“Budəfəki daha üstün və nüfuzlu Komissiya olacaq. Görülən işlərin müsbət nəticəsinin olacağını düşünürəm”
“Radiolarda, televiziyalarda vəziyyət dözülməzdir” - Müsahibə
Sabir Rüstəmxanlı: “Dövlət Dil Komissiyasına şəxsən Prezidentin sədrlik etməsi görüləcək işlərin əhəmiyyətindən xəbər verir”
“Budəfəki daha üstün və nüfuzlu Komissiya olacaq. Görülən işlərin müsbət nəticəsinin olacağını düşünürəm”
“Budəfəki daha üstün və nüfuzlu Komissiya olacaq. Görülən işlərin müsbət nəticəsinin olacağını düşünürəm”
Prezident İlham Əliyev Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, milyonlarla azərbaycanlının ünsiyyət vasitəsi olan dilimiz xalqın misilsiz mənəvi sərvəti, milli varlığımızın və dövlət müstəqilliyimizin başlıca rəmzidir: "Dilimiz öz kamilliyi və zənginliyinə görə dünya dilləri içərisində layiqli yerini qoruyub saxlayır.
Bu baxımdan Azərbaycan dilinin qorunması və işləkliyinin təmin edilməsi müstəqil dövlət quruculuğunun prioritet prinsipləri sırasındadır. Ötən illər ərzində Azərbaycan dilinin rəsmi statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanunlar qəbul edilib, fərman və sərəncamlar verilib”. Sənəddə həmçinin, vurğulanıb ki, qloballaşma proseslərinin geniş vüsət aldığı, maneəsiz informasiya mübadiləsinin artdığı müasir dövrdə ana dilinin istifadəsində bəzi çətinliklər meydana çıxır: "Mövcud şərait dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir”.
Sərəncama əsasən, Dövlət Dil Komissiyasının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Birinci vitse-prezident Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, AMEA-nın prezidenti Akif Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev isə Komissiya sədrinin müavinləri təyin olunublar. Əksər üzvlər Komissiyaya yenidən seçilsələr də, kənarda qalanlar da olub. Komissiyaya üzv seçilənlər arasında sabiq millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı da var. Bu barədə "Şərq”ə danışan Sabir Rüstəmxanlı bundan əvvəl təşkil olunan Komissiyanın da üzvü olduğunu, hətta 1980-ci illərdə dillə bağlı olan qurumlara üzv seçildiyini deyib.
- Sabir bəy, Komissiyanın yeni tərkibində sizinlə yanaşı, görkəmli alimlər, dilçilər və nüfuzlu ziyalılar da yer alıb. Ona görə də əksəriyyət şübhə etmir ki, budəfəki Komissiya çox mühüm işlərə imza atacaq. Bu barədə düşüncələriniz nədir?
- Dil Komissiyasının bu tərkibdə təşkili, heyətin dəyişməsi Prezidentin əvvəlki siyasətini davam etdirməsinin göstəricisidir. Komissiyaya şəxsən dövlət başçısı İlham Əliyevin sədrlik etməsi, ələlxüsus Birinci Vitse-prezidentin sədr müavini olması Komissiyanın statusunun yüksəldilməsi anlamına gəlir. Hesab edirəm ki, bu addım Azərbaycan dilinə olan qayğının, onun qorunması yolunda həyata keçirilən dövlət siyasətinin ən gözəl nümunəsidir. Bilirsiz ki, əvvəlki Dil Komissiyası 2001-ci ildə mərhum prezident Heydər Əliyevin sərəncamı əsasında yaradılmışdı. Səhv etmirəmsə, elə Komissiyanın da sədri Heydər Əliyev idi. Daha sonra isə Komissiyaya Baş nazir Artur Rəsizadə sədrlik etdi. İndi sədrlik missiyasının yenidən ölkə rəhbərinə keçməsi gələcəkdə görüləcək işlərin əhəmiyyətindən və faydalılığından xəbər verir.
- Siz əvvəlki Dil Komissiyasının tərkibində də təmsil olunmusunuz. Ötən müddət ərzində dilimizin qorunması ilə bağlı görülən işləri qənaətbəxş hesab edirsizmi?
