QMİ-nin orucluq fətvası gərginlik yaratdı

Sərdar Cəlaloğlu: “Bu, siyasi addımdır. Açıq şəkildə Türkiyəni Azərbaycandan ayırmaq üçün verilən bir fətvadır”
Elşad Miri: “QMİ müsəlman dünyasını deyil, İranın dini xəttini əlində bayraq edir”

Hacı Şahin Həsənli: "Bu məsələnin siyasiləşdirilməsi çox gülüncdür, ayın görünməsi vacib şərtdir”


Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) orucluqla bağlı fətvası ciddi etirazlara səbəb olub. Çünki QMİ-nin fətvasına əsasən Azərbaycanda orucluq iyunun 7-də başlayıb. Buna rəğmən bəzi inanclı insanlar artıq bu ayın 6-dan oruc tutmağa başlayıblar. Səbəbini isə onunla izah edirlər ki, QMİ İran təqvimi ilə fətva verir. QMİ-nin fətvasına münasibət bildirən dindar siyasətçi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da buna sərt reaksiya verib.

O bildirib ki, QMİ-nin qərarı siyasi motivlərə söykənir: "Bu, siyasi addımdır. Açıq şəkildə Türkiyəni Azərbaycandan ayırmaq üçün verilən bir fətvadır. Buna görə də, dini ayinlərin icrasında ikitirəlik yaradırlar. İki xalqın ən müqəddəs ayinlərinin fərqli-fərqli vaxtlarda icra etməsinə şərait yaratmağa çalışırlar. Mən dünəndən oruc tutmuşam”. Bundan başqa ilahiyyatçı Elşad Miri də hesab edir ki, QMİ müsəlman dünyasını deyil, İranın dini xəttini əlində bayraq edir: "Qurum sədri Allahşükür Paşazadə İranın ali dini lideri Seyid Əli Xamneyini təqlid etməklə məşğuldur”.

İttihamlara cavab verən Hacı Şahin Həsənli qeyd edib ki, bunlar absurd fikirlərdir: "Azərbaycanda ilahi təqvimin yaradılması ilə bağlı QMİdə komissiya yaradıldı. Mən özüm də həmin komissiyanın üzvüyəm. Komissiyanın tərkibinə həm din, həm də elm xadimləri daxil edildi. Müştərək bir komissiyadır. Orada Azərbaycan üçün həm namaz vaxtlarının cədvəli, həm də Ramazan ayının başlama və bitmə vaxtları qeyd olunub. Bunlar açıq-aşkar bildirilir. Mən tam məsuliyyətimlə deyirəm ki, bütün elmi hesablamalara əsasən Azərbaycan ərazisində ay 6-sı axşam görünməli idi. Elə də oldu. Bu hadisə siyasi orientasiya mövzusu deyil. Sırf elmi məsələdir. Bəzi ölkələrdə ay fərqli bir zamanda görsənə bilər. Ölkələrin coğrafi mövqeyi ayın nə zaman görünməsinə təsir göstərə bilir. Bu təqvim Azərbaycanda ayın görünməsinə dair hesablamalara əsaslanaraq tərtib olunub. Prosesdə Şamaxı rəsədxanasının aparıcı mütəxəssisləri iştirak edirdi. Bu məsələnin siyasiləşdirilməsi çox gülüncdür. Azərbaycan uyğun vahid bir təqvim təqdim olunur. Burada Azərbaycanın coğrafi mövqeyi nəzərə alınır. "Qurani-Kərim”də də qeyd olunur ki, ayı gördüyünüz zaman oruc tutun. Ayın görünməsi vacib şərtlərdəndir”.

Ayyət Əhməd