Qəzetlərin və saytların dizayn tərtibatı...
Jurnalistlər hesab edir ki, bu sahə üzrə tədris məkanı olmalıdır
Texnoloji yeniliklərlə zəngin olan XXI əsr digər sahələrdə olduğu kimi kütləvi informasiya vasitələri sahəsində də öz sözünü deməkdə, diktəsini etməkdədir. Xoş qarşılansa da, qarşılanmasa da, dövrün və reallığın tələbi kimi media sistemində texnoloji yeniliklər tətbiq olunmaqdadır. Həm yazılı, həm də internet medianın tarixində özünəməxsus yeri olan və tez-tez dəyişikliyə məruz sahələrdən biri də mətbu orqanlardakı dizayn tərtibatı məsələsidir. Dizayn KİV-lərin ərsəyə gəlməsində və formalaşmasında vacib elementlərdən hesab olunur.
Ancaq təəssüflər olsun ki, günümüzdə bu sahə ilə bağlı mətbuatda ciddi problemlər mövcuddur. Bəzi ekspertlərin sözlərinə görə, ölkədə belə bir təhsil verən müəssisə olmadığından, qəzet dizaynerləri bu peşəyə fərdi hazırlaşırlar. Elə buna görə də bütün zamanlarda peşəkarlıq sual altında qalır. Odur ki, bir çoxlarının sırf texniki iş kimi dəyərləndirdiyi dizaynerliyin yaradıcılıq meyarı da kölgələnir və mükəmməl məhsulun formalaşması mürəkkəbləşir. Ümumiyyətlə, dizayn mətbu orqanlar üçün nə qədər əhəmiyyətlidir, oxucular üçün xüsusi önəm kəsb edirmi, qəzetlər və saytlar arasında dizaynla bağlı fərq olmalıdırmı?
Məsələyə münasibət bildirən ekspertlərin fikirləri birmənalı deyil. Dizayn məsələsini önəmli hesab edənlərlə yanaşı, bu sahənin ikinci-üçüncü dərəcədə olduğunu düşünənlər də az deyil.
"Ədəbiyyat” qəzetinin dizayneri Anar Məmmədov bu sahənin incəlikləri ilə bağlı açıqlamalar verib. O deyib ki, başqa ixtisas üzrə təhsil alsa da, dizayner olaraq fəaliyyət göstərir və öz işini sevir: "Qəzetdə çalışdığım illər ərzində bütün bacarığımı bu sahə üzrə təkmilləşdirməyə sərf etmişəm. Yeni gələndə bir həftəyə dizayn proqramını öyrəndim və get-gedə işi dərindən öyrənməyə başladım. Dizayn işi kifayət qədər yaxşı, o cümlədən məsuliyyətlidir. Günümüzdə əksər qəzetlər "QuarkXPress” adlı proqrama əsasən çapa hazırlanır. Kifayət qədər imkanlar sərgiləyən bu proqram, dizaynerlikdə çox vacib ünsürdür. Bununla paralel, "Ventura Publisher” adlı proqram da var ki, onun da qəzetçilik üçün yararlılığı yüksəkdir. Bizdə "Xalq qəzeti” və bir neçə digər qəzet bu proqramdan bəhrələnir. Sözügedən proqram, həddən ziyadə dəqiqliyi sevir. Onu da deyim ki, xarici ölkələrin çoxunda da qəzetçiliklə bağlı həmin proqramdan istifadə edilir və maraqlı qəzetlər nəşr edilir”.
Təcürbəli dizayner hesab edir ki, Azərbaycanda bu sahə üzrə ən azı, texnikum səviyyəsində bir tədris məkanı olmalıdır. Çünki hazırda əksər qəzetlər demək olar ki, şablon şəkildə nəşrə hazırlanır: "Xarici praktikada olduqca maraqlı qəzetlər işlənib-hazırlanır. Nəzərə alınmalıdır ki, hazırda ölkədə azı 800 qəzet nəşr olunur və bunların əksər hissəsi yaxşı dizayner axtarır. Ümumiyyətlə, yaxşı dizayner üçün həmişə iş var və bu, peşəkarlığı sevən sahədir. Peşəkarlığa isə yalnız təcrübə sayəsində yiyələnmək olar”. A.Məmmədovun sözlərinə görə, hər yoldan keçən özünə "dizayner” deyə bilməz. Çünki sırf proqrama bələd olmaqla dizaynerliyi bacarmaq eyni məfhum deyil: "Dizaynerlik həm də yaradıcılıq, fantaziya tələb edir. Bu gün mövcud olan kurslar da heç bu proqramı yaxşı tədris etmir. Mən şəxsən özümü bu proqramı bilməyən kimi təqdim edərək bir müddət kursa getdim. Amma orda mənə heç nə öyrətmirlər. Bu işi ancaq qəzetdə peşəkarlaşmış adamlardan öyrənmək olar. Bunun üçün isə həvəs lazımdır. Bizim sənətin də özünəxas çətinlikləri var. Belə ki, həm diqqətli olmalısan, həm məsuliyyətli, həm də bizim iş gec bitir. Olur ki, gecə saat 2-yə, 3-ə qədər redaksiyada qalırıq”.
