“Qurultayda 350-yə yaxın insanın iştirakı gözlənilir”

Tural Abbaslı: “Böyük zal verməsələr, VHP-dən, ya da ADP-dən yer üçün xahiş edəcəyik”



Bakı Şəhər İcra Hakimiyyəti Vahid Azərbaycan Partiyasının (VAP) qurultayla bağlı müraciətinə cavab verib. Amma BŞİH tərəfindən ayrılan yer partiya funksionerlərinin ürəyincə olmayıb. Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Tural Abbaslının sözlərinə görə, qurultay zamanı məkan seçimi texniki imkanlarının normal olması və şəhərin mərkəzinə yaxın olması baxımından önəmlidir:

"Qurultay elə bir məkanda keçirilməlidir ki, iştirakçılar və dəvətlilər asanlıqla qurultaya qatıla bilsinlər. Bakı Şəhər İcra Hakimiyyətinin VAP-a qurultay üçün məsləhət gördüyü Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin isə hər iki baxımdan imkanları məhduddur. Həm zalın vəziyyəti, həm də məkan baxımından əlverişli deyil. Sözügedən mədəniyyət klubu Əmircan qəsəbəsində yerləşir və şəhərdən də bir xeyli uzaqdır. İndiki siyasi passivlik dönəmində hansısa bir siyasi partiyanın qurultayının bu cür uzaq bir yerdə keçirilməsini məqsədəuyğun saymırıq. Adətən bu amil iştirakçıların sayına ciddi mənada təsir edir. Biz bütün bu maneələri aradan qaldırmaq üçün BŞİH-nə ünvanlanan müraciətimizdə qurultayın keçirilməsi üçün "Bakı” kinoteatrı və ya Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının ayrılmasını istəmişdik. Səttar Bəhlulzadə Adına Mədəniyyət Evinin heç adını qeyd də etməmişdik. Amma onlar bizə həmin ünvanı məsləhət görüblər”.

Partiyanın qurultayının təxirə salınmaması üçün işlər görüldüyünü vurğulayan T.Abbaslı deyib ki, VAP-ın qurultayının keçirilməsi üçün Bakıda yerləşən özəl konfrans zalları ilə danışıqlar aparılır: "Elə bir yer istəyirik ki, ünvan baxımından hamı üçün əlçatan olsun. Artıq insanlardan xüsusi fədakarlıq gözləmək zamanı deyil”.

Qurultayın hansısa bir siyasi partiyanın qərargahında keçirilmə ehtimalına gəldikdə isə Komitə sədri deyib ki, ən sonuncu variant kimi bu məsələ diqqətlərindədir: "Azərbaycan Demokratik Partiyasının (ADP) və Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında qurultay zalı var. Amma həmin zallar da bizim dəvətliləri tutacaq qədər böyük deyil. O zalların hər biri 200 adamlıqdır. Bizim qurultayda isə dəvətlilərlə bir yerdə 350-yə yaxın insanın iştirakı gözlənilir. Həm də ki, partiyaların texniki göstəriciləri də bir o qədər əlverişli deyil. Amma vəziyyət elədir ki, Azərbaycanda müxalifət, partiya adı gələndə insanları xof basır. Heç bir sahibkar öz obyektlərində siyasi partiyalar üçün yer ayırmırlar. Əgər bizə qarşı da belə olsa, qurultay keçirmək üçün ADP və VHP-nin birindən öz qərargahlarında bizə bir günlük yer ayırmalarını xahiş edəcəyik”.

Şəymən