"Qərb Ermənistana heç bir köməklik göstərməyəcək" - Paşinyan vədinə əməl etmir





"Ermənistan istər iqtisadi, istərsə də, siyasi cəhətdən Rusiyanın bir vilayətidir”.

Bu barədə "Sherg.az”a millət vəkili Rüfət Quliyev bildirib.

Deputat vurğulayıb ki, keçmiş prezident Serj Sarkisyanın hakimiyyəti dövründə heç bir məsələ Rusiya rəhbərliyinin icazəsi olmadan həll edilə bilməzdi:

"Nikol Paşinyanın hakimiyyətə gəlməsi isə bir növ təsadüf nəticəsində baş verdi. Nəticə olaraq, o, küçədən hakimiyyətə gəldi və artıq 100 gündür, baş nazir kürsüsündədir. Bundan sonra atdığı addımların, verdiyi qərarların faydası və ziyanlarından danışmalıdır. Hazırda Ermənistanın Rusiyadan asılılığının tərəfdarı olan və ya olmayan mənbələr, hətta qərb analitikləri qeyd edirlər ki, Paşinyan heç bir nailiyyət əldə etmədi. Birmənalı şəkildə demək olar, Ermənistan Rusiyadan ayrıla bilməyəcək. Rəsmi İrəvan Kremldən asılılığını qurtarmaq üçün müstəqil hakimiyyət, siyasət və iqtisadiyyat formalaşdırmalıdır. Halbuki bütün dünya bunun mümkün olmadığını anlayır”.

R.Quliyevin fikrincə, N.Paşinyan Rusiya ilə birlikdə olduğunu göstərməyə çalışır və bununla Qərbə olan meylini pərdələmək istəyir:

"Rəsmi Moskva isə Ermənistanın Qərbdən dəstək almasına heç vaxt izn verməyəcək. Hesab edirəm ki, Ermənistan artıq bir qərar verməlidir. Hər kəs anlayır ki, regionda Rusiyanın təsiri daha çoxdur. Xüsusilə, Ermənistan bu dövlətin əlaltısıdır. Düşmən ölkədə artıq xalq təsərrüfatı məfhumu yoxdur. Bir ölkə ki, öz nəqliyyat sistemini, energetikasını, bütün sahələrdə idarəçiliyini itirib, Rusiyadan aldığı kreditlər hesabına dövləti ayaqda saxlayırsa, deməli bu ölkənin siyasi müstəqilliyi məhv olub.

Paşinyan hökumətinin oyun oynaması, Rusiyadan qazandıqları hesabına üzünü Qərbə tərəf çevirmək istəyi baş tutmayacaq. Qərb Ermənistana heç bir köməklik göstərməyəcək. Çünki indiyə qədər rəsmi İrəvana milyardlarla dollar yardım edən Qərb Paşinyan hakimiyyətinin verdiyi vədləri həyata keçirməməsi ilə qarşılaşıb. Hətta ermənilər işğal etdiyi Qarabağı, Azərbaycan torpaqlarını da müdafiə edə bilmirlər. 2016-cı il aprel döyüşləri, Naxçıvanda keçirilən hərbi əməliyyatlar bunu sübut etdi. Ermənistan artıq dünya diplomatiyasında uduza-uduza gedir.

Düşünürəm ki, N.Paşinyan da müvəqqəti – 6 aylıq, 1 illik hakimiyyətə gətirilmiş fiqurdur. Ermənistan Azərbaycan hakimiyyəti ilə razılaşıb, işğal etdiyi torpaqlarımızı qeyd-şərtsiz qaytarmalı, öz iqtisadiyyatını qurmalıdır. Rəsmi İrəvanın başqa çıxış yolu yoxdur”.

Qeyd edək ki, Nikol Paşinyan baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə çıxışı zamanı Ermənistan hakimiyyətində mövcud olan quldur dəstələrin tam zərərsizləşdirilmədiyini söyləyib. O bildirib ki, bu səbəbdən növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var. N.Paşinyanın səsləndirdiyi fikirləri şərh edən erməni siyasi ekspertləri vurğulayıblar ki, Paşinyan da bundan əvvəlki hökumət başçıları kimi yalan vədlər verib baş nazir postuna gəldi. İndi isə problemin həll olunmamasını Ermənistanın ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır.

Aysel Aslan