışındadır. Türkiyəli analitiklərin iddiasına görə, Amerika PKK və YPG-nin nəzarətində Suriyada öz varlığını təminat altına almaq üçün yeni tərəfdaşa ehtiyac duyur. İndiyədək Vaşinqtonun ən optimal müttəfiqi Türkiyə sayılırdı. Lakin terrorçulara yardım faktoru tərəflərin uzlaşmasına heç cür imkan vermədi.
Türkiyə ilə yanaşı, Rusiya, İran və Suriya rejimi də kürd terrorçulardan üz çevirdi. Regionun əsas əhalisi ərəblər olsa da, ABŞ bölgədəki kürd azlığa dəstək verərək İrana qarşı bufer zona yaratmağa çalışır. Vaşinqton bilir ki, Yaxın Şərqdən çıxarsa, PKK təkbaşına bu ərazilərdə mövcudluğunu qoruya bilməyəcək. O səbəbdən güclü müttəfiq axtarışındadır. Deyilənə görə, Türkiyəyə alternativ olaraq Misir və başqa bir neçə ərəb dövləti düşünülür.
Qardaş ölkənin başqa dövlətlə əvəzlənməsi planını "Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov vurğulayıb ki, Türkiyə hərbi potensialı kifayət qədər yüksək olan bir ölkədir. NATO-nun ən qabaqcıl ölkələrindən biri olması da qardaş dövlətin gücünü ortaya qoyur:
"Son zamanlar Vaşinqton-Ankara münasibətlərində gərginlik artıb. Şübhəsiz, bunun müxtəlif səbəbləri var. Suriyada terrorçulara açıq dəstək göstərilməsi və türklərə "Patriot” raketlərinin verilməməsi Ankaranın səbrini daşırdı. Qərbdən istədiyini ala bilməyən Türkiyə üzünü Rusiyaya döndərdi. İddia etmək olmaz ki, Rusiya-Türkiyə münasibətləri əbədi xarakter daşıyır. Ancaq indiki vəziyyətdə Ankaranın Moskva ilə yaxınlaşması ən doğru qərardır. Anlamaq lazımdır ki, Türkiyə-Rusiya münasibətlərinin yaxşı olması aparıcı Qərb dövlətlərinin Türkiyəyə soyuq yanaşmasından, qeyri-ədalətli siyasətindən irəli gəlir”.
Politoloq bildirib ki, Türkiyə kifayət qədər prinsipial və qəti mövqe nümayiş etdirir:
"Qardaş ölkə öz qanuni sərhədlərini qoruyur, terrorçulara qarşı savaşır, Əsəd rejimi ilə mübarizə aparır. Türkiyə heç kimin qarşısında əyilmir və başqa dövlətin maraqları naminə addım atmır. Bu cür mövqe yaxın gələcəkdə də nümayiş olunacaq və dəyişilməyəcək. Əslində dəyişiklik mümkündür, amma bunun üçün Qərb ölkələri qərəzli mövqedən vaz keçməlidir. ABŞ və Avropa ölkələri Türkiyəyə dostluq əli uzatmalıdır. Çünki onların Yaxın Şərqdəki ən güclü portnyoru Türkiyədir”.
F.Sadıqovun sözlərinə görə, ABŞ-la Türkiyə arasındakı gərginlik NATO-Türkiyə əlaqələrinin korlanması anlamına gəlməməlidir:
"Türkiyə ilə hərbi alyans arasında qarşıdurma yoxdur. Ötön gün NATO-nun baş katibi Türkiyə prezidenti Ərdoğanla görüşü zamanı bir daha bəyan etdi ki, qurumla Ankara arasında ziddiyyət olmayacaq. Hərbi alyans təhlükəsizlik məsələlərində Türkiyəyə dəstəyini ifadə edir. Problem ondadır ki, Tramp administrasiyası Türkiyəyə qarşı çox sərt mövqe sərgiləyir. Türkiyə də buna adekvat olaraq addımlar atmaq məcburiyyətində qalır”.
İsmayıl