- Dilin qorunması ilə bağlı indiyə kimi bir neçə sərəncamlar verilib. Ana dilinin mühafizəsi və düzgün işlənməsi ilə bağlı planlar, sənədlər hazırlanıb. Həmin prosesdə mən də iştirak etmişəm. Bugünədək o planların həyata keçirilməsi istiqamətində müəyyən işlər görülüb. Amma belə görünür ki, bunlar yetərli deyil. Dövlət rəhbərliyi dilin qorunmasının mühüm məsələ olduğunu nəzərə alaraq, Komissiyanın yeni tərkibinin müəyyən edilməsini məsləhət bilib. Fikrimcə, budəfəki daha üstün və nüfuzlu Komissiya olacaq. Görülən işlərin müsbət nəticəsinin olacağını düşünürəm. Bir müddət əvvəl Beynəlxalq Mətbuat Mərkəzində Prezidentin köməkçisi Əli Həsənovun başçılığı ilə geniş tədbir keçirildi və və orada bir çox məsələlər müzakirə edildi. Fikrimcə, həmin müzakirələrin nəticəsidir ki, dilimizi yeni inkişaf səviyyəsinə qaldırmaq üçün müəyyən tədbirlər düşünülüb. Komissiyanın yaradılması da məhz həmin işin tərkib hissəsidir.
- Tədbirlər planı 3 ay ərzində hazırlanıb Prezidentə təqdim edilməlidir. Sizcə, üç aylıq müddət təkliflərin hazırlanmasına kifayət edəcəkmi?
- Məncə, çatdırmaq mümkündür. Burada elə çətin məsələ yoxdur. Ən əsası odur ki, ortada müəyyən təcrübə var. Uzun zamandır görülməsi zəruri olan məsələlər mediada vurğulanıb, geniş müzakirələr aparılıb. Sadəcə, həmin təklifləri konkretləşdirib ölkə rəhbərinə təqdim etmək lazımdır. Görüləsi işlər çoxdur.
- Dil qüsurları zamanı ən çox gündəmə gətirilən sahə KİV-lər, xüsusən televiziya və radiolardır. Sizcə, problem sadəcə media orqanlarındadır, yoxsa digər sahələrdə də durum yaxşı deyil?
- Səhərlər maşınla gedəndə radioya qulaq asıram. Televiziyalara da baxırıq. İnanın, efir və radiolarda vəziyyət çox bərbaddır. Diktorların, eləcə də hər hansı veriliş aparıcılarının danışığı dözülməzdir. Şübhəsiz ki, problem sadəcə televiziya və radiolarla bağlı deyil. Dərsliklərimizin dilində də ciddi qüsurlar var. Həmçinin, reklam sahəsində, o cümlədən, qanunlarımızın dilində vəziyyət ürəkaçan deyil. Milli Məclisin komitə iclaslarında aparılan müzakirələr zamanı qanunlarda ciddi dil qüsurlarının olduğu bəlli olur. Bu, önəmli məsələdir. Çünki qanunlardakı səhvlər zamanla mətbuata, kitablara və ədəbiyyata sirayət edir. Beləcə neqativ hallar yayılır.
- Azərbaycan dili ilə bağlı problemlər nə vaxtsa bitəcək, narahatlıq başa çatacaqmı?
- Bilirsiz, dil elə şeydir ki, onunla bağlı prosesi yekunlaşdırmaq mümkünsüzdür. Dil canlı orqanizm kimi daim inkişafda olacaq, zənginləşəcək, genişlənəcək. Ona görə də bu prosesə müvafiq dövlət qurumları tərəfindən mütəmadi nəzarət olunmalıdır. Prosesi başlı-başına buraxmaq olmaz. Dilin öz qanunları var və onlarla ayaqlaşmaq lazımdır. Əlbəttə, sovet dönəmindəki kimi dövlət dilinin sıxışdırılması, onun məclislərdən uzaqlaşdırılması kimi problemlərimiz yoxdur. Amma bununla bərabər müəyyən təşkilatların və qurumların dillə bağlı yaratdığı bəzi problemlər var ki, onlar daimi olaraq nəzarət altında saxlanmalıdır. Bunun üçün də bizim dillə bağlı qanunumuz var. Düşünürəm ki, bu qanunun işlək halda olması bəzi problemlərin həllində öz təsdiqini tapacaq.
- Hər dəfə dilimizə yeni sözlərin girməsi, hansısa sözün qarşılığının tapılması mediada ciddi müzakirələrə səbəb olur. Bu, normal haldırmı?
- Yeni sözlərin dilimizə qəbul edilib-edilməməsi birbaşa Terminologiya Komitəsinin işidir. İndiki dövrdə Komitə öz işini ciddi qurmalıdır. Reallıq odur ki, əcnəbi sözlərin alınması daim müzakirə olunacaq məsələdir. Həmin proses zamanı tənqidlər gündəmə gələcək, etirazlar olacaq, hansısa söz qəbul edilərkən, digəri bəyənilməyəcək. Ortaya müxtəlif rəylərin çıxmasını normal qəbul etməliyik.
İsmayıl