QMİ xəbərdarlığı kəskin qoydu

İftardan əvvəl məclislərdə iştirak edən din xadimləri cəza alacaq


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməmək barədə xəbərdarlıq edib.

Şeyxülislam QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır: "Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimizsiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda belə qərar verəcəyəm”.

Görəsən, din xadimləri QMİ sədrinin etdiyi xəbərdarlıqla bağlı nə düşünürlər? İlahiyyatçı Hacı Şahin Həsənlinin sözlərinə görə, verilən xəbərdarlıq dinimizin hökmü olsa da, insanları məcbur etmək olmaz, onlar seçim azadlığına malikdirlər:

"QMİ hər il din xadimlərinə tövsiyə verir ki, iftardan əvvəl məclislərdə iştirak eləməsinlər. Yəni bu, dini nöqteyi-nəzərdən də qadağan olunmuş bir əməldir. Günorta vaxtı azana qədər ehsan verilməsi və din xadimlərinin bu məclislərdə iştirakı qətiyyən yolverilməzdir. Çünki bu, əməlin rəvac verilməsinə xidmət edir. Ona görə də bu xəbərdarlıq ilk deyil. Bu il də kəskin olaraq deyildi ki, əgər din xadimləri məclislərdə iştirak edəcəklərsə, hətta onların tutduqları vəzifələrdən kənarlaşdırılmasına qədər tədbirlər görülə bilər. Çünki bu, dinimizin tələblərinin kobud şəkildə pozulması, Ramazan ayının hörmətinin aradan getməsinə xidmət göstərir. Yaxşı olar ki, məclislərdə ehsan veriləcəksə, bu, iftardan sonra olsun”.

İlahiyyatçı Elşad Miri isə bildirib ki, QMİ daxili proseduruna uyğun olaraq ona tabe olan şəxslərə belə bir hökm verir. "Məhz belə bir qərar QMİ-nin öz daxili qayda-qanunlarına tabe olmaq üçün məsləhət bilinib”.

Yeganə Bayramova