Mirmahmud Mirəlioğlu: “Deməli, koalisiya nəsə iş görür ki, kimlərinsə tənqidinə məruz qalır”
“Piketin məqsədi ölkədə mövcud olan ümumi vəziyyətlə, qiymətlərin durmadan artması ilə bağlı idi. Gecə yatırsan, səhər durub görürsən ki, qiymətlər iki-üç dəfə artıb”
Bir neçə müxalifət partiyasının təşəbbüsü ilə yaradılan "Anti-böhran koalisiyası” 4 aydır ki, fəaliyyət göstərir. Bu müddət ərzində koalisiyaya bir neçə siyasi təşkilat da qoşulub. Bəzi siyasətçilər "anti-böhran” koalisiyasının qısa vaxt ərzində xeyli iş gördüyünü iddia etsə də, əksər ekspertlər təşkilatın fəaliyyətsiz və mənasız olduğunu hesab edirlər.
Qurumla bağlı söz-söhbətə münasibət öyrənmək üçün Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə əlaqə saxladıq. Koalisiyanın 4 aylıq fəaliyyəti və üzləşdiyi tənqidlərlə bağlı "Şərq”in suallarını cavablandıran Mirmahmud Mirəlioğlu ittihamlara cavab verdi...
- Anti-böhran koalisiyasının dörd aylıq fəaliyyətini necə dəyərləndirirsiz? Təşkilatın işi sizi qane edirmi?
- Əslində ölkədə bizi qane etməyən şeylər çoxdur. Təbii ki, belə bir məqamda siyasi fəaliyyətlə, xüsusən hansısa bir təşkilatın fəaliyyəti ilə bağlı xoşagələn sözlər demək mümkün deyil. Mənim fikrimcə, bir adamı hər şey o vaxt qane edir ki, həmin adam ölür və aparıb dəfn edirlər. Hər işdə qüsurlar olur.
- Koalisiyada sadəcə böhranla bağlı məsələlər müzakirə olunur, yoxsa digər siyasi proseslərə də münasibət bildirirsiz?
- Demək olar ki, ölkədə mövcud olan bütün ictimai-siyasi proseslərin hamısı tərəfimizdən dəyərləndirilir və məsələlərə münasibət bildirilir. Ancaq əsas məqsədimiz koalisiyanın adından da göründüyü kimi daha çox böhrana səbəb olacaq məsələləri müzakirə etməkdir.
- Koalisiya yarandığı gündən tənqidlərə məruz qalır. Bəziləri hesab edirlər ki, siz ciddi işlə məşğul olmursuz. Bu cür fikirlərə münasibətiniz necədir?
- Bizi tənqid edənlərin yeganə işi başqalarını müzakirə etməkdir. Nə deyim, Allah onlara qüvvət versin. Qoy, bizi tənqid etsinlər. Deməli, koalisiya nəsə iş görür ki, kimlərinsə tənqidinə məruz qalır. Əslində fəaliyyətimiz bizi tənqid edənlər üçün də faydalıdır. Ancaq onlar bunu görmürlər.
- Qurum yaranandan sonra təmsilçiliklə bağlı sizə müraciət edənlər çox olubmu?
- Bu barədə koalisiyanın katibi daha dəqiq məlumat verə bilər. Amma məndə olan məlumata görə, koalisiyaya qoşulmaq üçün müraciətlər əvvəllər daha çox olub. Bildiyimə görə, indi anti-böhran koalisiyasına girmək üçün bizə müraciət edən yoxdur.
- Bu yaxınlarda anti-böhran koalisiyası aksiya keçirməklə bağlı qərar alıb və Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müraciətə cavab aldınızmı?
- Meriya bizə cavab verdi, amma onların cavabı qanunsuz idi. Biz onlara piketlə bağlı müraciət edəndə məktubumuzu baxıb, yoxlayıb qəbul etdilər və hansısa problemin olduğunu demədilər. Ancaq daha sonra "düşünüb” bizə yazdılar ki, guya bizim müraciət məktubumuzda tarix göstərilməyib. Halbuki onlar əvvəlcə bizə cavab məktubu göndəriblər və məktuba tarix qoyub, imza atıblar.
- Aksiyada sadəcə partiya rəhbərlərinin iştirakı nəzərdə tutulmuşdu. Bu qərar nəylə bağlı idi?
- Onsuz da istənilən piketdə iştirak edənlərin sayı 50 nəfər olur. Bizim koalisiyada sadəcə partiyalar təmsil olunmur, aramızda çoxlu təşkilatlar da var. Ona görə də qərara aldıq ki, aksiyada sadəcə qurum rəhbərləri iştirak etsinlər.
- Piket keçirməkdə əsas məqsədiniz nədir?
- Piketin məqsədi ölkədə mövcud olan ümumi vəziyyətlə, insanların ağır sosial durumu ilə, qiymətlərin durmadan artması ilə bağlı idi. Gecə yatırsan, səhər durub görürsən ki, qiymətlər iki-üç dəfə artıb. Ərzaqlarda müşahidə olunan kəskin qiymət artımının şoku bitməmiş ardınca suyun qiymətini qaldırdılar.
- Koalisiyanın gündəmində müzakirəsi mühüm olan hansı məsələlər var? Məsələn, bir ucu Azərbaycana toxunan Almaniya parlamentinin uydurma soyqırım qərarı ilə bağlı müzakirələr, bəyanatlar olacaqmı?
- Sizin vurğuladığınız məsələ başda olmaqla digər bir çox proseslərlə bağlı müzakirələr aparmışıq və öz mövqeyimizi bildirmişik. Bu istiqamətdə fəaliyyətimiz davam etməkdədir. Biz heç kimin dilə gətirmədiklərini, əslində demək istəyib deyə bilmədiklərini söyləyirik. Fərqimiz budur. Onu da diqqətə çatdırım ki, "Azadlıq” - Siyasi Partiyalarla Əməkdaşlıq Mərkəzi çərçivəsində də fəaliyyətimizi davam etdiririk. Xüsusən, KXCP olaraq ciddi işlər görürük.
İsmayıl