Qərb də gücümüzü görür, Ermənistan da...

Sarkisyan isə sadəcə vəziyyətdən çıxmaq üçün söz oyunundan istifadə edir



Ermənistan tərəfi hansı yolla olursa-olsun, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində indiki "status-kvo”nu qoruyub saxlamağa çalışır və bunun üçün də müxtəlif bəhanələrə, yalanlara, böhtanlara əl atır. Ermənistanın münaqişənin həllində maraqlı olmadığı atdığı hər addımında qabarıq şəkildə özünü büruzə verir. Ancaq təxribatlar törətməklə münaqişənin həllində maraqlı olmadığını açıq-aşkar təsdiqləyən Ermənistan bunu etiraf etməkdə acizlik göstərir.

Məsələnin həlli istiqamətində həyata keçirilən danışıqlar zamanı qeyri-konstruktiv mövqeyini, danışıqlarda sadəcə danışıq xatirinə iştirak etdiyini, ən əsası bir görüntü yaratdığını nümayiş etdirməsi azmış kimi Ermənistanda atəşkəs rejiminin pozulmasına göstərilən maraq da işğalçı dövlətin məkrli niyyətini ortaya qoyan əsas məqamlardandır.
Amma bütün bunlara rəğmən Ermənistan rəhbərliyi gözə kül üfürməklə beynəlxalq arenada özünün müsbət imicini yaratmağa çalışır. Münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu iddia etməklə işğalçı tərəf hər dəfəsində münaqişənin həllinin "düyün”ə düşməsində Azərbaycanı səbəbkar elan edir. Bu dəfə də fərqli heç nə olmayıb. Erməni tərəfinin həmsədr ölkələr olan ABŞ, Fransa və Rusiyanın dövlət başçılarının 6 bəyanatında qeyd olunan prinsip və elementlər əsasında Azərbaycanla aparılan danışıqları Qarabağ probleminin həlli üçün əsas prinsip olduğunu qəbul etdiyini vurğulayan Ermənistan prezidenti Serj Sarkisyanın dediyinə görə, onlar həmsədrlərin xalqları sülhə hazırlamaq çağırışını bölüşür. Özünü sülhsevər göstərən Ermənistanın məqsədi bütün dünyaya Azərbaycanın guya qeyri-konstruktiv mövqe tutduğunu göstərməkdən ibarətdir. "Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə isə hesab edir ki, İrəvan özünü Qərbə konstruktiv göstərmək və günahı Azərbaycanın boynuna atmaq istəyir: "Sarkisyan Ermənistanın məlum prinsiplər əsasında problemin həllinə hazır olduğunu deyir. Bəs hanı?! Nəyə görə bütün görüşlər uğursuzluqla nəticələnir? Nəyə görə atəşkəs xəttində bu qədər adam həlak olur, sülh yoxdur?”. Politoloq düşünür ki, Sarkisyan bu açıqlamanı məqsədli şəkildə verib: "Qərb Ermənistana qarşı sərtləşib, xüsusilə rəsmi İrəvan Gömrük İttifaqına daxil olmaq qərarı verəndən sonra ondan üz çeviriblər. Ona görə Ermənistan istəyir ki, işğalçı olmalarına və sülhə məhəl qoymalarına, bütün prinsipləri rədd etmələrinə baxmayaraq, Qərb "Ermənistan yaxşıdır” desin. Hazırda erməni diasporu da bu yöndə fəallıq nümayiş etdirir ki, Azərbaycandan fərqli olaraq Ermənistan sülh istəyir. Bu, təbliğat fəndidir, vəssalam! Ancaq Qərb sözə inanmır”.
Millət vəkili Məlahət İbrahimqızının fikrincə isə Xocalıda əli qana batmış terrorçu Serj Sarkisyanın səmimiyyətinə heç zaman inanmaq olmaz. Ümumiyyətlə, Ermənistan rəhbərliyi hər zaman provokativ fəaliyyət göstərib. Onun sözlərinə görə, Serj Sarkisyan bu bəyanatı ilə Ermənistanın işğalçılıq mahiyyətinin ifşa olunmasını ört-basdır etmək məqsədi güdür: "Serj Sarkisyanın səmimiyyətinə inanmaq heç də düzgün deyil. Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq planlarından əl çəkdiyi zaman Sarkisyanın bu cür "səmimi” vədlərinə inanmaq olar. Bu cür çıxışlarla Ermənistan prezidenti ictimaiyyətə özünü sülhsevər bir dövlət başçısı kimi göstərməyə çalışır. Onun vədlərinə inanmaq düzgün deyil. Hazırda Azərbaycan ordusunda ölkəmizin ərazi bütövlüyünün qorunması ilə bağlı çox ciddi işlər görülür. Bu səbəbdən qorxuya düşən Sarkisyan bu cür "səmimi” vədlər verərək öz işğalçılıq planlarını gizlədir. Ona bəllidir ki, artıq Azərbaycan ordusu qarşısında Ermənistan ordusu müqayisə olunmaz dərəcədə kiçikdir. BMT-nin qəbul etdiyi qətnamələrə əməl olunduğu zaman, ölkəmizə qarşı olan işğalçılıq planlarından əl çəkildiyi zaman Ermənistan rəhbərliyinin vədlərinə inanmaq olar, amma hələ ki, Sarkisyanın bu cür çıxışları sadəcə söz oyunudur”.

Şəymən