Qətərin təhlükəsizliyi sual altındadır

Bu ölkə Əl-Qaidə, İŞİD, “Müsəlman Qardaşları” kimi qruplaşmalara dəstəkdən əl çəkəcək


Aparıcı ərəb ölkələrinin ani qərarla Qətər dövləti ilə münasibətləri dondurması dünya gündəmini zəbt etdi. ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistan səfərindən sonra həm Ər-Riyad, həm də Bəhreyn, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Liviya, Yəmən və Maldiv hökumətləri Qətərlə əlaqələrə son verdilər. Onlar Qətərin terrorçuluğa dəstək verdiyini iddia etdilər. Altı ölkə hava və dəniz məkanlarını Qətər dövləti üçün bağladı.

Hətta iddia olundu ki, Qətər dövləti Yəməndə hərbi əməliyyatlar aparması üçün İrana yardım göstərir. Qətər hökumətinin bu yaxınlarda terrorçulara 1 milyard dollara yaxın pul ödədiyi deyilir. Məlumata əsasən, rəsmi Doha İraqın cənubunda şahin quşlarının ovu ilə məşğul olan əmirin 26 ailə üzvünün girov götürülməsi müqabilində terrorçulara bir milyard dollara yaxın pul ödəməli olub. Girovların sərbəst buraxılması üçün ödənilən məbləğ "Əl-Qaidə”nin Suriyadakı qolu və İran xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülüb. "Wikileaks”in yaydığı yeni məxfi sənədlərdə isə bildirilib ki, ABŞ Qətərin İŞİD-i maliyyələşdirməsindən xəbərdar olub. İnternetdə məxfi sənədləri yaymaqla məşğul olan təşkilat Amerika rəsmisinin vaxtı ilə işlətdiyi sözləri dərc edib: "Hərbi əməliyyatlarımızın davam etdiyi zamanda ənənəvi metodları ilə regiondakı radikal qruplaşmalara maliyyə yardımı göstərən Qətərə təzyiq göstərmək lazımdır”. 

Bəzi ekspertlərə görə, Qətərin bütün təkziblərinə rəğmən, bu dövlətə "rəhm edilməməsi” məsələnin alt qatında başqa məqamların olduğunu göstərir. Türkiyəli mütəxəssis Sadıq Ünay Qətərlə bağlı böhranın gizli səbəbinin təbii qaz olduğunu açıqlayıb. Onun sözlərinə görə, Qətər dünyanın ən böyük təbii qaz qaynaqlarına sahibdir: "2013-cü ildən başlayaraq, İran-Qətər münasibətləri çox yaxşıdır. Bu vəziyyət ABŞ və Səudiyyə Ərəbistana təsir edir. 2013-cü ildə başlanan İran-Qətər əməkdaşlığı bölgədəki siyasi tarazlığı dəyişdirə bilər. Qətərlə İranın dünyanın ən böyük təbii qaz istehsalına başlamaq qərarı bu böhranın əsas səbəbidir”. 

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Donald Tramp bəlkə də özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirib: 

"Həm Səudiyyə, həm də Qətər Vaşinqtonun bölgədəki müttəfiqləridir. Ağ Ev iki müttəfiqi arasında münasibətlərin gərginləşməsini istəməzdi. Sadəcə, Ər-Riyad hiyləgər gediş etdi. İndi aydın olur ki, niyə Ər-Riyad Trampın iştirakı ilə "İslam, ərəb, Amerika” sammiti keçirdi? Ər-Riyad həmin sammitdə Ağ Ev sahibinin nə deyəcəyini əvvəlcədən təxmin edə bilərdi və gördüyünüz kimi Səudiyyənin təxminləri doğru çıxdı. Tramp ilk olaraq dedi ki, beynəlxalq terrorçulara dəstək verməyin, onlardan uzaq dayanın. Daha sonra bildirdi ki, İran bölgənin başlıca düşmənidir. Elə Ər-Riyadın Qətərə qarşı irəli sürdüyü iki iddia Trampın söylədiyi iki əsas tezisə əsaslanırdı. 

Tramp bəlkə də özü də anlamadan Ər-Riyadın Qətərə qarşı arqumentini gücləndirdi”. Ekspertin sözlərinə görə, İran bu vəziyyətdən istifadə edərək ərəb ittifaqında çatın dərinləşməsinə, Qətəri öz tərəfinə çəkməyə çalışa bilər: "Əgər bu alınarsa, Qətər Suriyadan sonra İranla müttəfiq olan ikinci ərəb ölkəsi olacaq. Tehran artıq Qətər hakimiyyətinə müraciət edərək, ərzaq göndərəcəyini açıqlayıb. Bəllidir ki, Qətər varlı dövlət olsa da, iqlim şəraitinə görə, özünün yetişdirdiyi məhsullar çox azdır. Ancaq Qətərin sünni ərəb dünyasından üz döndərərək İranla müttəfiq olacağını zənn etmirəm. Bu, Qətərin sonunu yaxınlaşdırar. Ona görə də Qətər tədricən Əl-Qaidə, İŞİD, "Müsəlman Qardaşları” kimi qruplaşmalara dəstəkdən əl çəkəcək. Həm də İranla yaxınlaşmaqdan vaz keçəcək. Bunu etməzsə, Qətərin təhlükəsizliyi sual altında qalacaq”.

İsmayıl