"Editor.az” portalının baş direktoru Azər Niftiyev də deyib ki, heç şübhəsiz dizayn istər qəzetlərin, istərsə də xəbər saytlarının fəaliyyətində vacib amillərdəndir: "Necə ki, deyirlər, "insanı görünüşünə görə qarşılayıb, danışığına görə yola salırlar”, eləcə də bu misalı mətbu orqanlara şamil etmək olar. Bütün hallarda dizayn xüsusi önəm kəsb edir. Təbii ki, əsas məsələ qəzetin və ya saytın xəbər siyasəti, obyektiv yanaşma tərzidir. Amma bu o demək deyil ki, görünüş, yəni dizayn arxa planda qalmalıdır. Bu gün Azərbaycanda elə saytlar var ki, xəbər siyasəti normal olsa da, dizayna görə, onları oxumurlar. Bu faktın özü görünüşün nə qədər əhəmiyyətli olduğunu ortaya qoyur. Elə etmək lazımdır ki, oxucunun gözü yorulmasın və o, istifadə etdiyi mətbu orqanın dizayn üslubundan da zövq ala bilsin”.
"AtvXeber.az” saytının redaktoru Əziz Əlibəyli də dizayn sahəsini müasir medianın ən vacib elementi kimi görür: "Təsəvvür edin siz maşın almısınız, amma onun sükanı xarab olub. Dizayn, başqa sözlə təqdimat, oxucunu ələ almağın əsas qaydasıdır. Burada görüntünü, vitrini sadə, gözoxşayan və cəlbedici formada bəzəməlisən. Məsələn, bizdə 20-yə yaxın sayta dizaynla fikrini çatdıra bilən, uğurlu təqdimat edən saytlar var. Amma problem odur ki, hələ də üst səviyyəli, çox peşəkar İT mütəxəssisləri azdır. Bir də onu diqqətdən qaçırmayaq ki, dizaynerlik sözdə texniki sahə olsa da, mahiyyətcə yaradıcılıq işidir. Bunun təhsilindən daha çox istedadı və yaradıcı yanaşması önəmlidir. Bütün dünyada belədir. Dünya elektron mediasında elə subliminal mesaj verən dizaynlar mövcuddur ki, bunun bizdə tətbiqinə illər lazım olacaq. Qəzet dizaynı haqda fikir bildirməyim düz olmaz. Çünki artıq aparıcı sahə çap mediasının əlindən çıxıb. Onsuz da onun problemlərini dizaynla həll etmək mümkün olmayacaq”.
"Bizim yol” qəzetinin əməkdaşı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun həmtəsisçisi İdrak Abbasov qaldırılan problemin Azərbaycan mediasında çoxsaylı problemlərdən biri olduğunu deyib: "İlk növbədə qeyd etmək lazımdır ki, qəzet də əmtəədir və o da bazara çıxarılan bir məhsuldur. Ancaq təəssüf ki, Azərbaycanda vəziyyət bu sahədə vəziyyət qənaətbəxş deyil. Yəni bizdə qəzetlər biznes strukturu sayılmır. İnkişaf etmiş ölkələrdə isə qəzetlər ciddi biznes subyektleri hesab olunur. Gəlirləri də əsasən reklam bazarına görədir. Bütün inkişaf etmiş ölkələrdə qəzetlərin gəlirlərinin 90 faizi reklam hesabına ödənilir. Azərbaycanda reklam bazarı yox səviyyəsindədir. Qəzetlərə isə demək olar ki, reklam verən yoxdur. Bu isə avtomatik olaraq qəzetlərin yoxsullaşması, peşəkarlar üçün cəlbedici olmaması deməkdir”.
İ.Abbasov bildirib ki, azsaylı olsa da, Azərbaycanda dizayn sənətini bacaran və xüsusilə qəzet dizayn edən mütəxəssislər var. Amma illər keçdikcə, həmin mütəxəssislər daha yaxşı maaş verən dövlət strukturları və ya iri biznes holdinqlərində işləməyə üstünlük verirlər. Bu səbəbdən də qəzetlər demək olar ki, son 15 ildə çox az dəyişən standart və bəsit proqramlarla həm də şablon qaydada dizayn edilir. Bunun nəticəsi olaraq bu gün Azərbaycanda qəzetlərin və internet portallarının hamısının zahiri görkəmi bir-birinə oxşardır. Çünki media sahəsi dizaynerlərə yaxşı pul verib, onları "full time” işlə təmin edə bilmir. Dizaynerlər eyni vaxtda bir neçə qəzet və internet resurslarına qulluq etməklə, belə demək mümkündürsə, xaltura etməklə birtəhər dolanmağa məcburdurlar”.
Tanınmış jurnalist deyib ki, dizaynerlik bir sənət kimi ayrı-ayrı təhsil ocaqlarında bəsit qaydada olsa da, öyrədilir. Amma nəzərə alın ki, BDU-nun jurnalistika fakültəsi səhv etmirəmsə, hələ də "ADOBE PRİMER-4” proqramını "şeytan arabası” hesab edir və ötən əsrdə olduğu kimi lent kəsməklə montaja üstünlük verir. Yəni bu artıq ayrı bir mövzudur”.
"AzVision.az” saytının əməkdaşı Anar Kəlbiyev də istər qəzet, istərsə də sayt üçün dizaynın vacib məsələ olduğunu təsdiq edir: "Oxucunu cəlb edən həm də media qurumunun dizaynıdır. Yaxşı dizaynlı bir sayta oxucu da çox maraq göstərir. Amma düzü, saytlarımızın çoxunun dizaynı heç də ürəkaçan deyil. Məncə, bu barədə ciddi düşünmək lazımdır. Bunun ayrıca tədris olunması məsələsi isə təqdirəlayiq bir haldır. Sırf belə bir fakültənin yaradılması çox yaxşı olardı. Çünki hazırda bu sahəyə maraq kifayət qədər çoxdur”.
(davamı gələn sayda...)
İsmayıl