“Qəsdən adam öldürmə”

Rusiyada dünya çempionunu döyərək öldürən azərbaycanlı federal axtarışa verilib
Anar özünün və mənsub olduğu xalqın ünvanına səslənən təhqirlərə dözməyib. Burada bir Azərbaycan vətəndaşının ruslara və Rusiyaya nifrətindən söhbət gedə bilməz

Xəbər verdiyimiz kimi avqustun 20-də həmyerlimiz Anar Allahverənov Xabarovskda pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovu döyüb. Münaqişə zəminində baş vermiş hadisədən sonra rus idmançı xəstəxanada ölüb. Hadisə ciddi rezonans doğurub və Rusiyanın müəyyən dairələrində narazılıqla qarşılanıb.

Hətta Rusiya Dövlət Dumasında "Ədalətli Rusiya” fraksiyasının sədr müavini Oleq Nilov çempion Andrey Draçyovun qətli haqqında işin şəxsi nəzarətə götürülməsi tələbi ilə Rusiyanın baş prokuroru Yuri Çaykaya müraciət edib. Nilov bildirib ki, davanın iştirakçılarından biri döyüş bacarıqlarına malik olub, ona görə də bu vəziyyəti qəsdən öldürmə kimi xarakterizə etmək lazımdır. Deputat şüursuz vəziyyətdə olan Draçyovun başına zərbələrin vurulmasına diqqət çəkib. Xatırladaq ki, Draçyovun qətlində şübhəli bilinən şəxs hazırda Uzaq Şərq federal dairəsinin bütün regionlarında polis tərəfindən axtarılır. İctimaiyyət nümayəndələri hesab edir ki, rus rəsmilərin məsələyə bu şəkildə qarışması, hadisəni qəsdən qızışdırması xalqlararası gərginliyin artmasına, milli zəmində problemin yaranmasına gətirib çıxara bilər.

Məsələni "Şərq” şərh edən "Tolerant” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Azər Rəşidoğlu deyib ki, Anar Allahverənov bu hadisəni ruhi həyəcan vəziyyətində törədib və məhkəmə bunu nəzərə almalıdır: "Anar özünün və mənsub olduğu xalqın ünvanına səslənən təhqirlərə dözməyib. Burada bir Azərbaycan vətəndaşının ruslara və Rusiyaya nifrətindən söhbət gedə bilməz. Hər gün yüzlərlə belə hadisə baş verir və bu gün Anarın hərəkətində xüsusi motiv axtaranlar nədənsə susurlar. Hesab edirəm ki, Azərbaycan diasporası Anara güclü vəkil tutmalı və ona qarşı ermənilərin və rus şovinistlərinin ata biləcəyi addımın qarşısını almalıdır”.

Rusiyada pauerlifting üzrə dünya çempionu Andret Draçevi döyərək öldürən azərbaycanlı federal axtarışa verilib.

APA-nın Rusiya İstintaq Komitəsinin Xabarovsk vilayəti üzrə istintaq idarəsinin saytına istinadən verdiyi məlumata görə, əməliyyatçılar tərəfindən həmin şəxsin evində və bir sıra yerlərdə axtarış aparılıb: "Federal axtarışa verilmiş şəxsin tutulması ilə bağlı genişmiqyaslı operativ-axtarış tədbirləri həyata keçirilir”.

Faktla bağlı "Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlayıb.

Xatırladaq ki, qətli törədən şəxsin döyüş ustası Anar Allahverənov adlı azərbaycanlı olduğu bildirilir. Məlumata görə, dünya çempionu onu "çuşka” adlandırıb, bundan sonra tərəflər arasında mübahisə və əlbəyaxa dava baş verib.

İsmayıl